Trampın İran iddiaları müzakirə yaradır: Kürdlər niyə geri çəkildi? - ŞƏRH
ABŞ prezidenti Donald Trampın İranda etirazçılara silah göndərilməsi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.
ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu məsələ ilə bağlı bildirib ki, Trampın səsləndirdiyi fikirlərin bir hissəsi reallığı əks etdirməyə bilər.
Onun sözlərinə görə, silahların kürdlər vasitəsilə göndərildiyi iddiası müəyyən qədər inandırıcı görünsə də, həmin silahların etirazçılara çatmadığı barədə deyilənlər tam doğru sayılmaya bilər. “Çünki həmin dövrdə İran hüquq-mühafizə orqanları xeyli sayda silah və sursat aşkar etmişdi. Bu da müəyyən hissənin çatdırıldığını ehtimal etməyə əsas verir”, – deyə o qeyd edib.
Ekspert diqqətə çatdırıb ki, prosesdə ən maraqlı məqamlardan biri kürd qruplarının son anda İranda hökumətə qarşı silahlı çıxışdan imtina etməsi olub. Onun sözlərinə görə, fevralın 27-də beş İran kürd təşkilatının koalisiya yaratdıqlarını elan etməsi ciddi siqnal sayılsa da, sonradan bu qərar dəyişdirildi.
“Kürdlər əvvəlcədən planlaşdırıldığı kimi hərəkət etmədilər və iyunda olduğu kimi, İranda hökumətə qarşı silahlı hücum etməyəcəklərini açıqladılar”, – deyə Rövşənoğlu bildirib.
Jurnalistin fikrincə, bu qərarın arxasında əsas rol oynayan qüvvə İraq Kürd Muxtariyyəti, xüsusilə də Bərzani ailəsi olub. O qeyd edib ki, Bərzanilərə məxsus “Rudaw” kanalı dərhal kürd təşkilatlarının rəhbərliyi ilə əlaqə saxlayaraq onların İrana qarşı hərbi əməliyyatlara qoşulmayacaqları barədə açıqlamalarını yayıb.
Rövşənoğluya görə, kürdlərin geri çəkilməsinin iki əsas səbəbi var. Birincisi, İraq Kürd Muxtariyyətinin İran tərəfindən ciddi hərbi zərbə riski ilə üzləşə biləcəyi ehtimalı idi. “Bərzanilər anlayırdı ki, belə bir addım İranın sərt cavabına səbəb olacaq və muxtariyyət ağır zərbə ala bilər”, – deyə o vurğulayıb.
İkinci səbəb isə ABŞ-ın regiondakı siyasəti ilə bağlı yaranan etimadsızlıqdır. Ekspert bildirir ki, yanvar ayında ABŞ-ın Suriyada kürdləri Dəməşq hakimiyyətinə tabe etdirməsi kürd qüvvələrində narazılıq yaradıb. “Kürdlər belə nəticəyə gəldilər ki, onları İranda da istifadə edib sonradan kənara çəkilə bilərlər. Bu təcrübə tarixdə dəfələrlə yaşanıb”, – deyə o əlavə edib.
Nəticə etibarilə, Rövşənoğlunun fikrincə, kürd qüvvələri riskləri və siyasi reallıqları nəzərə alaraq prosesdən kənarda qalmağa üstünlük veriblər.









