Fizika üzrə Nobel mükafatçısı o oldu
2026-cı il Fizika üzrə Nobel mükafatının qalibi Belçika-ABŞ fiziki Frensis Halzen olub.
ERAmedia mükafatın rəsmi saytına istinadən xəbər verir ki, o, “neytrino rəsədxanası “IceCube”un işinə həlledici töhfəsinə və astrofizika mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə” bu makafata layiq görülüb.
“Halzen ilk dəfə Cənub qütbündə neytrinoların tutulması ideyasını 1988-ci ildə təqdim edib. Neytrinonun atom nüvəsi ilə toqquşması zamanı buzlaq buzunun şəffaf qatında yerləşdirilmiş sensorlar vasitəsilə izlənilə bilən işıq parıltısı yaranır”, – məlumatda deyilir.
Qeyd edək ki, Antarktidada yerləşən “IceCube” qurğusu bir kub kilometr sahəni əhatə edir. Onun tikintisi 2011-ci ildə başa çatıb. “IceCube” sayəsində alimlər Günəş sisteminin hüdudlarından çox uzaqda yaranan yüksək enerjili neytrinoları aşkar ediblər. Bu isə hazırda yerüstü hissəcik sürətləndiriciləri ilə tədqiq edilməsi mümkün olmayan yüksək enerjili proseslərin təbiətini anlamağa imkan verib.
1944-cü ilin martında Belçikada anadan olan Halzen 1966-cı ildə bu ölkənin Löven Universitetini bitirib. O, 1972-ci ildən ABŞ-nin Viskonsin Universitetində çalışır.
Xatırladaq ki, ötən gün 2026-cı il Fiziologiya və ya tibb üzrə Nobel mükafatının laureatları açıqlanmışdı. Nobel laureatlarının mükafatlandırma mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək.










