media-17882544943659048442_1200x630

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti çərçivəsində təşkilat üzvlərinin və tərəfdaş dövlətlərin liderləri arasında ikitərəfli görüşlər də diqqət çəkib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Bişkəkdə keçirdiyi ilk görüş iki liderin sülh quruculuğuna verdiyi əhəmiyyət baxımından mühüm hadisədir.

Onun sözlərinə görə, görüşdən sonra yayılan bəyanat da xüsusi əhəmiyyət daşıyır. Bəyanatda iki ölkə arasındakı münasibətlərin pozitiv məqamları önə çəkilib, dialoqun davam etdirilməsinin və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Elxan Şahinoğlu hesab edir ki, İlham Əliyevin İran prezidenti Məsud Pezeşkianla görüşü də Paşinyanla təmas qədər əhəmiyyətlidir. Siyasi şərhçinin fikrincə, regionda müharibə atmosferinin davam etdiyi bir vaxtda Azərbaycan Prezidentinin İran tərəfi ilə dialoqu xüsusi önəm daşıyır.

“Azərbaycan Prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bir daha xatırladıb. Öz növbəsində İran prezidenti Azərbaycanın dəstəyindən məmnun qaldığını bildirib. Prezidentlər arasında sıx və səmimi dialoqun davam etməsi vacibdir. Bununla yanaşı, İrandakı mühafizəkar qüvvələrin də Azərbaycana münasibətdə siyasətlərini korrektə etmələri önəmlidir. Təəssüf ki, bu istiqamətdə hələlik dəyişən ciddi bir məqam yoxdur”, – deyə o bildirib.

Siyasi şərhçi İlham Əliyevin Bişkekdə sammitin ilk günü Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi qısa görüşün də diqqət çəkdiyini vurğulayıb. Onun sözlərinə görə, İranda olduğu kimi, Rusiyada da Azərbaycana qarşı mövqeyi ilə seçilən qüvvələrin fəaliyyəti davam edir.

“Rusiyadakı anti-Azərbaycan qüvvələri öz siyasətlərini davam etdirirlər və Kremlin bunun qarşısını almaq üçün ciddi addım atdığı görünmür. Əksinə, Azərbaycan siyasi dairələrində və cəmiyyətində belə bir rəy formalaşıb ki, Rusiyadakı anti-Azərbaycan qüvvələri Kremlin müəyyən dairələrinin dəstəyi ilə hərəkət edirlər”, – Elxan Şahinoğlu qeyd edib.

O, Bişkəkdə Nikol Paşinyanın keçirdiyi digər görüşlərə də diqqət çəkib. Paşinyanın İlham Əliyevdən sonra İran Prezidenti Məsud Pezeşkian və Hindistanın baş naziri Narendra Modi ilə görüşdüyünü xatırladan şərhçi bildirib ki, Ermənistan rəhbərinin Modi ilə görüşündə TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasının da müzakirə olunması təsadüfi deyil.

Elxan Şahinoğlunun fikrincə, sözügedən layihə Orta dəhlizin tərkib hissəsi kimi Çin və Mərkəzi Asiya məhsullarının Avropa bazarlarına çıxarılması baxımından əhəmiyyətlidir. Hindistanın da Cənubi Qafqazın nəqliyyat imkanlarından istifadə etməkdə maraqlı olduğunu deyən şərhçi qeyd edib ki, bu baxımdan İlham Əliyevin sammitin ikinci günü Narendra Modi ilə görüşməsi də xüsusi əhəmiyyət daşıyır.

“İndistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirməkdə, eyni zamanda Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə maraqlıdır. Turizm sahəsində müəyyən geriləmə olsa da, bu istiqamətin inkişafı Azərbaycan üçün əhəmiyyətlidir. Prezident İlham Əliyevin avqustun 20-də turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramını təsdiqləməsi də bu məqsədə xidmət etməlidir”, – deyə siyasi şərhçi bildirib.

Elxan Şahinoğlu Narendra Modi ilə Məsud Pezeşkianın görüşünə də toxunub. Onun sözlərinə görə, İran prezidenti Hindistanın baş naziri ilə görüşündə ABŞ-la münasibətlər və Tehran-Vaşinqton arasında razılaşma məsələsindən danışıb.

“Pezeşkian İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini, ABŞ-ın isə öz öhdəliklərini icra etmədiyini bildirib. O, hələ də razılaşma və qarşılıqlı anlaşma əldə etmək üçün çalışdıqlarını söyləyib. Halbuki SEPAH komandanlığının mövqeyi ABŞ-la razılaşma əldə etmək və qarşılıqlı anlaşmaya nail olmaq istiqamətində deyil”, – Şahinoğlu vurğulayıb.

Siyasi şərhçi qeyd edib ki, Pezeşkian Hindistanın regionda sülh və sabitliyin gücləndirilməsinə töhfə vermək üçün böyük potensiala malik olduğunu da bildirib. Onun sözlərinə görə, Hindistan və digər dövlətlərin əsas gözləntilərindən biri Hörmüz boğazında enerji daşıyıcılarının müharibədən əvvəlki dövrdə olduğu kimi təhlükəsiz və maneəsiz daşınmasının təmin edilməsidir.

“Lakin SEPAH generalları Hörmüz boğazına nəzarət etmək niyyətindən geri çəkilmək istəmirlər. Bu ziddiyyət İran daxilində xarici siyasətlə bağlı fərqli yanaşmaların mövcudluğunu göstərir”, – deyə Elxan Şahinoğlu əlavə edib.

Vural


media-adspc

Bənzər xəbərlər