Yəməndə dəhşətli görüntülər: Zirehli maşınlarla insanların üzərindən keçdilər
Yəmən müharibəsi zamanı lentə alınan və sosial şəbəkələrdə yayılan görüntülər ciddi müzakirələrə səbəb olub.
ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi Ədən hökuməti qüvvələrinin Qırmızı dəniz sahilində zirehli maşınlarla yüngül silahlı və ya silahsız Husi Ənsarullah döyüşçülərinin üzərindən keçməsi qəbuledilməzdir.
Kənan Rövşənoğlunun sözlərinə görə, bu cür davranış nə müharibə qaydalarına, nə də müsəlman əxlaqına uyğundur.
“Videoda avtomobildə olan şəxslər gülür və bundan əyləncə kimi zövq alırdı. Bu görüntülər mənə 10-12 il əvvəl İraqı xatırlatdı. İŞİD Bağdad yolunda döyüşdə öldürülmüş İraq əsgərlərinin cəsədlərini asfalta düzərək üzərindən zirehli maşın sürürdü”, – deyə jurnalist qeyd edib.
Kənan Rövşənoğlu hesab edir ki, düşmənin cəsədinə qarşı bu cür rəftarın arxasında rəqibdə qorxu və dəhşət yaratmaq, eləcə də öldürülmüş düşmənin cəsədini təhqir etməklə qisas almaq düşüncəsi dayanır.
“Eyni hərəkət, bədəvi zehniyyəti. Düşməndə qorxu və dəhşət yaratmaq, rəqibin cəsədini təhqir etməklə qisas almaq. Bunlar İslam deyil, sırf vəhşi bədəvi ənənələridir”, – deyə Kənan Rövşənoğlu vurğulayıb.
Jurnalistin fikrincə, hətta İslamdan əvvəlki ərəb cəmiyyətlərində də düşmənə müəyyən hörmət göstərilməsi, məğlub olmuş və ya öldürülmüş rəqibin cəsədinə ehtiramla yanaşılması ənənələri mövcud olub.
Kənan Rövşənoğlu belə qəddar hərəkətlərin müharibənin taleyini həll etmədiyini də bildirib.
“Belə qəddar hərəkətlər döyüşün taleyini həll etmir. Cəbhədə kim nizamlı, əzmkardırsa, o qalib gəlir”, – deyə o əlavə edib.
Vural









