Azərbaycanlılara işgəncə verən erməni müstəntiq – Tarixçi alim faktları açıqladı
Stalin repressiyaları dövründə Azərbaycan ziyalılarına qarşı aparılan istintaqlarda ağır işgəncə və təzyiq metodlarından istifadə edildiyi barədə müxtəlif arxiv sənədləri və tədqiqatlar mövcuddur.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında həmin dövrdə Azərbaycan ziyalılarının istintaqında iştirak edən şəxslərdən biri kimi Konstantin Qalstyanın fəaliyyətinə diqqət çəkib.
Onun sözlərinə görə, Qalstyan Azərbaycan SSR NKVD-sinin Gizli Siyasi Şöbəsində aparıcı müstəntiqlərdən və bölmə rəislərindən biri olub. Mikayıl Müşfiq və Salman Mümtazın istintaqında da iştirak edən Qalstyanın iki azərbaycanlı köməkçisi – Şirəliyev və Məmmədov olub.
“Qalstyanın fəaliyyəti Azərbaycan ziyalılarının repressiyaya məruz qalmasının ən ağır səhifələrindən biridir. O, Mikayıl Müşfiq və Salman Mümtazın istintaqını aparan əsas şəxslərdən olub. Salman Mümtazın işi üzrə yalnız ittiham aktının hazırlanması ilə kifayətlənməyib, onun evində saxlanılan əlyazmaların da götürülməsində iştirak edib”, – deyə Zaur Əliyev bildirib.
Alimin sözlərinə görə, Qalstyanın adı yalnız Müşfiq və Mümtazın istintaqı ilə məhdudlaşmır. Onun Əhməd Cavad və görkəmli türkoloq alim Bəkir Çobanzadənin istintaqında da iştirak etdiyi qeyd olunur.
Zaur Əliyev Qalstyanın istintaq metodlarının əsasən təzyiq və işgəncə üzərində qurulduğunu bildirib:
“Qalstyanın istintaq metodu ağır psixoloji və fiziki təzyiqlərlə müşayiət olunurdu. Məqsəd insanlardan əvvəlcədən hazırlanmış ittihamları qəbul etdirmək və onları digər şəxslərin əleyhinə ifadə verməyə məcbur etmək idi”.
Onun sözlərinə görə, Qalstyanın tətbiq etdiyi üsullardan biri də məhbuslara müxtəlif vasitələrlə “etiraf” yazdırmaq olub. Bəzi hallarda isə özünü həkim kimi təqdim edərək kameralarda saxlanılan şəxslərdən məlumat almağa çalışdığı bildirilir.
“İstintaq zamanı müttəhim başqa şəxslərin əleyhinə ifadə verməyə məcbur edilirdi. Ağır təzyiqdən sonra üzləşmə zamanı müstəntiqin tələb etdiyi ifadələri təsdiqləmək məcburiyyətində qalırdı”, – deyə Zaur Əliyev qeyd edib.
Tarixçi Qalstyanın fəaliyyətinin konkret sənədlərlə də izlənə bildiyini vurğulayıb. Onun sözlərinə görə, professor Cəlal Qasımov öz elmi araşdırmalarında Konstantin Qalstyanın imzası olan sənədləri üzə çıxarıb.
Zaur Əliyev həmin sənədlərdən birinin 23 sentyabr 1937-ci ildə Qalstyan tərəfindən Sumbatova göndərilmiş məruzə olduğunu bildirib. Məruzədə Qalstyan Vəli Xuluflunu “əksinqilabi millətçi təşkilatın üzvü” və “terrorçu” kimi təqdim edib.
“Bu sənəd həmin dövrdə istintaq mexanizminin necə işlədiyini göstərən mühüm nümunələrdəndir. Alimin kitablarında və elmi fəaliyyətində olan ifadələr belə onun əleyhinə ‘antisovet’ və ‘antistalin’ sübutları kimi təqdim edilirdi”, – deyə Zaur Əliyev bildirib.
Zaur Əliyevin sözlərinə görə, NKVD-nin istintaq sistemində məhbusların və digər şəxslərin əleyhinə ifadə verməyə məcbur edilən şəxslərdən də istifadə olunurdu.
“NKVD daxilində müəyyən sənədlərə imza atmağa məcbur edilən, istintaqın tələblərinə uyğun ifadələr verməyə vadar olunan şəxslər var idi. Təəssüf ki, onların arasında azərbaycanlıların da olduğu məlumdur”, – deyə o vurğulayıb.
Tarixçi hesab edir ki, repressiyaların Azərbaycan cəmiyyətinə ən ağır nəticələrindən biri ölkənin intellektual və mədəni elitasının sıradan çıxarılması olub.
“Azərbaycanın ziyalı təbəqəsinə ağır zərbə vurulması cəmiyyətin elmi, ədəbi və ictimai düşüncəsinə böyük ziyan gətirdi. Repressiyalar nəticəsində çoxsaylı alim, yazıçı, şair və ictimai xadim məhv edildi və ya uzun illər təqiblərə məruz qaldı”, – deyə Zaur Əliyev bildirib.
O əlavə edib ki, Ziya Bünyadov, Aslan Kənan, Şəfəq Nasir və digər tədqiqatçıların əsərlərində də Qalstyanın fəaliyyəti və həmin dövrün repressiya mexanizmləri barədə materiallara rast gəlinir.
Zaur Əliyevin sözlərinə görə, 1937–1938-ci illərdə həyata keçirilən repressiya kampaniyasında fəaliyyət göstərən bir sıra NKVD əməkdaşları müxtəlif dövlət təltifləri ilə mükafatlandırılıb.
“Qalstyan da 1937–1938-ci illərdəki kütləvi repressiya və güllələnmə planlarının həyata keçirilməsində fəal iştirak edən əməkdaşlardan biri olub və buna görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib”, – deyə tarixçi bildirib.
Onun sözlərinə görə, Konstantin Qalstyan 19 aprel 1938-ci il tarixli Moskva “Stalin siyahısı”na daxil edilib və həmin ilin aprelində Moskvada vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuzluqlarda ittiham edilərək güllələnib.
Zaur Əliyev hesab edir ki, Qalstyanın fəaliyyəti Stalin repressiyaları zamanı Azərbaycan ziyalılarına qarşı qurulmuş istintaq sisteminin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.










