Cəmiyyətin gələcəyi üçün sağlam düşüncə və azad fikir çağırışı
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri dini xurafat, mövhumat və radikal düşüncənin cəmiyyət üçün yaratdığı təhlükələrdən danışaraq, bu hallara qarşı mübarizədə yalnız dövlətin deyil, bütün cəmiyyətin, xüsusilə də ziyalıların məsuliyyət daşıdığını bildirib.
ERAmedia xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa sosial şəbəkədə paylaşdığı açıqlamada son dövrlər diqqət çəkən bir tendensiyaya toxunub. O bildirib ki, dövlətini gözləyən təhlükələrdən narahat olan insanların dini xurafat və mövhumatın ayrı-ayrı təzahürlərini tənqid etməsindən sonra bəzi ictimai tanınmış şəxslər həmin cəhalətə haqq qazandırmağa çalışırlar.
Komitə sədri qeyd edib ki, müasir və yenilikçi obrazda təqdim olunan bəzi diplomlu şəxslər, yazarlar, filosoflar, sosioloqlar, kulturoloqlar, ilahiyyatçılar, blogerlər və digər ictimai simalar sosial şəbəkələrdə qaragüruh düşüncəsinin dəstəyini qazanmaq məqsədilə xurafatı açıq və ya dolayı yolla müdafiə edirlər.
Onun sözlərinə görə, dini xurafatın, mövhumatın və xarici dini-ideoloji təsirlərin qanunvericilik çərçivəsində müəyyən qədər məhdudlaşdırılması mümkün olsa da, problemin qarşısının alınmasında cəmiyyətin maarifçi və aydın təbəqəsinin həssaslığı, cəsarəti və səfərbərliyi həlledici rol oynayır.
Fazil Mustafa vurğulayıb ki, məsələ yalnız dövlətin üzərinə düşən vəzifə kimi qiymətləndirilməməlidir. O hesab edir ki, bəzi hallarda dövlət bürokratiyasında bu kimi mənfi təzahürlərə qarşı laqeydlik və ya yetərli məlumatın olmaması problemin yalnız statistik yanaşma ilə qiymətləndirilməsinə gətirib çıxarır. Buna görə də Vətənin və millətin sağlam gələcəyini düşünən ziyalıların fəallığı xüsusi əhəmiyyət daşıyır.
Komitə sədri Mirzə Cəlilin “Ölülər” əsərinə istinad edərək bildirib ki, Kefli İsgəndərin çağırışına qulaq asmaq cəmiyyətin maariflənməsinə, uşaqların təhsil almasına və şəxsiyyət kimi formalaşmasına xidmət edir. Əksinə, Şeyx Nəsrullah təfəkkürünün hakim olması isə insanların hüquqlarının pozulmasına, qadın və uşaqların istismarına, eləcə də cəmiyyətin mənəvi tənəzzülünə şərait yarada bilər.
Fazil Mustafa qeyd edib ki, mənəviyyatın mənbəyi elm, kitab, bilik, mədəniyyət, insan sevgisini təbliğ edən din və sağlam ənənələr ola bilər. Lakin savadsız din xadimlərinin, dini alver predmetinə çevirən şəxslərin, insan hüquqlarına və çağdaş dəyərlərə qarşı çıxan radikal məzhəb və təriqət nümayəndələrinin fikirləri heç vaxt mənəviyyat meyarı hesab oluna bilməz.
O əlavə edib ki, akademik, professor, fəlsəfə doktoru, sosioloq, filosof, kulturoloq, ilahiyyatçı, yazar, sənətçi, idmançı və ya blogger kimi tanınan ictimai şəxslər dini xurafatı və mövhumatı açıq və ya dolayı şəkildə dəstəkləyirlərsə, onların mövqeyinə ciddi münasibət göstərilməməsi cəmiyyətin ən təsirli etiraz formalarından biri ola bilər.
Komitə sədri bildirib ki, Şərq tarixini araşdıran hər kəs cəmiyyət üçün təhlükə yaradan radikal ideyaların əvvəlcə müasir görünüş altında təqdim olunduğunu, daha sonra isə kütlə tərəfindən ideallaşdırıldığını müşahidə edə bilər. Onun fikrincə, bu proses sonda azad düşüncənin və maarifçi ruhun sıxışdırılmasına səbəb olur.
Fazil Mustafa vurğulayıb ki, mövhumat yalnız dini sahədə deyil, siyasətdə, ədəbiyyatda və müxtəlif sosial ideologiyalarda da özünü göstərir. O qeyd edib ki, şəxsi dini inanclarına sadiq qalmaqla yanaşı, fərqli baxışları ifadə edən maarifçi fikir və əsərləri oxumaqdan və paylaşmaqdan çəkinmir.
Sonda komitə sədri bildirib ki, insanlar müəllifin dini, siyasi və ya ideoloji kimliyindən asılı olmayaraq, insan hüquqlarına hörmət, barış, azad fikir və sağlam düşüncəni təşviq edən ideyalara üstünlük verməlidirlər. Onun sözlərinə görə, cəmiyyətin aydınlıq ruhunu qorumaq üçün doğru yol seçilməli və bu seçimə görə hər kəs öz məsuliyyətini dərk etməlidir.










