media-d3c8456febc535f0ec8ec1caeb384c7d

Gürcüstan Patriarxlığının Azərbaycanın Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı son bəyanatı ətrafında yaranan müzakirələr regionda diqqət mərkəzindədir.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, məsələyə yalnız tarixi-mədəni irs kontekstində deyil, daha geniş siyasi və geosiyasi çərçivədə də yanaşmaq lazımdır.

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatdan sonra verdiyi reaksiya mövzunun təkcə dini abidənin tarixi mənsubiyyəti ilə bağlı olmadığını göstərir.

“Burada söhbət Azərbaycan–Gürcüstan münasibətlərində indiyədək strateji əməkdaşlığın kölgəsində qalmış tarixi, dini və toponimik məsələlərin siyasi mübahisə predmetinə çevrilməsi ehtimalından gedir. Gürcüstan Patriarxlığı rəsmi dövlət qurumu olmasa da, ölkədə milli identiklik və ictimai rəyin formalaşmasına təsir göstərən mühüm institutdur. Buna görə də onun bəyanatları ictimai-siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Q. Əlibəyli qeyd edib ki, Gürcüstanın bəzi ekspert və siyasi dairələrində hadisələrin arxasında mümkün “Rusiya izi” barədə fikirlər səsləndirilir. Onun sözlərinə görə, bu yanaşmaya əsasən, Moskva uzun müddətdir Azərbaycan və Gürcüstan arasında münasibətlərdə problem yaratmaqda maraqlıdır və Kürmük kimi həssas tarixi-dini mövzular belə məqsədlər üçün istifadə oluna bilər.

Sabiq deputat xatırladıb ki, Azərbaycandakı bəzi dini abidələrin tarixi və konfessional mənsubiyyəti ilə bağlı Gürcüstanda irəli sürülən iddialar yeni deyil. O bildirib ki, Gürcüstan Patriarxlığı əvvəlki illərdə də Azərbaycandakı bir sıra pravoslav abidələri ilə bağlı oxşar məsələlər qaldırıb.

Q. Əlibəyli bir neçə il əvvəl Keşikçidağ (David Qareci) monastır kompleksi ətrafında yaranmış mübahisəni də yada salıb. Onun sözlərinə görə, həmin dövrdə Gürcüstan Patriarxlığı kompleksdəki bəzi məbədlərin Gürcüstan ərazisində yerləşdiyini iddia edir, eyni zamanda Gürcüstan patriarxı kilsə məsələsindən istifadə etməklə iki ölkə arasında problem yaratmaq istəyən “başqa qüvvələrin” mövcudluğundan danışırdı.

“Sonradan bir sıra gürcü ekspertləri və bəzi rəsmi dairələr həmin qüvvənin Rusiya olduğunu iddia etdilər. Buna görə də ‘Rusiya izi’ versiyasını tamamilə diqqətdən kənarda qoymaq düzgün olmazdı. Xüsusilə də Cənubi Qafqazda yeni enerji və nəqliyyat arxitekturasının formalaşdığı bir dövrdə Azərbaycan–Gürcüstan tərəfdaşlığının regional qüvvələr balansına təsir edən əsas amillərdən biri olduğunu nəzərə alsaq, tarixi-dini mövzuların siyasi qarşıdurmaya çevrilməsinə kimin maraqlı olması mühüm sualdır”, – deyə o bildirib.

Q. Əlibəylinin fikrincə, Azərbaycan və Gürcüstan arasında son üç onillikdə formalaşmış münasibətlər Cənubi Qafqazın ən uğurlu əməkdaşlıq modellərindən biridir. O qeyd edib ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz layihələri iki ölkəni Avrasiya enerji və nəqliyyat sisteminin əsas tərəfdaşlarına çevirib.

“Belə şəraitdə münasibətlərin ən həssas nöqtəsi məhz tarix və dini-mədəni irs məsələləri ola bilər. Enerji və iqtisadi layihələr üzrə kompromis tapmaq mümkündür, lakin tarixi yaddaş və milli identiklik mövzuları ictimai emosiyaları daha asan hərəkətə gətirir. Əgər bu məsələlər siyasi ritorikanın predmetinə çevrilərsə, bir məbəddən başlayan mübahisə digər abidələrə, toponimlərə və tarixi məsələlərə də sirayət edə bilər”, – deyə o vurğulayıb.

Sabiq deputat hesab edir ki, regionda sabitliyin pozulması enerji və nəqliyyat layihələri ilə bağlı Qərb istiqamətli əməkdaşlıq formatlarının inkişafına mənfi təsir göstərə və bundan bəzi xarici güclər faydalanmağa çalışa bilər.

Bununla yanaşı, Q. Əlibəyli “Rusiya izi” versiyasının Gürcüstanın daxili siyasi mübarizəsində alətə çevrilməsi ehtimalını da istisna etməyib.

“Bu versiya Azərbaycanla münasibətlərdə daha sərt mövqe tutan qüvvələrin məsuliyyətini arxa plana keçirməyə də xidmət edə bilər. Yəni problem daxildə yaranmayıb, kənardan təşviq olunur kimi təqdim edilə bilər. Hər iki yanaşmanın eyni vaxtda mövcud olması da nəzəri baxımdan mümkündür”, – deyə o qeyd edib.

Q. Əlibəyli Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan və Gürcüstan hökumətləri arasında heç bir gərginliyin olmadığı barədə açıqlamasını da müsbət qiymətləndirib.

Onun sözlərinə görə, bu bəyanat rəsmi Tiflisin Patriarxlığın mövqeyi ilə Gürcüstan dövlətinin Azərbaycan siyasətinin eyniləşdirilməsində maraqlı olmadığını göstərir.

“Hazırkı mərhələdə ən düzgün yanaşma tarixi və dini mövzuların dövlətlərarası siyasi mübahisəyə çevrilməsinin qarşısını almaqdır. Tarixi irs ətrafında elmi və ya dini xarakter daşıyan müzakirələrin siyasi böhran səviyyəsinə yüksəlməsi təkcə Azərbaycan və Gürcüstan münasibətlərinə deyil, bütövlükdə regional sabitlik və təhlükəsizliyə zərər vura bilər”, – deyə sabiq deputat əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər