media-1617799602_ley6

Cəmiyyətdə tez-tez müzakirə olunan dini mövzulardan biri də vəfat etmiş insanlar üçün Quran oxunması və onun savabının onlara bağışlanması məsələsidir. Bu mövzu İslam alimləri arasında müxtəlif yanaşmalarla izah olunsa da, ümumi nəticədə geniş bir icazə və təşviq çərçivəsində dəyərləndirilir.

Məsələ ilə bağlı dini mövzular üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli ERAmedia-ya açıqlamasında İslam məzhəblərinin və klassik alimlərin fikirlərini bir araya gətirib.

Dini mövzular üzrə araşdırmaçı jurnalist Rəsul Mirhəşimli bildirir ki, İslamda vəfat etmiş insanlar üçün Quran oxumaq və savabını onlara bağışlamaq məsələsi əsasən icazəli (caiz) və savablı əməl kimi qəbul edilir.

Onun sözlərinə görə, xüsusilə Cəfəri məzhəbində bu əməl müstəhəb sayılır. Bu yanaşmaya əsasən, insan etdiyi xeyir əməlin savabını dünyasını dəyişmiş yaxınlarına hədiyyə edə bilər. Cəfəri fiqhində bu fikir həm Qurani-Kərimdəki dua ayələri, həm də rəvayət edilən hədislərlə əsaslandırılır.

Mövzu ilə bağlı ən çox istinad edilən ayələrdən biri “Həşr” surəsinin 10-cu ayəsidir:

“Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla…”

Alimlər bu ayəni vəfat etmiş möminlər üçün dua etməyin və onlara xeyir diləməyin mümkünlüyünə dəlil kimi göstərirlər. Bu əsasla Quran oxuyub savab bağışlamağın da eyni kateqoriyaya aid olduğu bildirilir.

Digər tərəfdən, “Nəcm” surəsinin 39-cu ayəsi belədir:

“İnsan üçün yalnız öz çalışdığı vardır”.

Bu ayə bəzi alimlər tərəfindən insanın yalnız öz əməlinin nəticəsini alması kimi izah edilsə də, əksər İslam alimləri bunun mütləq qayda olmadığını, Allahın istədiyi halda başqasının duası və xeyir əməlini də qəbul edə biləcəyini qeyd edirlər.

Rəsul Mirhəşimli qeyd edir ki, müxtəlif İslam məktəbləri bu məsələdə ümumilikdə müsbət mövqe sərgiləyiblər:

Hənəfi məzhəbi qəbiristanlıqda Quran oxumağı və savabını ölülərə bağışlamağı caiz və faydalı hesab edir. Xüsusilə “Yasin” surəsinin oxunması tövsiyə olunur.

Hənbəli məzhəbinin imamı Əhməd ibn Hənbəl və onun davamçıları Quran savabının ölülərə çatdığını qəbul ediblər.

Şafii məzhəbindən olan imam Nəvəvinin qeyd etdiyi kimi, bəzi erkən alimlər ehtiyatlı yanaşsa da, sonrakı alimlərin əksəriyyəti bu əməli qəbul edib.

Cəfəri məzhəbinə görə, ölülər üçün Quran oxumaq və savab bağışlamaq açıq şəkildə müstəhəb əməl sayılır.

Araşdırmada qeyd olunur ki, İbn Teymiyyə də dua, sədəqə və Quran oxunması kimi əməllərin savabının ölülərə çata biləcəyini bildirib. Bu fikir klassik İslam düşüncəsində geniş yayılmış yanaşmalarla üst-üstə düşür.

Mövzu ilə bağlı ümumi elmi-dini nəticə ondan ibarətdir ki, İslam alimlərinin böyük əksəriyyəti Quran oxunmasının və onun savabının vəfat etmiş insanlara çatmasını mümkün və icazəli hesab edir. Bu yanaşma həm Quran ayələri, həm də Peyğəmbər (s) hədisləri ilə əsaslandırılır.

Hədislərdə qeyd olunur ki, insan dünyasını dəyişdikdən sonra əməl dəftəri bağlansa da, sədəqə, faydalı elm və ona edilən duaların savabı davam edir.

Mövzu ətrafında tez-tez gündəmə gələn suallardan biri də qəbiristanlıqda edilən oxunuşların ölülər tərəfindən eşidilib-eşidilməməsidir. Bu barədə müxtəlif dini izahlar mövcuddur və Rəsul Mirhəşimli bu mövzunun da İslam düşüncəsində fərqli şərhlərlə qarşılandığını bildirir.

“Ölü sandıqlarınızın cismi, şəkli, idrakı və nəfəsi olanların bir çoxundan daha yaxşı eşitdiklərinə də heç şübhəniz olmasın”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Vural


media-adspc

Bənzər xəbərlər