Keçmiş baş nazir Rusiyanın hücumunda son anda xilas oldu
Ukrayna-Polşa sərhədində Rusiya PUA-larının hücumu ilə bağlı diqqətçəkən təfərrüat ortaya çıxıb.
ERAmedia xəbər verir ki, Rusiya pilotsuz uçuş aparatları (PUA) Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, İsveçin keçmiş baş naziri Karl Bildt və Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauellin olduğu qatarın keçidindən cəmi bir neçə dəqiqə sonra eyni istiqamətdə hərəkət edən digər qatarı vurub.
Britaniya mediasının yaydığı xəbərə görə, Rusiya Ukrayna-Polşa sərhədində bir qatarın lokomotivini hədəfə alıb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Lakin Rusiyanın hücumuna məruz qalan qatarın vurulmasından bir neçə dəqiqə əvvəl eyni ərazidən Conson, Bildt və Pauell də daxil olmaqla bir qrup avropalı siyasətçi və diplomatın olduğu qatar keçib.
Sərnişinlərin Kiyevdə keçirilən konfransda iştirak etdikləri və geri qayıtdıqları bildirilib.
Conson hadisə ilə bağlı “X” sosial media platformasındakı hesabında paylaşım edib.
“Putinin bu səhər Polşa sərhədində dayanan Ukrayna lokomotivini partlatmasına səbəb olan bu təhrif olunmuş məntiqin nə olduğunu bilmirəm. Bildiyimiz yeganə şey isə bunun ukraynalıların hər gün məruz qaldığı, hətta mülki dəmir yollarının belə hədəfə alındığı təsadüfi və mənasız bir hücum olmasıdır”, – deyə o qeyd edib.
Rusiyanın hücumları nəticəsində Ukrayna Dəmir Yollarının 1700 əməkdaşının öldüyünü qeyd edən Conson, “Onlara ehtiyac duyduqları hava hücumundan müdafiə sistemlərini nə vaxt verəcəyik? Putinin dondurulmuş aktivlərini niyə azad edib Ukraynaya vermirik? Belçikadakı bir bank hesabında 140 milyard avrodan çox, Londonda isə təxminən 10 milyard funt sterlinq var. Böyük Britaniya bu məsələdə liderlik edə bilər”, – deyə bildirib.
Bildt də paylaşımında bir neçə dəqiqə sonra gələn qatarın hədəfə alındığını qeyd edib. O, Rusiya PUA-larının müşahidə edilməsindən sonra qatarın boşaldıldığını və bunun nəticəsində insan tələfatının qarşısının alındığını bildirib.
Polşanın baş naziri Donald Tusk isə hücumun Polşa sərhədindən 800 metr məsafədə baş verdiyini açıqlayıb.
Vural










