Trampın Çin səfəri yenidən gündəmdə: Tayvan faktoru gərginliyi artırır
ABŞ Prezidenti Donald Trampın martın sonunda Çinə planlaşdırılan səfərini təxirə salıb.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, səfərin gecikməsinə əsas səbəb Vaşinqtonun digər istiqamətlərdə, o cümlədən Yaxın Şərqdə hərbi gündəminin intensivləşməsidir. Onun sözlərinə görə, Tramp səfərin may ayının ortalarında baş tuta biləcəyini açıqlasa da, bu tarix də hələlik qeyri-müəyyən olaraq qalır.
Şərhçi qeyd edib ki, ABŞ-ın Tayvana 6 milyard dollar dəyərində silah və hərbi texnika vermək planı Vaşinqtonla Pekin arasında gərginliyi artıran əsas amillərdəndir. “ABŞ rəsmi olaraq Tayvanı Çinin bir hissəsi kimi tanısa da, adanın hərbi yolla birləşdirilməsinə qarşı çıxır və onun əsas silah təchizatçısı olaraq qalır”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Onun fikrincə, Si Cinpin ilə Tramp arasında mümkün görüşdə Tayvan məsələsi əsas müzakirə mövzularından biri olacaq. “Tramp dialoqu dəstəkləsə də, Tayvan məsələsində açıq müzakirədən yayınmağa çalışır. Si Cinpin isə ABŞ prezidentinin bu mövzuda konkret mövqe bildirməsində maraqlıdır”, – deyə o əlavə edib.
Şahinoğlu bildirib ki, Tramp administrasiyası Tayvanla hərbi əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Bunun əsas səbəblərindən biri isə iqtisadi amildir: “Tayvan ABŞ-dan aldığı silahlara görə milyardlarla dollar ödəyir. Bu isə Tramp üçün vacib faktordur”. ABŞ-ın Tayvana raketlər, artilleriya sistemləri satacağını və hərbi dəniz qüvvələrinə dəstəyini artıracağını qeyd edən şərhçi, eyni zamanda birgə hərbi təlimlərin də davam edəcəyini vurğulayıb.
Ekspert əlavə edib ki, ABŞ-ın bu addımları Çinin regiondakı hərbi fəallığı ilə də bağlıdır: “Pekin Tayvan boğazında hərbi mövcudluğunu artırır, Cənubi Çin dənizində isə süni adalar üzərində hərbi infrastruktur qurub. Bu da Vaşinqtonu narahat edir”.
Ticarət münasibətlərinə toxunan Şahinoğlu bildirib ki, hər iki tərəf “oyun qaydalarının” müəyyənləşdirilməsində maraqlıdır, lakin yanaşmalar fərqlidir: “Tramp idxal-ixrac balansını düzəltmək istəyir, Çin isə qlobal bazarlara daha çox məhsul çıxarmağa çalışır”.
Şərhçi regiondakı digər mühüm prosesə də diqqət çəkib. Onun sözlərinə görə, Rusiya ilə Hindistan arasında müdafiə sahəsində əməkdaşlığın genişlənməsi Pekində narahatlıq doğurur: “Hindistanın ilk dəfə xarici hərbçilərə öz ərazisində yerləşmə imkanı verməsi ciddi dəyişiklikdir. Bu əməkdaşlıq Rusiyaya Hind okeanına çıxış qazandırır, Hindistan isə Şimal dəniz yolu boyunca limanlara çıxış əldə edir”.
Elxan Şahinoğlu hesab edir ki, bütün bu proseslər fonunda ABŞ–Çin münasibətləri yalnız ikitərəfli deyil, həm də regional və qlobal balans baxımından həlledici mərhələyə daxil olur.
Vural










