media-5b1c71a4-635d-46fb-8b8e-fce8de7bb76b

“Xalq” və “millət” anlayışları ətrafında aparılan müzakirələrə yazıçı Aqşin Yenisey də münasibət bildirib.

ERAmedia xəbər verir ki, Aqşin Yenisey sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə “xalq” sözünün XIX əsrdə meydana çıxdığını və “təbəə” anlayışını əvəz etmək məqsədilə istifadə olunduğunu iddia edib.

Yazıçının sözlərinə görə, mərhum filosof Heydər Camal hesab edirdi ki, Avropada bu termini sağçı sosialistlər, Rusiyada isə kommunistlər formalaşdırıblar. O qeyd edib ki, türk milliyyətçi ideoloqu Nihal Adsız da eyni mövqeni bölüşür, italiyalı alim və yazıçı Umberto Eko isə bu anlayışa müsbət yanaşmayıb.

Aqşin Yenisey bildirib ki, “xalq” idarə olunanların, “millət” isə idarə edənlərin adıdır. Onun fikrincə, “millət” anlayışı siyasi baxımdan daha məsuliyyətli məzmun daşıyır və öz müqəddəratını müəyyənləşdirmək kimi vəzifəni ehtiva edir.

Yazıçı qeyd edib ki, məhz bu məsuliyyət milləti alimə, filosofa, yazıçıya, aktyora, müəllimə və həkimə dəyər verməyə sövq edir. O hesab edir ki, xalq anlayışında isə belə bir məsuliyyət olmadığı üçün elmin, fəlsəfənin və ziyalıların rolu lazımi səviyyədə qiymətləndirilmir.

Aqşin Yenisey daha sonra “millət” anlayışını rasional, “xalq” anlayışını isə irrasional mənşəli kimi xarakterizə edib. Onun sözlərinə görə, millət həyata ağıl, hüquq və məntiqlə yanaşdığı halda, xalq inancı, ənənəni və mövhumatı üstün tutur.

Yazıçı iddia edib ki, Qərb və Şərq cəmiyyətləri arasındakı əsas fərqlərdən biri də bu yanaşmadan qaynaqlanır. O, Qərbdə yaşayanların “millət”, Şərqdə yaşayanların isə “xalq” modeli ilə formalaşdığını irəli sürüb.

Paylaşımının sonunda Aqşin Yenisey bildirib ki, cəmiyyətin yenilənməsi və inkişafı üçün ilk növbədə bolşevik mirası kimi qiymətləndirdiyi “xalqçılıq” düşüncəsindən uzaqlaşmaq lazımdır. O əlavə edib ki, bunun asan proses olmayacağını, çünki elm, təhsil, ədəbiyyat, incəsənət və iqtisadiyyatın belə uzun illər bu anlayış üzərində qurulduğunu düşünür.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər