media-photo_5305612335735051419_w

XV əsr Venesiya kartoqrafı, dövrünün ən məşhur xəritə ustalarından sayılan Giacomo Gastaldinin əsərlərindən biri – “Asiyanın birinci hissəsi” adlanan xəritə 1559–1561-ci illərdə hazırlanıb. Bu xəritəni digərlərindən fərqləndirən cəhət onun yalnız Ptolemey kimi antik müəlliflərin əsərlərinə deyil, həm də həmin dövrdə Səfəvi sarayında olmuş venesiyalı diplomat və tacirlərin şəxsi qeydlərinə əsaslanaraq çəkilməsidir.

Xəritənin üzərindəki yazılar latın dilindədir və o dövr Avropa kartoqrafiyasının zəngin üslubunu özündə əks etdirir. Burada diqqət çəkən məqamlardan biri də Azərbaycan coğrafiyasının, eləcə də o dövrdə mövcud olan şəhər və bölgə adlarının açıq-aydın göstərilməsidir.

Xəritənin aşağı hissəsində “Armenia Provin” ifadəsi diqqət çəkir. Lakin tarixi kontekstə nəzər saldıqda görürük ki, bu ad o dövrdə müstəqil siyasi qurumdan daha çox, Şərqi Anadolu və Cənubi Qafqazın müəyyən hissəsini ifadə etmək üçün istifadə olunurdu.

Azərbaycanın cənub və qərb torpaqlarına doğru isə “TVRCOMANI” sözü yazılıb. Bu da Səfəvi–Osmanlı dövründə bölgənin əsas sakinlərinin güclü türk tayfaları olduğunu göstərən mühüm detallardan biridir.

Gastaldi xəritə üzərində işləyərkən 1539-cu ildə Təbriz və Şamaxıda olmuş venesiyalı diplomat Michele Membrenin qeydlərindən də istifadə edib. Membre yazırdı ki, bu torpaqlarda yaşayan insanlar özlərini “Qızılbaş” adlandırır və olduqca cəsur döyüşçülərdir.

Venesiya arxivlərində qorunan bu təsvirlərdə azərbaycanlılar “yaxşı silahlanmış, hündürboylu və mərd” insanlar kimi xarakterizə olunur. Qadınların ipək libaslar geyindiyi, kişilərin isə kəmərlər və qiymətli xəzlərdən istifadə etdiyi xüsusilə vurğulanır.

Avropalı səyyahların təəccübünə səbəb olan başqa bir məqam isə Səfəvi Azərbaycanında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da dinc şəkildə birgə yaşaması və ticarət əlaqələri qurması idi. Maraqlıdır ki, o dövrdə Venesiyada çap edilən lüğətlərdə burada danışılan dil “Lingua Turchesca” – yəni türk dili kimi qeyd olunsa da, onun Osmanlı türkcəsindən fərqli olaraq məhz Azərbaycan dialekti olduğu xüsusilə vurğulanırdı.

Xəritədəki “Chia” sözünə gəldikdə isə, bu ifadə o dövr səyyahlarının qeydlərində yerli əhalinin istifadə etdiyi “çay” sözünün (Kür çayı nəzərdə tutulur) avropalıların dilində təhrif olunmuş forması kimi izah edilir. “Strana” isə italyan və slavyan dillərində “ölkə” və ya “ərazi” mənasını verir. Bu sözlərin birlikdə istifadəsi “çay kənarı ölkə” və ya “Kür boyu düzənlik” anlamını yaradır.

Bu xəritələr sadəcə elmi əsər deyil, eyni zamanda Avropalı tacirlər üçün də bir növ bələdçi rolunu oynayırdı. Şirvan ipəyinin o qədər məşhur olması xəritədə Şamaxı şəhərinin adının xüsusi olaraq böyük hərflərlə yazılmasına səbəb olmuşdu. Məşhur ingilis səyyahı Anthony Jenkinson da Xəzər dənizi sahillərindən Şamaxıya gələrkən məhz bu xəritədə göstərilən yollarla hərəkət etmişdi. O, Şamaxı hakiminin sarayında qonaq olarkən yazırdı: “Burada ipək o qədər boldur ki, yerli tacirlər onu hər yerə daşıyırlar.”

Xəritənin yuxarı sağ küncündə, Xəzər dənizi sahilində Dərbənd şəhəri qeyd olunub. Gastaldi onu “Dəmir Qapı” kimi təsvir etməyə çalışıb. Çünki bu şəhər o dövrdə təkcə Azərbaycanın şimal sərhədi deyil, bütövlükdə Qafqazın əsas strateji keçid nöqtələrindən biri hesab olunurdu.

Şəki və Qəbələ istiqamətində xəritədə təsvir edilən sıx dağ və meşə landşaftı isə o zamanlar məşhur olan ovlaqları göstərir. Səfəvi şahları üçün Azərbaycanın bu gözəl təbiət guşələri əsl “yaşıl cənnət” sayılır və tez-tez istirahət və diplomatik qəbulların keçirildiyi məkanlara çevrilirdi.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər