media-fca723bda07c4b4295935c7ad7df3d0129120252828865

Son dövrlərdə Azərbaycan-Ermənistan münasibətlərində ciddi müsbət dəyişikliklərin müşahidə olunduğu, əvvəlki mərhələlərlə müqayisədə münasibətlərin daha çox siyasi və diplomatik müstəviyə keçdiyi aydın görünür. Bununla belə, bəzi Qərbi Avropa dövlətlərinin bu proseslə bağlı narahatlıq nümayiş etdirdiyi də diqqətdən yayınmır. Bunun səbəbi, uzun illər ərzində “regionda sülhün və əmin-amanlığın bərqərar olunması” ilə bağlı bəyanatlar səsləndirən həmin dairələrin nəticəsiz fəaliyyətinə baxmayaraq, bölgədə yeni reallıqları və sülh gündəliyini məhz Azərbaycanın özünün formalaşdırmasıdır.

ERAmedia xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

O qeyd edib ki, Cənubi Qafqazın uzun illər böyük dövlətlərin rəqabət platformasına çevrildiyi və bu səbəbdən münaqişələrin dondurulduğu, etimadsızlığın dərinləşdiyi artıq sirr deyil. Böyük güclərin geosiyasi rəqabət meydanına çevrilən region ölkələrinin təhlükəsizlik, iqtisadi inkişaf və əməkdaşlıq perspektivləri çox zaman xarici aktorların maraqları fonunda dəyərləndirilib. Lakin son illərdə Cənubi Qafqazda baş verən siyasi və hərbi proseslər regionun geosiyasi arxitekturasını ciddi şəkildə dəyişib. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıq göstərib ki, artıq bölgədə təhlükəsizlik və siyasi nizam əvvəlki kimi xarici güclərin diktəsi ilə formalaşdırıla bilməz. Mövcud vəziyyət regional məsuliyyət, birbaşa dialoq və qarşılıqlı maraqlar əsasında yeni əməkdaşlıq modelinin zəruriliyini ortaya qoyub. Yəni bölgənin gələcəyi artıq kənardan diktə olunan ssenarilər üzərində deyil, regional məsuliyyət və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurulmalıdır. Davamlı sülh yalnız region dövlətlərinin suveren iradəsinə hörmət şəraitində mümkündür. Xarici güclərin birtərəfli yanaşmaları isə etimad mühitini zəiflədir, dialoq imkanlarını məhdudlaşdırır və yeni gərginlik riskləri yaradır.

“Bu kontekstdə bəzi Avropa dövlətlərinin, xüsusilə Fransanın Ermənistanla bağlı sərgilədiyi açıq tərəfkeş mövqe xüsusilə diqqət çəkir. Fransa özünü vasitəçi və ya balanslaşdırıcı tərəf kimi təqdim etməyə çalışsa da, atdığı addımlar bir çox hallarda regionda neytral diplomatiya anlayışına uyğun gəlmir. Əslində Fransa uzun müddət ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi neytral vasitəçi statusu daşısa da, rəsmi Parisin birtərəfli bəyanatları və anti-Azərbaycan ritorikası onun artıq obyektiv vasitəçi kimi qəbul edilməsini çətinləşdirib. Bu vəziyyət yalnız Azərbaycanda deyil, regionun siyasi ekspert dairələrində də geniş müzakirə olunub və qəbul edilməz hesab edilib. Son illər Fransanın beynəlxalq münasibətlər sistemində və xarici siyasətində üzləşdiyi ardıcıl uğursuzluqlar onun Cənubi Qafqaz siyasətindəki ikili yanaşmasını daha açıq şəkildə ortaya qoyub. Fransa artıq neytral vasitəçi görüntüsündən uzaqlaşaraq, açıq şəkildə tərəf kimi çıxış edir. Bu ölkə Ermənistanın silahlandırılmasını dəstəkləyir, anti-Azərbaycan ritorikasını təşviq edir. Bəzi siyasi dairələrin emosional və qərəzli yanaşmaları isə bölgədə sülh gündəliyinə xidmət etmək əvəzinə, qarşıdurma mühitini daha da dərinləşdirir. Bu istiqamətdə atılan zərərli addımlar sırasında Fransa Senatında və Avropa Parlamentində qəbul edilən bəzi qərəzli qətnamələri də xüsusilə qeyd etmək olar”, – deyə Ə.Abbasbəyli vurğulayıb.

Siyasi şərhçi bildirib ki, bəzi Avropa dövlətlərinin qəribə və təəccüb doğuran bəyanatları, eləcə də atdıqları addımlar siyasi riayakarlığın təzahürüdür. Onun sözlərinə görə, Avropadakı müəyyən siyasi dairələrin Ermənistanı “müdafiə etmək” adı altında nümayiş etdirdiyi qızışdırıcı fəaliyyətlər regionda sabitliyə və davamlı sülhə xidmət etmir. Əksinə, bu cür yanaşmalar Ermənistan cəmiyyətində revanşist meyllərin güclənməsinə, sülh prosesinin zədələnməsinə və normallaşma imkanlarının zəifləməsinə səbəb ola bilər. Halbuki regionun əsas ehtiyacı yeni qarşıdurma deyil, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimad mühitinin bərpasıdır.


media-adspc

Bənzər xəbərlər