Deputat: Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Azərbaycanın xarici borcunun ÜDM-də payı 5,6 faiz təşkil edir.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, bu göstəriciyə görə Azərbaycan dünyada ən yaxşı onluqda yer alır.
Vüqar Bayramov qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı Azərbaycanın valyuta ehtiyatlarının xarici borcu 20 dəfə üstələdiyini diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, xarici borcun ÜDM-də payının aşağı olması Azərbaycan üçün regionda da mühüm üstünlük yaradır. MDB dövlətləri arasında bu göstərici Rusiyada 11 faiz, Tacikistanda 32 faiz, Belarusda 37 faiz, Özbəkistanda 49 faiz, Qazaxıstanda 50 faiz, Qırğızıstanda 51 faiz, Moldovada isə 55 faizdir. Türkiyədə isə xarici borcun ÜDM-ə nisbəti 35 faiz təşkil edir.
Vüqar Bayramov bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdə xarici borcun ÜDM-ə nisbəti daha yüksəkdir. Belə ki, xarici borcun həcmi ÜDM-i Böyük Britaniyada 2,8 dəfə, Fransada 2,6 dəfə, Belçikada 2,3 dəfə, Yunanıstanda 2,2 dəfə, İsveçrədə 2,1 dəfə, Finlandiyada 2 dəfə, İspaniyada isə 1,6 dəfə üstələyir.
Deputat vurğulayıb ki, Azərbaycanın xarici borcunun ÜDM-də payının birrəqəmli səviyyədə olması ölkənin maliyyə dayanıqlığı baxımından mühüm göstəricidir.
“Xarici borcun ÜDM-də payının aşağı səviyyədə saxlanılması siyasəti davam etdirilir. Bu siyasət Azərbaycanın müstəqil iqtisadi siyasət həyata keçirməsi, eləcə də maliyyə təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Eyni zamanda, xarici borcun aşağı səviyyədə olması ölkənin təhlükəsizlik yastığının möhkəmləndirilməsinə imkan yaradır”, – deyə Vüqar Bayramov qeyd edib.
Vüsalə









