media-default

Belçikada ətli qəlyanaltılarda at DNT-sinin aşkarlanmasından sonra Avropa İttifaqı (Aİ) Komissiyası istehlakçılara aldıqları qida məhsulları barədə düzgün və şəffaf məlumat verilməsinin vacibliyini vurğulayıb.

ERAmedia xəbər verir ki, Aİ Komissiyasının gündəlik mətbuat konfransında heyvan hüquqları müdafiəçisi GAIA təşkilatının Belçikada kartof qızartması və qəlyanaltı satan müəssisələrdə apardığı araşdırma gündəmə gəlib.

Jurnalist həmin müəssisələrdə satılan məhsullarda istifadə olunan ətin hansı heyvana aid olduğunun istehlakçılara açıq şəkildə bildirilməsinin tələb edilib-edilmədiyini soruşub.

Aİ Komissiyasının sözçüsü Eva Hrncirova bununla bağlı müvafiq qanunvericiliyin detallarını yoxlamalı olduğunu və araşdırma aparmadan məsələni ətraflı şərh edə bilməyəcəyini bildirib.

Sözçü istehlakçıların məlumatlandırılmasını dəstəklədiklərini vurğulayaraq deyib: “Biz həmişə istehlakçılara aydın, düzgün və elmi əsaslara söykənən məlumatların təqdim edilməsini qarşıya məqsəd qoyuruq”.

Hrncirova qeyd edib ki, istehlakçılar nə almaq və nə yemək istədiklərini bilirlər, lakin şüurlu seçim edə bilmələri üçün kifayət qədər məlumatlandırılmalıdırlar.

Belçika mətbuatında ötən həftə yayılan GAIA araşdırmasına əsasən, Brüssel, Valloniya və Flandriya bölgələrindəki 25 müəssisədən götürülən 123 ətli qəlyanaltı akkreditə olunmuş laboratoriyada yoxlanılıb.

Küftə, hamburger, ət kroketi və “frikandel” adlı qəlyanaltıların da daxil olduğu nümunələrin 27 faizində at DNT-si aşkarlanıb. Araşdırılan müəssisələrin 76 faizində isə ən azı bir məhsulda at DNT-sinin olduğu müəyyən edilib.

GAIA-nın etirazı müəssisələrin başqa heyvanın əti əvəzinə qanunsuz şəkildə at ətindən istifadə etməsindən çox, məhsulun tərkibi barədə məlumatın satış zamanı müştərilərə təqdim edilməməsinə yönəlib.

Təşkilat bildirib ki, müəssisələrə tədarük edilən məhsulların qablaşdırılmasında at ətinin tərkib hissəsi olduğu göstərilə bilər. Lakin müştəri məhsulu piştaxtadan alarkən onun hansı növ ətdən hazırlandığını bilməyə bilər.

GAIA atların qida zəncirindən çıxarılmasını və Belçikada at ətinin satışının qadağan edilməsini tələb edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər