media-1775812111_telefon-qadaga

Hollandiya hökuməti uşaqların internet, sosial media və rəqəmsal oyunlarda qarşılaşdığı riskləri azaltmaq məqsədilə təxminən 40 maddədən ibarət plan açıqlayıb.

ERAmedia xəbər verir ki, bir sıra nazirliklərin iştirakı ilə hazırlanan “Onlayn Uşaq Hüquqları Planı”na əsasən, 1 yanvar 2027-ci ildən etibarən ibtidai və orta təhsil müəssisələrində mobil telefonlardan istifadə tamamilə qadağan ediləcək.

Hollandiyada 2024-cü ildən etibarən məktəblərdə mobil telefonlardan yalnız tənəffüs zamanı və məktəbin həyətində istifadəyə icazə verilirdi. Hökumət təhsil sektoru nümayəndələri ilə müzakirələr apararaq yeni ildən etibarən tənəffüslərdə, məktəbin ümumi ərazilərində və həyətdə də telefon istifadəsinin tamamilə qadağan edilməsini təmin edəcək.

Qaydalar xüsusilə uşaqlarını məzmun istehsalında istifadə edən “vlog ailələri” və “kidfluencer” adlandırılan uşaq sosial media fenomenlərinə qarşı sanksiyaları da nəzərdə tutur.

15 yaşdan aşağı uşaqların yer aldığı onlayn məzmunlar uşaq əməyinin istismarı çərçivəsində qiymətləndiriləcək. Bu çərçivədə qaydalara zidd məzmun hazırlanmasına uşaqları cəlb edən valideynlər və ya digər şəxslər cərimə oluna biləcəklər. Hollandiyada uşaq əməyinə qarşı sərt qaydalar mövcuddur. Hökumət onlayn məzmun istehsalının da bu qaydalar çərçivəsində qiymətləndirilməsini istəyir.

Hollandiya hökuməti həmçinin uşaqların sosial media istifadəsinin məhdudlaşdırılmasını təklif edir. Avropa İttifaqının (Aİ) icraedici orqanı olan Avropa Komissiyası qısa müddət əvvəl sosial media platformaları üçün 13 yaş həddinin tətbiqini təklif edib. Hollandiya hökuməti isə bu yaş həddinin 15 yaş olmasını istəyir. Lakin bu tənzimləmənin həyata keçirilməsi daha uzun proses tələb edəcək.

Hökumət bununla yanaşı, internetdə uşağın yaşını etibarlı şəkildə təsdiqləyə bilən, lakin şəxsi məlumatları və məxfiliyi qoruyan sistemin hazırlanmasını istəyir. Planın digər istiqamətini isə rəqəmsal platformaların dizaynı təşkil edir.

Hollandiya hökuməti Avropa miqyasında rəqəmsal xidmətlərdə asılılıq yaradan texnikaların, xüsusilə istifadəçiləri platformalarda daha uzun müddət saxlamağa yönəlmiş alqoritmlərin məhdudlaşdırılmasını və ya qadağan edilməsini təklif edir. Hökumətin fikrincə, avtomatik yayımlanan videolar və fərdiləşdirilmiş alqoritmlər səbəbindən uşaqlar ekran qarşısında daha uzun müddət qala bilirlər.

Uşaqlar və gənclər arasında gündə 5-6 saat ekran qarşısında qalmağın artıq qeyri-adi olmadığı bildirilir. Mütəxəssislər isə həddindən artıq ekran istifadəsinin yuxu problemləri, miopiya və depressiya kimi fəsadlara səbəb ola biləcəyi barədə uzun müddətdir xəbərdarlıq edirlər.

Hökumət həmçinin uşaqların və gənclərin asanlıqla borclanmasına səbəb ola biləcək “İndi al, sonra ödə” xidmətləri ilə bağlı daha sərt qaydalar üzərində işləyir. “Klarna” kimi xidmətlərin istifadəsinin məhdudlaşdırılması və uşaqların bu cür maliyyə xidmətlərindən qorunması planlaşdırılır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər