General Həzi Aslanovun arxiv sənədləri yeni tarixi faktları üzə çıxarır - FOTO

Azərbaycan xalqının görkəmli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş general-mayor Həzi Aslanovun şəxsi arxiv sənədlərində yer alan məlumatlar onun həyat və fəaliyyəti ilə bağlı mühüm tarixi faktları bir daha gündəmə gətirib.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Həzi Aslanovun hərbi xidmət dövrünə aid rəsmi qeydiyyat vərəqələrində və şəxsi iş materiallarında diqqətçəkən məlumatlar əks olunub. Onun sözlərinə görə, sənədlərin “milliyyəti” bölməsində “Türk”, “bildiyi dillər” hissəsində isə “Türk dili” qeyd edilib.
Araşdırmaçı qeyd edib ki, sənəddə Həzi Aslanovun 22 yanvar 1910-cu ildə Azərbaycan SSR-in Lənkəran şəhərində anadan olduğu göstərilir. Sosial mənşəyi fəhlə kimi qeyd olunan gələcək sərkərdənin təhsili barədə də ətraflı məlumat verilib. Belə ki, o, 1929-cu ildə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini, 1931-ci ildə isə Borisoqlebsk-Leninqrad Süvari Məktəbini bitirib.
Zaur Əliyevin sözlərinə görə, təqdim olunan sənədlərdə generalın aldığı hərbi rütbələr də ardıcıllıqla öz əksini tapıb. Burada onun baş leytenant, polkovnik-leytenant, polkovnik və nəhayət general-mayor rütbələrinə yüksəlməsi qeyd olunub. Sənədin mərkəzi hissəsində böyük hərflərlə “Sovet İttifaqı Qəhrəmanı” sözləri yazılıb, aşağı sağ küncdə isə “Lenin” ordeni və “Qızıl Ulduz” medalı ilə təltif olunduğu göstərilib.
Tarixçi vurğulayıb ki, Həzi Aslanovun 1920-ci illərin sonu və 1930-cu illərin əvvəllərində formalaşdırılmış şəxsi işlərində, komsomol və partiya sənədlərində də milliyyəti mütəmadi olaraq “Türk” kimi qeyd olunub. Onun attestasiya sənədlərində, zabit heyətinin siyahılarında və 1937-ci ildə Kommunist Partiyasına üzvlük sənədlərində də eyni qeyd yer alıb.
“Arxiv qovluqlarında Həzi Aslanovun təhsil aldığı və xidmət etdiyi dövrlərdə digər Qafqaz xalqlarının nümayəndələri gürcü, erməni, kürd, talış, ləzgi və digər milli adlarla göstərildiyi halda, onun qarşısında birbaşa ‘Türk’ yazılıb”, – deyə Zaur Əliyev bildirib.
Araşdırmaçı əlavə edib ki, həmin dövrdə “azərbaycanlı” termini artıq rəsmi sənədlərdə, mətbuatda və nəşrlərdə istifadə olunurdu. Bununla belə, cəbhə müxbirlərinin bir qismi Həzi Aslanovun ilkin hərbi sənədlərindəki məlumatlara istinad edərək onu “Azərbaycan türkü” və ya “igid türk sərkərdəsi” kimi təqdim edirdilər.
Zaur Əliyev qeyd edib ki, Həzi Aslanovun şəxsi sənədləri yalnız onun hərbi karyerasını deyil, həm də dövrün milli identiklik məsələləri ilə bağlı tarixi reallıqlarını araşdırmaq baxımından mühüm mənbələrdən hesab olunur.









