media-y4mjcs7eqktkof0tishis08igk4oxgojfsqhm9e9

63 yaşında ana olan qadın haqqında xəbər hər zamankı kimi yenə cəmiyyəti iki tərəfə böldü. Bir tərəf bunu tibbin möcüzəsi və insanın valideyn olmaq arzusunun gerçəkləşməsi kimi qiymətləndirir. Digər tərəf isə məsələyə daha çox uşağın gələcəyi prizmasından yanaşır. Mən ikinci mövqeyə daha yaxınam.

Bu mövzu müzakirə olunanda ən çox səslənən etirazlardan biri belə olur: “Bəs gənc yaşda valideyn olanların hamısı yaxşı valideyn olur? Gənc insan da xəstələnə, qəfil vəfat edə bilər”.

Bu fikirlə razıyam. Həyat heç kimə zəmanət vermir. Otuz yaşlı valideyn də ağır xəstəliyə tutula, qəza keçirə və ya övladını erkən yaşda tərk edə bilər. Valideynlik keyfiyyətini təkcə yaş müəyyən etmir. Gənc olmaq yaxşı valideyn olmağın təminatı deyil.

Amma bu arqument məsələnin mahiyyətini dəyişmir. Çünki burada söhbət ayrı-ayrı istisnalardan deyil, ümumi ehtimallardan gedir. Cəmiyyət bütün qərarlarını riskləri nəzərə alaraq verir. Avtomobil sürəndə də, əməliyyat olunanda da, sığorta alanda da statistika və ehtimallar nəzərə alınır. Valideynlik kimi böyük məsuliyyətdə də eyni məntiqlə düşünmək təbiidir.

Yaş artdıqca xroniki xəstəliklərin, fiziki zəifləmənin və ölüm riskinin artması elmi faktdır. Bu heç kəsi qınamaq və ya yaşına görə dəyərsizləşdirmək deyil. Sadəcə insan ömrünün reallığını qəbul etməkdir.

Mənə görə bu müzakirənin mərkəzində valideynin arzusu yox, uşağın hüquqları dayanmalıdır. Uşağın yalnız dünyaya gəlmək deyil, həm də mümkün qədər uzun müddət valideyn qayğısı, dəstəyi və mənəvi dayağı ilə böyümək hüququ var. Valideynlik yalnız doğum anı ilə başlayıb elə oradaca bitmir. Əsl valideynlik illərlə davam edən bir missiyadır. Məktəbə ilk gün, yeniyetməlik dövrü, ali təhsil, peşə seçimi, həyatın çətin anları… Bütün bunlarda valideynin varlığı uşağın inkişafına təsir göstərir.

Əlbəttə, heç kim sabah nə olacağını bilmir. Ola bilər ki, 30 yaşlı valideyn tez həyatını itirsin, 70 yaşlı valideyn isə uzun ömür yaşasın. Ancaq şəxsi istisnalar ümumi prinsipləri dəyişmir. Qərarlar həmişə ən yaxşı ssenariyə deyil, ən real ehtimallara əsaslanmalıdır.

Valideyn olmaq müqəddəs arzudur. Lakin hər arzu özlüyündə onu həyata keçirməyi avtomatik olaraq doğru qərara çevirmir. Bəzən ən çətin sual “Mən bunu istəyirəmmi?” deyil, “Bu qərar dünyaya gətirəcəyim uşaq üçün nə dərəcədə ədalətlidir?” sualıdır.

Günel Musa


media-adspc

Bənzər xəbərlər