Elmin inkişafında Şərqin rolu: Tarixi faktlar və müasir baxış
Elmi-populyar mətnlərin meydana gəlməsi və elmin geniş oxucu auditoriyasına çatdırılması ənənəsinin kökləri İslam dünyasına gedib çıxır.
Bunu Milli Məclisin sabiq deputatı, təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Aristotelin “Fizika”, “Astronomiya”, “Siyasət” və “Estetika” əsərləri dövrünün savadlı yunan oxucuları üçün anlaşılan olsa da, sonrakı dövrlərdə elmi əsərlər daha mürəkkəb xarakter almağa başlayıb. Buna nümunə kimi İsaak Nyutonun “Natural fəlsəfənin riyazi başlanğıcı” əsərini göstərən ekspert qeyd edib ki, bu kitab fiziklər üçün fundamental mənbə sayılsa da, geniş oxucu kütləsi üçün çətin başa düşülürdü. Məhz buna görə Volter Nyutonun ideyalarını sadə dildə izah edərək fransız cəmiyyətinə çatdırmış və əsərin fransız dilinə tərcüməsinə dəstək vermişdi.
Etibar Əliyev vurğulayıb ki, Nobel mükafatı laureatı Stiven Vaynberq də “Birinci 3 dəqiqə” kitabını məhz geniş oxucu auditoriyası üçün formul və mürəkkəb riyazi ifadələr olmadan qələmə almış, riyazi izahları isə ayrıca əlavədə təqdim etmişdi.
Ekspert bildirib ki, Vaynberqin fikrincə, elmi-populyar üslubun formalaşması İslam elmində baş verib. Onun sözlərinə görə, astronom Əl-Biruni dini fanatizmin yaratdığı antielmi meyillərdən narahat idi və elmin populyarlaşdırılmasını çıxış yolu hesab edirdi. Həkim Ər-Razi alimlərin bəşəriyyətə daha böyük fayda verdiyini vurğulayır, İbn Sina isə “Biliklər kitabı”nda məntiqi insanın dərk olunmayan həqiqətlərə çatmasının əsas vasitəsi kimi təqdim edirdi.
Etibar Əliyev qeyd edib ki, bu elmi-fəlsəfi xətt sonrakı dövrlərdə Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən də davam etdirilib. Onun sözlərinə görə, Əbdüs Salam bütün fəaliyyətini fizikanın gözəlliyini və əhəmiyyətini müsəlman dünyasına anlatmağa həsr etmişdi.
Ekspert bildirib ki, Stiven Vaynberq “Müasir elmin mənbəyi” əsərində qədim yunan mütəfəkkirlərini yalnız filosof və ya fizik deyil, həm də şair kimi dəyərləndirməyi təklif edir. Onun fikrincə, Ksenofan, Parmenid, Empedokl, Anaksimandr, Heraklit və Demokrit kimi mütəfəkkirlərin əsərlərində poetik düşüncə elmi ideyaların ifadəsində mühüm rol oynayıb.
Etibar Əliyev hesab edir ki, elm böhran mərhələsinə daxil olduqda yeni idrak üsullarına ehtiyac yaranır. Bu mərhələdə alimlər bəzən metafora, obraz və bədii ifadələrdən istifadə etməklə mürəkkəb elmi anlayışları izah etməyə çalışırlar. O, Nils Borun “çirkli su və çirkli dəsmalla qabı təmizləmək” metaforasını xatırladaraq bildirib ki, elm bəzən tam izahı olmayan anlayışlardan istifadə etsə də, nəticədə təbiət hadisələrinin mahiyyətini anlamağa yaxınlaşır.
Onun sözlərinə görə, Nils Borun irəli sürdüyü “tamamlama prinsipi” elmdə dəqiqlik və qeyri-dəqiqliyin bir-birini tamamlayan xüsusiyyətlər olduğunu göstərərək kvant fizikasındakı böhranın aradan qaldırılmasına mühüm töhfə verib.










