Moskva və Bakı münasibətlərdəki böhranı aradan qaldırıb - Şoyqu
Moskva və Bakı ikitərəfli münasibətlərdə son dövrdə yaşanan böhran mərhələsini aradan qaldırıb.
ERAmedia xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu qurumun Elmi-Ekspert Şurasının Rəyasət Heyətinin iclasında bildirib.
“Son dövrdə ikitərəfli əlaqələrdə yaşanan böhran mərhələsinin Moskva və Bakının birgə səyləri nəticəsində aradan qaldırıldığını məmnunluqla qeyd edirik. İndi ümumi vəzifə Rusiya-Azərbaycan əməkdaşlığının liderlər arasında əldə olunmuş razılaşmalara uyğun olaraq ardıcıl şəkildə inkişaf etdirilməsidir”, – Şoyqu deyib.
Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, Moskva Azərbaycanla münasibətlərin mövcud ikitərəfli müqavilə-hüquq bazası əsasında inkişaf etdirilməsinin tərəfdarıdır.
O, bu çərçivədə Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni, həmçinin mehriban qonşuluq və tərəfdaşlıq prinsiplərini xüsusi qeyd edib.
Şoyqu əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin də iki ölkənin bu istiqamətdə birgə fəaliyyətinin davam etdirilməsinin tərəfdarı olduğunu dəfələrlə bildirib.
Qeyd edək ki, iyulun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Moskva və Bakının ikitərəfli münasibətlərdəki mürəkkəb mərhələni geridə qoyduğunu və münasibətlərin bütün spektrinin normallaşdırıldığını bildirmişdi.









