Ekspert: “Bu hərəkət İrana olan inamsızlığı daha da artırır”
İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayinin baş nazirin müavini Şahin Mustafayevlə görüş zamanı əl sıxması Azərbaycanda narazılığa səbəb olub.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, Rezayinin Mustafayevin barmaq uclarını sıxması məsafə saxlamaq, soyuqluğunu nümayiş etdirmək və ya özünü, eləcə də təmsil etdiyi ölkəni qarşı tərəfdən üstün göstərmək kimi yozula bilər.
Asif Nərimanlının sözlərinə görə, belə yüksək səviyyəli görüşlərdə diplomatik etiketə xüsusi həssaslıq göstərilir. Bu baxımdan, hərəkətin bilərəkdən edilmədiyini düşünmək mümkün olsa da, jestin məhz Möhsün Rezayi tərəfindən edilməsi onun Azərbaycana qarşı qəsdli münasibət kimi qəbul olunmasına zəmin yaradır.
Siyasi təhlilçi qeyd edib ki, SEPAH-ın keçmiş komandanı olmuş Rezayi İranda sərt xətt tərəfdarı kimi tanınır və onun Azərbaycana münasibəti SEPAH-da müşahidə olunan qeyri-adekvat yanaşmalar kontekstində qiymətləndirilə bilər.
Asif Nərimanlı vurğulayıb ki, Rezayinin bu hərəkətinin praktiki nəticəsi yoxdur və belə jestlər yalnız Azərbaycan cəmiyyətində İrana qarşı mövcud inamsızlığı daha da artırır.
Əli Fərhad










