Bülbülü ölümdən xilas edən səs: Gəncə üsyanının bilinməyən TARİXÇƏSİ
Bülbül – Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci ildə Şuşada anadan olub. 1914-cü ildə Gəncəyə köçən Bülbülün həyatında bu şəhərin xüsusi rolu olub.
O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk” operasında çıxış edib. Murtuza Məmmədov “Bülbül” adını da məhz Gəncədə qazanıb. Bu adı ona Cavad xanın nəvəsi Şirinbəyim xanım Ziyadxanlı verib.
1920-ci ildə 28 May – Respublika Günü Gəncədə böyük coşqu ilə qeyd olunarkən Bülbül də tədbirdə iştirak edib. Belində silah, əlində Azərbaycan bayrağı ilə himn ifa edib. Qeyd edək ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə də Bülbül onları “Azərbaycan marşı” və milli mahnılarla qarşılayan şəxslərdən biri olub.
Bolşeviklərin Gəncəni bombalaması nəticəsində 10 mindən çox sakin həyatını itirib. Üsyanın yatırılmasından sonra başlayan həbslər zamanı Bülbül də saxlanılıb və işgəncələrə məruz qalıb. Deyilənə görə, qaçaq Sarı Ələkbər onun həbs olunduğunu eşidəndə şəhərə gizli xəbər göndərib:
“Əgər Murtuzanın başına bir tük belə toxunsa, Gəncədəki bütün bolşevik komissarlarını bir-bir asacağam”.
Gəncəlilərdən ibarət gizli bir dəstə böyük çətinliklə pul toplayaraq həbsxana əməkdaşlarına verib və Bülbülü, eləcə də bir neçə nəfəri azad etdirərək şəhərdən çıxara bilib.
Bu hadisə ilə bağlı başqa bir rəvayət də var. Deyilənə görə, Bülbülü edam etməzdən əvvəl ondan son arzusunu soruşurlar. O isə son dəfə oxumaq istədiyini bildirir və “Şikəsteyi-fars” muğamını ifa edir. Onu dinləyən bolşeviklər arasında olan azərbaycanlılar rus komandirə müraciət edərək deyirlər:
“Biz erməni deyilik ki, belə gözəl səsi susduraq. Bu günahın altına girə bilmərik”.
Rus komandiri də ətrafda toplaşan insanların Bülbülün səsinə heyranlıqla qulaq asdığını görüb:
“Belə səsi olan adamı öldürmək günahdır”, – deyərək onun azad edilməsinə göstəriş verir.
Bülbül sonralar Gəncəyə hər səfərində deyirmiş:
“Mən bu şəhərə və bu insanlara borcluyam. Onlar mənim səsimi məndən daha çox sevdilər və qorudular”.
Azadlığa çıxdıqdan sonra Bülbül Şuşaya qayıdır. 1921-ci ildə Bakı Konservatoriyasında təhsil almağa qərar verir. Bununla kifayətlənməyən sənətkar 1924-cü ildə İtaliyaya gedərək məşhur “La Skala” teatrında təcrübə keçir. İtalyan musiqiçiləri onun səsini eşidəndən sonra Bülbülü “Şərqin Karuzosu” adlandırırlar.
Vətənə qayıtdıqdan sonra o, 1925-ci ildə yenidən konservatoriyada, Üzeyir Hacıbəyovun sinfində təhsilini davam etdirir.
İkinci Dünya müharibəsi zamanı Bülbülün adı könüllü olaraq cəbhəyə yollananların siyahısında olub. 1942-ci ilin noyabrında o, 370-ci ehtiyat atıcı alayının şəxsi heyətinə daxil edilib. Lakin siyahıda adı 57-ci nömrə ilə qeyd olunan 1897-ci il təvəllüdlü Məmmədov Murtuza barədə “Maddə 32-25-ə əsasən geri qaytarılsın” qeydi yazılıb və o, müharibəyə göndərilməyib.
Bülbül həmin illərdə cəbhə bölgələrində və hospitallarda dəfələrlə konsert proqramları ilə çıxış edib. Şahidlərin dediyinə görə, o, mikrofonsuz, yalnız təbii səsi ilə elə oxuyurdu ki, səsi alman səngərlərinə qədər çatırdı. Hətta bəzi rəvayətlərə görə, Bülbül oxuyarkən bir neçə dəqiqəlik atəş səsləri belə kəsilirdi.
Zaur Əliyev










