media-whatsapp-image-2026-09-30-at-12-41-41

Şimali Koreya ilə Cənubi Koreya arasındakı Silahsızlaşdırılmış Zonada (DMZ) baş verən mina partlayışı iki ölkə arasında gərginliyi artırıb.

ERAmedia xəbər verir ki, Cənubi Koreya ordusunun axtarış işləri zamanı baş verən və 3 zabitin yaralanması ilə nəticələnən partlayışa görə Pxenyan rəhbərliyi məsuliyyəti qəti şəkildə rədd edib.

Yonhapın Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən yaydığı xəbərə görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı və ölkəni idarə edən Koreya Əmək Partiyasının (WPK) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Kim Yo-jonq məsələ ilə bağlı açıqlama verib.

Kim Cənubi Koreya Baş Qərargah Rəisinin (JCS) sentyabrın 21-də DMZ-də baş verən partlayışa Şimali Koreyaya məxsus piyada əleyhinə minaların səbəb ola biləcəyi barədə açıqlamasını rədd edərək, Seul rəhbərliyini “əsassız nəticələr uydurmaqda” ittiham edib.

Kim bildirib ki, Şimali Koreya ordusu iki il əvvəl ölkənin cənub sərhəd bölgələrində maneələr inşa etməyə başlayıb. Onun sözlərinə görə, bu işlər “hər hansı hərbi məqsəd daşımır və suverenlik hüququnun həyata keçirilməsi çərçivəsində həyata keçirilir”.

Şimali Koreya əsgərlərinin sərhədi keçmədiyini bildirən Kim Cənubi Koreya ordusunu sərhəd bölgəsində çalışan əsgərləri xəbərdarlıq yayımı və atəş açmaqla təhdid etməkdə günahlandırıb. O qeyd edib: “Cənubi Koreya ordusu cənub sərhədində işləri davam etdirən əsgərlərimizə xəbərdarlıq atəşi deyil, birbaşa atəş açarsa, sərhəd bölmələrimiz dərhal və amansız şəkildə cavab zərbəsi endirəcək.”

Cənubi Koreya Baş Qərargah Rəisliyi daha əvvəl yaydığı açıqlamada partlayışa görə Şimali Koreyanı üzr istəməyə və məsuliyyətli addımlar atmağa çağırıb, gələcəkdə yarana biləcək nəticələrə görə məsuliyyətin Pxenyanın üzərinə düşəcəyini bildirib.

Cənubi Koreya Prezidenti Li Çe Myonq isə partlayışla bağlı “sürətli və hərtərəfli araşdırma aparılması” barədə göstəriş verib.

Cənubi Koreya Baş Qərargah Rəisliyinin məlumatına görə, sentyabrın 21-də DMZ-də Cənubi Koreya hərbçilərinin axtarış işləri apardığı zaman partlayış baş verib.

DMZ-nin qərb hissəsində, Hərbi Demarkasiya Xəttinin (MDL) cənubunda baş verən partlayış nəticəsində 3 zabit yaralanıb.

Vural


media-adspc

Bənzər xəbərlər