media-17811725214251261368_1200x630

Son günlər sosial şəbəkələrdə Məhərrəm ayında toy mərasimlərinin keçirilib-keçirilməməsi məsələsi yenidən müzakirə mövzusuna çevrilib.

ERAmedia xəbər verir ki, dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu bunun əslində insanların dini inanclarını və adətlərini təftiş etmək cəhdi olduğunu bildirib. Onun sözlərinə görə, müxtəlif xalqların əsrlər boyu formalaşmış adət-ənənələri mövcuddur və normal cəmiyyətlərdə bu ənənələrə hörmətlə yanaşılır.

Ekspert qeyd edib ki, ABŞ-da hər il noyabr ayının sonuncu cümə axşamı qeyd olunan Şükran Günündə milyonlarla insan hinduşka bişirir, hətta prezident səviyyəsində hinduşkanın “əfv edilməsi” mərasimi keçirilir. Taylandda yeni il münasibətilə insanların bir-birinin üzərinə su tökməsi, Finlandiyada isə yeni ilin ilk gecəsində qəbiristanlıqların ziyarət olunması ənənəsi mövcuddur. Onun fikrincə, bu kimi adətlər cəmiyyət tərəfindən təbii qarşılanır və insanlar həmin ənənələrə əməl etməyə məcbur edilmirlər.

Kənan Rövşənoğlu vurğulayıb ki, İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) nəvəsi İmam Hüseynin (ə) və yaxınlarının şəhid edildiyi günlərdə matəm saxlamaq, həmin dövrdə toy etməmək də bu qəbildən olan mənəvi və dini ənənədir.

“Bu ənənə heç kimi məcbur etmir. Eyni zamanda, Həzrət Məhəmmədə (s) ehtiramın ifadəsidir və onun nə sosial, nə də ictimai baxımdan hər hansı təhlükəli nəticəsi var”, – deyə ekspert bildirib.

K.Rövşənoğlu xatırladıb ki, əvvəlki illərdə Aşura mərasimləri ilə bağlı əsas tənqidlər baş yarma və qan axıtma iddiaları üzərindən aparılırdı. Onun sözlərinə görə, Azərbaycanda belə halların geniş yayılmadığına dair çoxsaylı faktlar və izahlar təqdim edildikdən sonra bu mövzuda müzakirələr nisbətən səngiyib.

Ekspert hesab edir ki, indi isə tənqidlərin istiqaməti dəyişdirilərək Məhərrəm ayında toy etməmək ənənəsinə yönəldilib.

“Burada məsələ toy deyil. Məqsəd xalqın toxunulmaz hesab etdiyi mənəvi və dini dəyərləri sıradan çıxarmaq, onları xarici təsirlərə daha açıq vəziyyətə gətirməkdir”, – deyə o bildirib.

Kənan Rövşənoğlunun fikrincə, bəzi hallarda yerli dini-mədəni ənənələr gerilik kimi təqdim olunur, kənardan gələn adət və ənənələr isə müasirlik nümunəsi kimi göstərilir. O vurğulayıb ki, Azərbaycan cəmiyyətinin öz tarixi, dini və mənəvi dəyərləri var və bu dəyərlərə hörmətlə yanaşmaq vacibdir.

Ekspert əlavə edib ki, insanların dini inancları və adətləri şəxsi seçim məsələsidir və bu mövzuların davamlı şəkildə müzakirə obyektinə çevrilməsi cəmiyyətdə qarşıdurma yaratmaqdan başqa nəticə vermir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər