Fransa mediasının yazdığı azərbaycanlı partizan kim idi?
Rəsmi məlumatlara görə, İkinci Dünya müharibəsi illərində Fransanın cənubunda fəaliyyət göstərən partizan hərəkatında min nəfərdən çox, Yuqoslaviyadakı partizan zərbə briqadalarında isə 600-dən artıq azərbaycanlı döyüşüb. Onların əksəriyyəti Fransanın Rodez şəhərində yerləşən hərbi əsir düşərgəsindən qaçaraq fransız müqavimətçilərinə qoşulan sovet əsirləri olub.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Fransada fəaliyyət göstərən 1-ci Sovet Partizan Alayında əsasən Qafqaz xalqlarının nümayəndələri xidmət ediblər. Onun sözlərinə görə, alayın tərkibində azərbaycanlılar, ermənilər, gürcülər, özbəklər, ruslar və digər millətlərin nümayəndələri yer alıblar. Bununla yanaşı, işğal olunmuş ərazilərdə və əsir düşərgələrində gizli müqavimət qrupları da fəaliyyət göstərib və azərbaycanlılar həmin qruplarda fəal iştirak ediblər.
Araşdırmaçı qeyd edib ki, həmin müqavimətçilər arasında Ağdamın Çəmənli (Gülablı) kəndində anadan olmuş, müharibədən əvvəl müəllim işləyən Mirzəli Məmmədli xüsusi yer tutur. Müharibənin başlanmasından sonra ordu sıralarına çağırılan Mirzəli Məmmədli cəbhədə ağır döyüşlərdə iştirak edib, 1941–1942-ci illərdə yaralanaraq huşsuz vəziyyətdə almanlara əsir düşüb. Bir neçə keçid düşərgəsindən sonra o, Fransanın cənubundakı Rodez hərbi əsir düşərgəsinə göndərilib.
Zaur Əliyevin sözlərinə görə, Rodez düşərgəsində yaradılmış antifaşist komitəsinin əsas təşkilatçılarından biri məhz Mirzəli Məmmədli olub. O, əsirlər arasında anti-faşist təbliğatı aparır, onların ruhdan düşməsinin qarşısını almağa çalışırdı.
“Mirzəli Məmmədli ilə bağlı mənbələrdə qeyd olunur ki, o, qaldığı otağın divarına Xarı Bülbül çiçəyinin rəsmini çəkmişdi. Dostlarına hər dəfə Qarabağa sağ-salamat qayıdacağını söyləyirdi. Bu, onun vətənə bağlılığının və gələcəyə ümidinin rəmzinə çevrilmişdi”, – deyə tarixçi bildirib.
Araşdırmaçı vurğulayıb ki, Mirzəli Məmmədli Rodez düşərgəsindəki azərbaycanlı əsirlərin təşkilatlanmasında mühüm rol oynayıb, fransız partizanları ilə gizli əlaqələrin qurulmasını, məktublaşmaları və silah daşınmasını koordinasiya edib.
Tarixçinin sözlərinə görə, 1944-cü ilin avqustunda almanların minlərlə əsiri saxladığı Rodez düşərgəsində genişmiqyaslı üsyan planı hazırlanıb. Plana əsasən, alman keşikçiləri zərərsizləşdirilməli, silah anbarları ələ keçirilməli və düşərgə daxilindən başlanacaq əməliyyat şəhər kənarında gözləyən fransız partizanları ilə birgə Rodezin azad olunmasına xidmət etməli idi. Mirzəli Məmmədli həmin planın əsas rəhbərlərindən biri sayılırdı.
Zaur Əliyev bildirib ki, düşərgədə göstərdiyi fəaliyyət həmin dövrdə Fransa mətbuatının da diqqətini cəlb edib. Belə ki, “L’Humanité” qəzetinin 4 oktyabr 1944-cü il tarixli nömrəsində Mirzəli Məmmədli və digər Qafqaz mənşəli partizanlar haqqında geniş məlumat dərc olunub.
Lakin üsyanın həyata keçirilməsinə az qalmış plan ifşa edilir. Tarixçinin sözlərinə görə, düşərgədəki sovet əsirlərindən birinin almanlara məlumat verməsindən sonra xüsusi əməliyyat keçirilir və Mirzəli Məmmədli Mirzəxan Məmmədov, Həsən Əliyev, Qurban Məmmədov, Paşa Cəfərxanlı və digər silahdaşları ilə birlikdə həbs olunur.
“Ağır işgəncələrdən sonra onlar 1944-cü il avqustun 17-də düşərgə ərazisində güllələniblər. Bununla belə, Fransa qanunvericiliyinə əsasən, düşərgələrdə gizli müqavimət qrupları yaradan, kəşfiyyat məlumatları ötürən və üsyan hazırlayan şəxslər də Müqavimət Hərəkatının iştirakçıları hesab edilir. Buna görə də Mirzəli Məmmədli və onun silahdaşlarının adları Fransa Müqavimət Abidəsində əbədiləşdirilib”, – deyə Zaur Əliyev vurğulayıb.
Vüsalə










