Rusiya Ukraynanın logistika xətlərini hədəfə aldı
Rusiya Müdafiə Nazirliyi Ukraynanın qərbindəki dəmir yolu infrastrukturu ilə Odessa şəhərindəki liman və logistika obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
ERAmedia xəbər verir ki, nazirlik hücumların hədəfində hərbi yüklərin daşınması, saxlanması və paylanması üçün istifadə olunan obyektlərin olduğunu iddia edib.
Ukraynanın qərbindəki dəmir yolu bağlantıları və Odessanın dəniz nəqliyyatı infrastrukturu Rusiya ordusunun hücumlarla bağlı açıqlamasında ön plana çıxıb. Rusiya Müdafiə Nazirliyi Avropa ölkələrindən hərbi yüklərin daşındığını bildirdiyi dəmir yolu infrastrukturu obyektlərinə qarşı hücumların davam etdirildiyini açıqlayıb.
Rusiya ordusunun gün ərzində Ukraynadakı hədəflərə zərbələr endirdiyi bildirilən açıqlamada Odessa şəhəri və Odessa vilayətində hərbi yüklərin saxlanması və paylanması üçün istifadə olunan logistika mərkəzləri, həmçinin pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə emalatxananın vurulduğu qeyd edilib.
Açıqlamada Odessa limanında hərbi yük daşıyan gəminin, eləcə də limanların fəaliyyətini təmin edən transformator yarımstansiyalarının hədəfə alındığı bildirilib.
“Ukraynanın qərb bölgələrində Avropa ölkələrindən hərbi yüklərin daşınması üçün istifadə olunan dəmir yolu infrastrukturu obyektlərinə qarşı hücumlar davam etdirilib”, – deyə açıqlamada qeyd olunub.
Rusiya Müdafiə Nazirliyi hücumların havadan yüksək dəqiqlikli silahlar və PUA-lar vasitəsilə həyata keçirildiyini bildirib.
Vüsalə










