Gələn il qlobal neft tədarükü gündəlik 109,5 milyon barelə çatacaq
Qlobal neft tədarükünün bu il gündəlik orta hesabla 101,6 milyon barel, neft istehlakının isə sutkada 104,15 milyon barel olacağı gözlənilir.
ERAmedia xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Məlumata görə, gələn il qlobal tədarük gündəlik orta hesabla 109,5 milyon barelə, istehlak isə sutkada 105,64 milyon barelə çatacaq.
EIA neft tələbatının yüksək qiymətlərə təklifdən daha sürətli reaksiya verdiyini bildirib. Artan qiymətlərin qlobal neft istehlakını azaldacağı və bazarı yenidən tarazlığa yaxınlaşdıracağı proqnozlaşdırılır. Hasilat azalmaları və neft axınındakı fasilələr davam edərsə, tələbatın zəifləməsi daha da güclənə bilər.
Yanacaq istehlakının azaldılması tədbirləri, yanacaq çatışmazlığı və emal olunmuş neft məhsulları ixracına qoyulan məhdudiyyətlər ilə bağlı xəbər axınını nəzərə alaraq, EIA qlobal neft tələbatı üçün artım proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib. Tələbin azalmasının, xüsusən də Yaxın Şərqdən xam neftə daha çox asılı olan Asiya ölkələrində cəmləşəcəyi gözlənilir. Müvafiq olaraq, qlobal neft tələbatının cari ildə orta hesabla gündəlik 0,2 milyon barel artacağı proqnozlaşdırılır. Bu proqnoz ötənaykı 0,6 milyon barel və fevraldakı 1,2 milyon barel artımı proqnozundan aşağıdır.
Digər tərəfdən, ABŞ-də gündəlik xam neft hasilatının bu il 13,65 milyon barel olacağı gözlənilir. Əvvəlki hesabatda bu proqnoz 13,51 milyon barel idi. Gələn il Birləşmiş Ştatların neft hasilatının isə sutkada orta hesabla 14,1 milyon barel olacağı proqnozlaşdırılır. Əvvəlki hesabatda bu proqnoz 13,95 milyon barel idi.









