media-whatsapp-image-2026-09-02-at-11-07-01

Fransua Moriak 1952-ci ildə “insan ruhunun dərinliklərinə və həyatın faciələrinə nüfuz edən dərin bədii gücə malik əsərlərinə görə” Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında fransız yazıçısının yaradıcılığı, insan ruhuna münasibəti və əsərlərindəki əsas motivlər barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, İsveç Akademiyasının üzvü A. Esterlinq Nobel mükafatı münasibətilə çıxışında Moriakın ən mürəkkəb mətləbləri belə bir neçə cümlə ilə izah etmək bacarığını xüsusi qeyd edib.

Etibar Əliyev bildirib ki, Moriak yaradıcılığı çox zaman bədbinlik, günah və insan faciələri ilə əlaqələndirilsə də, yazıçının özü bu yanaşmanı qəbul etmirdi:

“Onun Nobel nitqində diqqətçəkən məqamlardan biri də budur. Moriak onu bədbin adlandıranlara cavab verərək əsərlərinin zahiri qaranlığının daxilində ümid işığının olduğunu vurğulayırdı. Yazıçıya görə, oxucu çox vaxt romanlardakı ‘ilanları’ görür, lakin həmin əsərlərin müxtəlif yerlərində yuva qurmuş ‘göyərçinləri’ fərq etmir”.

Ekspert qeyd edib ki, Moriakın yaratdığı obrazları digər roman qəhrəmanlarından fərqləndirən əsas cəhətlərdən biri onların mənəvi dünyasının olmasıdır:

“Yazıçının qəhrəmanları arasında Allaha inanmayanlar da var. Lakin onun üçün mühüm olan odur ki, bu insanlar günah anlayışını tanıyır və şərə arxalanmağın mümkün olmadığını dərk edirlər. Moriak insan əməllərinin təkcə həmin şəxsin özünə deyil, başqalarının taleyinə də təsir etdiyini göstərməyə çalışırdı”.

Etibar Əliyevin fikrincə, yazıçının yaradıcılığında insanın mənəvi məsuliyyəti xüsusi yer tutur. O hesab edirdi ki, həyatın müəyyən ali məqsədə xidmət etdiyinə inanan insan tamamilə ümidsizliyə qapıla bilməz.

“Bu baxımdan Moriakın yaradıcılığı yalnız insanın qaranlıq tərəflərinin təsviri deyil. Əksinə, o, həmin qaranlığın içərisində vicdanı, inamı və ümidi axtarırdı. Onun romanlarındakı faciələr insan təbiətinin mürəkkəbliyini göstərməklə yanaşı, mənəvi seçim məsələsini də gündəmə gətirir”, – deyə ekspert vurğulayıb.

Etibar Əliyev Moriakın öz mənsub olduğu sosial mühiti də yaradıcılığı boyu tənqid etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müasir fransız yazıçısı Frederik Beqbeder Moriakı varlılara qarşı sərt münasibət bəsləyən, hətta dövlətin və öz sinfinin “xaini” kimi xarakterizə edib.

“Moriak özünün mənsub olduğu çevrənin içində dayanaraq həmin çevrənin problemlərini tənqid etməkdən çəkinmirdi. Onun günah mövzusuna müraciəti də yalnız dini və ya mənəvi məsələ deyildi. Bu, həm də cəmiyyətə, insan münasibətlərinə və sosial riyakarlığa qarşı etiraz forması idi”, – deyə Etibar Əliyev bildirib.

Ekspert yazıçının “İlan yumağı” romanına da toxunub. Onun sözlərinə görə, əsərin mərkəzində bir burjua ailəsi dayanır və ailə üzvləri bir-birlərini yalan, nifrət və mənəvi gərginlik içərisində zəhərləyirlər.

“‘İlan yumağı’ ifadəsi burada sadəcə ailəni deyil, sanki hər bir insanın daxilində mövcud olan mənəvi dolaşıqlığı simvolizə edir. Moriak qəzəbli, inamını itirmiş və dinə qarşı sərt mövqe tutan yaşlı bir insanın həyatının sonuna yaxın həmin mənəvi sıxıntıdan xilas olmaq istəyini təsvir edir. Bu baxımdan roman insanın öz daxilində apardığı mübarizənin də ifadəsidir”, – deyə o əlavə edib.

Etibar Əliyev qeyd edib ki, Moriak ömrünün son illərində jurnalistika ilə də məşğul olub və Şarl de Qolun siyasətini dəstəkləyib. Eyni zamanda yazıçı Əlcəzairin müstəqilliyinin tərəfdarı kimi çıxış edib. 1958-ci ildə hakimiyyətə gələn Şarl de Qol tərəfindən Moriak Fəxri Legionun Böyük Xaç Ordeni ilə təltif olunub.

Ekspertin sözlərinə görə, Fransua Moriak 1969-cu ildə sonuncu əsəri olan “Gələcəyin uşaqları” romanını yazıb və bir il sonra vəfat edib.

Etibar Əliyev Moriakın yaradıcılığı ilə bağlı şəxsi xatirəsini də bölüşüb:

“Borxes “Kitab yaddaşdır” deyirdi. Moriakın romanları məşhur “Müasir nəsrin ustaları” seriyasında 1971-ci ildə rus dilinə tərcümə olunub. Mən həmin kitabı 1990-cı ildə Bukinistdən almışam. Bu yazını hazırlayarkən həmin dövrün Bukinistini də xatırladım. O kitab mağazaları, köhnə nəşrlər, kağızın qoxusu və bir əsərin illər sonra yenidən yaddaşda canlanması özü də kitabın insan həyatındakı xüsusi yerini göstərir”.


media-adspc

Bənzər xəbərlər