Səudiyyə Ərəbistanında dörd şəhər üçün təcili xəbərdarlıq elan edildi
Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşayt, Abha, Cizan və Nəcran şəhərləri üçün təcili xəbərdarlıq elan edilib.
ERAmedia xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsi bölgədə yarana biləcək potensial təhlükələrlə əlaqədar əhaliyə xəbərdarlıq edib.
Qurumun “X” sosial şəbəkə hesabında yayımlanan açıqlamada xəbərdarlığın səbəbi və təhlükənin xarakteri ilə bağlı ətraflı məlumat verilməyib.
Açıqlamada bölgədə yaşayan vətəndaşların və sakinlərin can və mal təhlükəsizliyinin qorunması məqsədilə fövqəladə vəziyyət protokollarına əməl etmələrinin, səlahiyyətli qurumların göstəriş və xəbərdarlıqlarını diqqətlə izləmələrinin vacibliyi vurğulanıb.
Sözügedən təhlükənin növü və təfərrüatları barədə isə hər hansı məlumat açıqlanmayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Yəməndə husilərə qarşı hərbi əməliyyatlarına cavab olaraq husilər tez-tez Səudiyyə Ərəbistanının sərhəd bölgələrini və cənub əyalətlərini hədəfə alırlar.
Bölgədəki hərbi obyektlər və strateji əhəmiyyətli infrastrukturlar zaman-zaman Yəmən ərazisindən buraxılan pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərin hücumlarına məruz qalır.
Vural









