media-img_8689

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 1987-ci il iyulun 11-də Yer kürəsinin əhalisi 5 milyarda çatmışdır. Bu tarix “Beş Milyard Günü” kimi tarixə düşüb.

ERAmedia xəbər verir ki, 1990-cı ilin dekabrında BMT Baş Assambleyası 45/216 saylı qətnaməni qəbul edərək hər il 11 iyul tarixinin Ümumdünya Əhali Günü kimi qeyd olunmasını təsis edib. Bu günün məqsədi əhali məsələləri, onların ətraf mühit və dayanıqlı inkişafla əlaqəsi barədə ictimai məlumatlılığı artırmaqdır.

Dünya əhalisinin sürətlə artması hələ 1960-cı illərdə BMT-nin ciddi narahatlıq doğuran məsələlərindən birinə çevrilib. 1950–2020-ci illər ərzində dünya əhalisi üç dəfədən çox artıb. “Beş Milyard Günü”nün 20-ci ildönümündə – 2007-ci il iyulun 11-də dünya əhalisi 6,7 milyarda çatıb, 2022-ci ildə isə bu rəqəm 8 milyardı ötüb.

Dünya əhalisi hər il təxminən 83 milyon nəfər artır. Hazırda Yer kürəsi sakinlərinin sayı 8.3 milyarda çatıb. BMT-nin orta proqnozlarına əsasən, 2030-cu ildə Yer kürəsində 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,9 milyard insan yaşayacaq. Həmin göstəricilər müəyyən dərəcədə ailə planlaşdırılması proqramlarının səmərəliliyindən də asılıdır.

Əhali məsələləri sahəsində BMT-nin apardığı genişmiqyaslı fəaliyyət, xüsusilə əhalinin sayına və demoqrafik dəyişikliklərə dair hazırladığı nüfuzlu qiymətləndirmələr və proqnozlar ölkələrdə uzunmüddətli inkişaf planlaşdırılmasının möhkəmləndirilməsinə, demoqrafik statistikanın sosial-iqtisadi inkişaf strategiyalarına inteqrasiyasına və əsaslandırılmış qərarların qəbuluna mühüm töhfə verir.

XXI əsrdə qlobal istiləşmə problemi daha da kəskin xarakter alıb. Bunun əsas səbəblərindən biri dünya əhalisinin artması və insanların təbii resurslardan intensiv istifadəsidir. Bu proseslər çox vaxt Yer kürəsinin resurslarına və ətraf mühitə mənfi təsir göstərərək geri dönməz nəticələrə səbəb olur.

Bununla yanaşı, dünyada urbanizasiya səviyyəsi sürətlə yüksəlir və miqrasiya prosesləri intensivləşir. 2007-ci il tarixdə ilk dəfə olaraq şəhərlərdə yaşayan insanların sayı kənd əhalisini üstələyib. Proqnozlara görə, 2050-ci ildə dünya əhalisinin təxminən 66 faizi şəhərlərdə yaşayacaq. Həmin tendensiyalar iqtisadi inkişaf, məşğulluq, gəlirlərin bölüşdürülməsi, yoxsulluq və sosial müdafiə sistemlərinə ciddi təsir göstərir. Eyni zamanda, səhiyyə, təhsil, mənzil, sanitariya, içməli su, ərzaq və enerji kimi əsas xidmətlərə hamının bərabər çıxışının təmin edilməsində də mühüm rol oynayır. İnsanların ehtiyaclarını daha səmərəli şəkildə qarşılamaq üçün qərar qəbul edən şəxslərin Yer üzündə nə qədər insanın yaşadığını, onların harada yerləşdiyini, yaş strukturunu və gələcək demoqrafik dəyişiklikləri dəqiq bilməsi vacibdir.

Məhz buna görə də Ümumdünya Əhali Gününün əsas məqsədi əhali problemlərinə, ümumi inkişaf proqramlarına və bu sahədə mövcud qlobal çağırışların həllinə diqqəti cəlb etməkdir. Hər il bu gün müəyyən bir mövzuya həsr olunur. Bu il təqvim gününün devizi “Gənclərin ümid və arzularının həyata keçirilməsi – həm bu gün, həm də gələcək üçün.” adlanır.

Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 7 min 987 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il may ayının 1-i vəziyyətinə 10 milyon 270 min 338 nəfərə çatıb. Azərbaycan Respublikası Qaçqınların və

Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan

Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən iyunun 1-dək işğaldan azad edilmiş ərazilərə 36 min 492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88 min 123 nəfər təşkil edib.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.


media-adspc

Bənzər xəbərlər