“T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, “T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2026-cı il 29 sentyabr tarixli Qərarı ilə “T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 28.07.2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.
ERAmedia-ya Mərkəzi Bankdan bildirilib ki, İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə, həmçinin Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunmasına görə “Fintrend” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 05.06.2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.
Qanuna əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.









