Diri daşların “ölü” yazıları: ermənilərin uydurduğu nağıllar
Qarabağ erməni işğalından azad edildikdən sonra orada ermənilərin törətdiyi vəhşiliklər təkcə dağıdılmış evlər, abidələr, məbədlər və məscidlərlə məhdudlaşmır. Eyni zamanda, qədim Azərbaycanın Albaniya dövrünə aid tikililərin üzərində saxta əlavələrin edildiyinin də şahidi oluruq. Kəlbəcərdə ermənilərə məxsus saxta xaçlar hazırlayan sexlərin aşkar edilməsi göstərir ki, onların “qədim abidələr” adlandırdıqları nümunələr əslində sonradan edilən saxta əlavələrdən ibarətdir.
Təkcə bir misal çəkim. Laçında alban xristian memarlığına aid Ağoğlan məbədinin üzərində Albaniya dövrünə məxsus ornamentlər silinib, abidənin üzərinə erməni dilində 26 ədəd saxta “tarixi” lövhə yerləşdirilib.
Son günlər erməni mediası Qərbi Azərbaycan ərazilərində guya qədim erməni dilində daş lövhə tapdıqlarını dünyaya bəyan edib. Daş abidənin üzərində qeyri-peşəkar şəkildə erməni əlifbası ilə yazıların həkk edilməsi ilə onlar yalnız sadəlövh erməniləri aldada bilərlər. İndi isə bu abidə ilə bağlı əsl həqiqətləri yazaq ki, səhifəni izləyən ermənilər də öyrənsinlər.
Bu gün ciddi dünya alimlərinin gəldiyi bir qənaət var: “erməni abidələri və daşları” deyilən anlayış əslində Azərbaycanın maddi-mədəni irsinin mənimsənilməsi deməkdir.
1772-ci ildə Hindistanın Çennai (Madras) şəhərində mətbəə yaradılıb. Bu mətbəədə ermənilər üçün “qədim tarix” uydurulmuş, kitablar nəşr edilərək dünyanın müxtəlif kitabxanalarına göndərilib. Tarixdə guya mövcud olmuş Mesrop, Xorenasi və digərləri uydurma adlar və “alimlər”dir. Bütün bu saxta kitablar Yakob Şahamiryan adlı erməninin fəaliyyəti nəticəsində ortaya çıxıb.
Şəkildəki hərflər vizual olaraq XVIII əsrdə Hindistanda tərtib edilmiş sistemin klassik formalarına (U, O, R, I, N kimi işarələrə) bənzəyir. Bunlar isə Efiopiya, qədim gürcü və alban əlifbalarından götürülmüş formaların təhrif olunmuş variantlarıdır. Saxtakarlıq edənlər çox vaxt qədim dilləri zəif bildikləri üçün qrammatik səhvlərə yol verir və ya müxtəlif dövrlərə aid hərfləri qarışdırırlar ki, bu da elm adamları tərəfindən dərhal aşkar edilir.
1836-cı ildə Alban Həvari Kilsəsi ləğv edildikdən sonra Qafqaz Albaniyasına aid bir çox mədəni və dini abidələr ermənilərin nəzarəti altına keçdi. Nəticədə alban kilsələrinin üzərinə erməni dilində yazılar saxtakarlıq yolu ilə əlavə edilməyə başlandı.
İkinci məsələ ondan ibarətdir ki, diqqətlə baxdıqda hərflərin iç hissələri və daşın kənarları çox iti və kəskindir. Əgər bu daş həqiqətən qədim dövrə aid olsaydı, təbiət hadisələrinin (yağış, külək, rütubət) təsiri nəticəsində hərflərin kənarları daha çox yuvarlaqlaşmalı və aşınmalı idi. Burada isə müasir avadanlıqlarla yonulmuş görüntü müşahidə olunur.
Üçüncüsü, qədim sənətkarlar əsasən kəsici alətlər və çəkiclərdən istifadə edirdilər. Bu isə çox vaxt yazıların səliqəsizliyi və hərflərin ölçülərinin fərqli olması ilə özünü göstərirdi. Ustalar əvvəlcə daş üzərində paralel xətlər çəkirdilər ki, yazılar düz getsin. Nəticədə sətirlər bəzi yerlərdə aşağı meyil edir, bəzən isə hərflər bir-birinin üstünə düşürdü. Burada isə hərflərin forması dövrün üslubuna uyğun deyil, onlar o qədər standart görünür ki, sanki müasir bir şrift daşa köçürülüb.
Dördüncüsü, qədim daşlarda müşahidə edilən “patina” adlanan təbii aşınma təbəqəsi ilə bağlıdır. Daşın dərinliyinə hopan qaralma və ya rəng dəyişimi burada açıq-aşkar süni təsir bağışlayır. Daşın səthi həddindən artıq təmizdir. Halbuki bu yaşda olan daşların üzərində adətən mamır izləri, mineral çöküntülər və ya daşın strukturuna hopmuş ləkələr olur.
Daşın üzərindəki hərflər vizual olaraq erməni əlifbasına bənzəsə də, daşın fiziki vəziyyəti onun həqiqətən qədim artefakt olmasındansa, süni şəkildə “köhnəldilmiş” saxta nümunə olduğunu göstərir. Bəs bunu necə edirlər?
Daşın səthini korroziyaya uğratmaq üçün güclü turşulardan istifadə olunur ki, “min illik aşınma” effekti yaradılsın. Lakin bu zaman hərflərin daxili hissələri qeyri-təbii dərəcədə təmiz qalır. Daşın kənarları qəsdən çəkiclə sındırılır ki, “zamanla qırılmış” təsiri yaransın. Ancaq diqqətlə baxıldıqda qırıq yerlərin rəngi ilə daşın orta hissəsinin rənginin eyni olması (yəni eyni vaxtda yaranması) saxtakarlığı üzə çıxarır.
Daşın üzərindəki tünd ləkələr də süni xarakter daşıyır. Saxtakarlar çox vaxt daşın üzərinə yağ, tünd çay və ya xüsusi boyalar sürtürlər ki, o, qədim və “hisli” görünsün. Lakin bu maddələr daşın içinə hopmur, yalnız səthdə qeyri-təbii izlər yaradır.
Sonda qeyd edək ki, əgər bu tapıntı həqiqətən qədim olsaydı, bu, böyük elmi hadisə kimi qiymətləndirilər, dünya elmi ictimaiyyətində ciddi alimlərin məqalələri və araşdırmaları ilə müşayiət olunardı.
Zaur Əliyev










