Dubay–Təl-Əviv reysində qaçırılma həyəcanı
Dubaydan havaya qalxan və İordaniya hava məkanında əvvəlcə “7700”, daha sonra isə təyyarənin qaçırılması siqnalı olan “7500” kodunu göndərən sərnişin təyyarəsi İsraildə həyəcan yaradıb.
ERAmedia xəbər verir ki, təyyarədə 150-dən çox sərnişinin olduğu, onların arasında təxminən 100 İsrail vətəndaşının yer aldığı bildirilir.
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus “Flydubai” aviaşirkətinin Dubay–Təl-Əviv reysini həyata keçirən sərnişin təyyarəsinin havada əvvəlcə fövqəladə vəziyyət, daha sonra isə qaçırılma siqnalı verdiyi açıqlanıb.
İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, Dubaydan havaya qalxan təyyarə İordaniya hava məkanı üzərində uçarkən əvvəlcə ümumi fövqəladə vəziyyəti bildirən “7700” kodunu, qısa müddət sonra isə təyyarənin qaçırıldığını bildirən “7500” kodunu göndərib.
Siqnallardan sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin sərnişin təyyarəsinə doğru havaya qaldırıldığı bildirilib. İordaniya səmasında bir müddət dövrə vuran və içərisində təxminən 100 İsrail vətəndaşının olduğu deyilən təyyarə daha sonra Səudiyyə Ərəbistanı istiqamətinə yönəlib.
İsrail rəsmiləri təyyarənin ölkəyə enməsinə icazə verilmədiyini və həmin vaxt təyyarə ilə əlaqə saxlanılmadığını bildiriblər.
Lakin sonradan “Kanal 12” təyyarəni idarə edən iki pilot arasında dava baş verdiyini və həyəcanın bununla əlaqəli olduğunu açıqlayıb. Pilotlardan birinin dava zamanı huşunu itirdiyi və bu səbəbdən fövqəladə vəziyyət kodunun göndərildiyi bildirilib.
İsrail Baş nazirinin ofisi də hadisənin təyyarənin qaçırılması cəhdi olmadığını açıqlayıb. İsrail mətbuatının məlumatına görə, təyyarə Səudiyyə Ərəbistanına enib və orada hər hansı təhlükəsizlik insidenti qeydə alınmayıb.
Hadisə fonunda İsrail baş naziri Binyamin Netanyahu çoxsaylı İsrail vətəndaşını daşıyan təyyarənin fövqəladə vəziyyət və qaçırılma siqnalları göndərməsindən sonra yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə təcili müşavirə keçirib.
İsrail polisinin komissarı Denni Levi isə hadisə ilə bağlı müxtəlif təhlükəsizlik qurumlarının iştirakı ilə birgə komanda mərkəzinin yaradılması barədə göstəriş verib və bütün mümkün ssenarilərə hazır olduqlarını bildirib.
Vural









