Misirdə dustaqlar aclıq aksiyasına başlayıb
Misirdə həbsxanalarda saxlanılan çox sayda məhbusun cəzaçəkmə müəssisələrində baş verdiyi iddia olunan hüquq pozuntularına etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.
ERAmedia xəbər verir ki, yerli insan haqları təşkilatının məlumatına görə, çox sayda məhbus çərşənbə günü həbsxanalardakı tətbiqlərə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Misirli Məhbus Ailələri Dərnəyi (FEDA) aksiyanın 7-9 oktyabr tarixlərində keçiriləcəyini və Misir həbsxanalarında davam edən hüquq pozuntularına etiraz məqsədi daşıdığını açıqlayıb.
Təşkilat bazar ertəsi yaydığı açıqlamada bildirib ki, “minlərlə məhbus məhkəməyədək həbsdə saxlanılaraq azadlığa buraxılmaq ümidini itirib”.
Aclıq aksiyası məhbusların fiziki zorakılıq və tibbi yardımın göstərilməməsi də daxil olmaqla hüquq pozuntularına son qoyulması üçün hakimiyyət orqanları ilə əlaqə yaratmaq istiqamətində dəfələrlə göstərdikləri səylərdən sonra başlayıb.
QHT-nin məlumatına görə, bəzi məhbuslar pis rəftar nəticəsində həyatını itirib.
FEDA bu ilin əvvəlində siyasi məhbusların ailələri tərəfindən yaradılıb. Təşkilat haqsız yerə həbsdə saxlanılan şəxslərin azadlığa buraxılması, saxlanma və həbs şəraitinin yaxşılaşdırılması, eləcə də ədalətli məhkəmə proseslərinin təmin olunması uğrunda mübarizə aparır.
Misir həbsxanalarında jurnalistlər, insan haqları fəalları, etirazçılar, akademiklər və siyasi xadimlər də daxil olmaqla on minlərlə siyasi məhbusun olduğu təxmin edilir.
Onların bir çoxu uzun müddət məhkəməyədək həbsdə saxlanılır. Bəziləri isə insan haqları müşahidəçilərinin ədalətsiz hesab etdiyi məhkəmə proseslərindən sonra uzunmüddətli həbs cəzaları çəkir.
FEDA hakimiyyət orqanlarını məhkəməyədək qeyri-müəyyən müddətə həbsdə saxlanılan bütün şəxsləri azad etməyə və siyasi məhbuslara qarşı hüquq pozuntularını dərhal dayandırmağa çağırıb.
Təşkilat həmçinin Baş Prokurorluqdan gərginliyin xüsusilə yüksək olduğu həbsxanalara təcili səfərlər təşkil etməsini tələb edib.
Misir hakimiyyəti ötən həftə müstəqil yoxlama platforması Matsadaash-dan altı jurnalisti də saxlayıb.
Misir Şəxsi Hüquqlar Təşəbbüsünün vəkilləri jurnalistlərin “döyülmə, elektrik cərəyanı verilməsi, zorla soyundurulma və ailələrinə qarşı təhdidlər də daxil olmaqla müxtəlif işgəncə və pis rəftar formalarına” məruz qaldığını bildiriblər.
Jurnalistlərdən biri “terror təşkilatına qoşulmaq” və dezinformasiya yaymaq ittihamları ilə aparılan istintaq çərçivəsində 15 gün müddətinə həbs edilib. Digər beş jurnalist barəsində araşdırmalar isə davam edir.
Hökumət sözügedən internet saytını “Müsəlman Qardaşları ilə əlaqəli olmaqda” ittiham edib.
Misir Şəxsi Hüquqlar Təşəbbüsünün məlumatına görə, son həbslərlə birlikdə ölkədə həbsdə olan jurnalistlərin sayı 26-ya çatıb.
Əli Fərhad










