Kərbəla faciəsi və Aşura: Haqla batilin əbədi qarşıdurmasının simvolu
Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördi zülfü tökülüb, çün şəbi yelda üzünə.
Mirzə Ələkbər Sabir
İslam tarixində elə hadisələr var ki, onlar yalnız müəyyən bir dövrün siyasi hadisəsi kimi qalmayıb, əsrlər boyu bəşəriyyətin vicdanına, mənəviyyatına və ədalət anlayışına təsir göstərib. Kərbəla faciəsi belə hadisələrdən biridir. Hicri 61-ci ilin Məhərrəm ayının onuncu günü – Aşura günündə baş verən bu hadisə təkcə İslam tarixinin deyil, ümumilikdə insanlıq tarixinin ən faciəli və eyni zamanda ən şərəfli səhifələrindən hesab edilir. Kərbəla bir tərəfdən amansız zülmün, hakimiyyət hərisliyinin və insanlıqdan uzaq davranışların təcəssümü idisə, digər tərəfdən haqqın, ədalətin, mənəvi dəyərlərin və Allah yolunda fədakarlığın zirvəsi oldu.
Peyğəmbərimiz Hz.Məhəmmədin (s) dünyadan köçməsindən sonra müsəlman cəmiyyətində siyasi hakimiyyət uğrunda mübarizə getdikcə dərinləşdi. Xüsusilə Əməvi sülaləsinin hakimiyyətə gəlməsi ilə xilafət öz mahiyyətindən uzaqlaşmağa başladı. İslamın ilk dövrlərində xilafət dini və ictimai məsuliyyət daşıyan bir idarəçilik forması kimi qəbul olunurdusa, Əməvilər dövründə bu institut tədricən irsi monarxiyaya çevrildi.
Muaviyə ibn Əbu Süfyan hakimiyyətinin son illərində oğlu Yezidi özündən sonra varis elan etdi. Bu addım müsəlman cəmiyyətinin böyük hissəsi tərəfindən narazılıqla qarşılandı. Çünki xilafətin irsi hakimiyyətə çevrilməsi İslamın idarəçilik prinsiplərinə zidd hesab olunurdu. Yezid siyasi güc və təzyiq vasitəsilə müsəlmanlardan beyət almağa çalışırdı. Halbuki onun həyat tərzi və davranışları dini mənbələrdə, tarixi qaynaqlarda ciddi tənqid olunur. Bir çox tarixçilər Yezidin açıq şəkildə dini dəyərlərə laqeyd yanaşdığını, əxlaqi pozğunluqlara yol verdiyini, hakimiyyəti qorumaq naminə zorakılıqdan istifadə etdiyini qeyd edirlər.
Əməvi hakimiyyətinin əsas xüsusiyyətlərindən biri bu sülalənin əleyhinə olanlara qarşı sərt repressiyalar həyata keçirməsi idi. Dövlət idarəçiliyində qohumbazlıq geniş yayılmışdı, hakimiyyətin qorunması üçün təzyiq və zor tətbiq olunurdu. İslamın ədalət, bərabərlik və mənəvi məsuliyyət prinsipləri getdikcə arxa plana keçirilirdi. Bu səbəbdən Peyğəmbərin (s) nəvəsi, imamət məktəbinin üçüncü imamı Həzrət Hüseyn (ə) Yezidə beyət etməyi qəbul etmədi. O, Yezidin hakimiyyətini yalnız siyasi baxımdan deyil, həm də dini və mənəvi baxımdan qeyri-legitim hesab edirdi.
Həzrət Hüseynin (ə) mövqeyi hakimiyyət uğrunda mübarizə deyildi. O, öz çıxışlarında dəfələrlə bildirirdi ki, məqsədi hakimiyyəti ələ keçirmək yox, İslam ümmətini islah etmək, savab işləməyə çağırmaq və günahlardan çəkindirməkdir. Onun Yezidə beyət etməməsi əslində haqq ilə batilin qarşıdurmasının açıq təzahürü idi.
Bu dövrdə Kufə şəhərinin minlərlə sakini Həzrət Hüseynə (ə) məktublar göndərərək onu İraqa dəvət etdi. Kufəlilər bildirirdilər ki, onlar Əməvi zülmündən beziblər və Həzrət Hüseyni (ə) öz rəhbərləri kimi görmək istəyirlər. Məktubların sayı o qədər çox idi ki, imam vəziyyəti araşdırmaq üçün əmisi oğlu Müslim ibn Əqili Kufəyə göndərdi. İlk vaxtlar Kufə əhalisinin böyük hissəsi Müslimə beyət etdi və imamın gəlişinə hazır olduğunu bildirdi.
Lakin Yezid vəziyyətin təhlükəli istiqamət aldığını gördükdə Kufəyə sərt və qəddar valilərdən biri olan Ubeydullah ibn Ziyadı göndərdi. Təhdidlər, həbslər, edamlar və qorxu siyasəti nəticəsində Kufə əhalisinin böyük hissəsi geri çəkildi. Bir vaxtlar Həzrət Hüseyni (ə) dəvət edən insanlar sonradan onu tək qoydular. Müslim ibn Əqil şəhid edildi və Kufə əhalisinin böyük hissəsi verdiyi sözə əməl etmədi. Bu hadisə tarixdə xəyanətin və qorxaqlığın ən acı nümunələrindən biri kimi yadda qaldı.
Həzrət Hüseyn (ə) ailəsi və tərəfdarları ilə birlikdə Kərbəla çölünə çatdıqda artıq geri dönüş yolu bağlanmışdı. Qarşı tərəfdə minlərlə silahlı döyüşçüdən ibarət ordu dayanırdı. İmamın yanında isə sayı yetmişdən bir qədər çox olan yaxınları və əqidədaşları vardı. Bu, hərbi baxımdan qeyri-bərabər bir qarşıdurma idi.
Yezidin qoşunu Həzrət Hüseynin (ə) dəstəsinə qarşı təkcə hərbi üstünlükdən istifadə etmədi. Tarixi mənbələrdə qeyd olunur ki, imamın düşərgəsinə su yolu bağlandı və günlərlə qadınlar, uşaqlar və döyüşçülər susuzluqla sınağa çəkildi. Fərat çayının sahilində yerləşmələrinə baxmayaraq, onların su əldə etmələrinə imkan verilmədi. Bu, hətta müharibə qaydaları baxımından belə, insanlıqdan kənar və qəbuledilməz addım idi. Yezidin əmri ilə onun qoşununa başçılıq edənlər bütün insanlıq qaydalarını ayaqları altına saldılar və vəhşiyinin ən murdar nümunəsini tarixə yazdılar.
Aşura günü Həzrət Hüseynin (ə) silahdaşları bir-bir şəhid oldular. Peyğəmbərin (s) ailəsinin üzvləri, yaxın qohumları və sədaqətli dostları misilsiz şücaət nümayiş etdirdilər. Nəhayət, imam özü də şəhid edildi. Tarixi qaynaqlarda onun cəsədinə qarşı həm döyüş meydanında, həm də Əməvi sarayında Yezid tərəfindən hörmətsizlik göstərildiyi, şəhidlərin nəşlərinin tapdalandığı qeyd olunur. Bu hadisələr İslam tarixinin ən ağrılı səhifələrindən biridir.
Faciə Həzrət Hüseynin (ə) şəhadəti ilə bitmədi. Onun ailə üzvləri, qadınlar və uşaqlar əsir götürüldü. Peyğəmbər nəvələrinin və ailəsinin şəhər-şəhər gəzdirilməsi, onların ictimai şəkildə təhqir olunması insanlıq tarixində qara ləkə kimi qaldı. Həzrət Zeynəb (ə) və İmam Zeynülabidin (ə) əsirlik dövründə göstərdikləri əzmkarlıq və söylədikləri tarixi xütbələrlə Yezid rejiminin mahiyyətini ifşa etdilər.
Yezid hakimiyyəti hərbi baxımdan qələbə qazandığını düşünsə də, mənəvi və tarixi baxımdan məğlub oldu. Kərbəla hadisəsi göstərdi ki, güc və zorakılıq həmişə həqiqəti məğlub edə bilmir. Əksinə, bəzən qanla yazılan həqiqətlər əsrlər boyu yaşayır.
Kərbəla faciəsindən sonra İslam dünyasında şəhidlik məktəbi formalaşdı. Bu məktəbin əsas fəlsəfəsi haqq uğrunda mübarizə aparmaq, zülmə boyun əyməmək, ədaləti hər şeydən üstün tutmaq və bu dəyərlər uğrunda canından keçməkdir. Həzrət Hüseynin (ə) şəhadəti göstərdi ki, say çoxluğu və hərbi üstünlük həqiqətin meyarı deyil. Əsas olan insanın hansı mövqedə dayanmasıdır.
Kərbəla hadisəsinin hər il matəmlə yad edilməsinin səbəbi yalnız şəhidlərə ağlamaq deyil. İslam inancına görə, Allah yolunda şəhid olanların məkanı Cənnətdir. Lakin Kərbəla həm də bəşəriyyətə qarşı törədilmiş böyük bir cinayət və ictimai faciədir. Buna görə də müsəlmanlar hər il bu hadisəni xatırlayır, Kərbəla şəhidlərinə matəm saxlayır, onun dərslərini gələcək nəsillərə çatdırırlar.
Bu ənənə digər xalqların milli faciələri yad etməsinə də bənzəyir. Azərbaycan xalqı 20 Yanvar faciəsi və Xocalı soyqırımı qurbanlarının şəhid olduğuna inanır. Lakin həmin hadisələr xalqın tarixində qanlı və faciəli səhifələr olduğu üçün hər il ehtiramla yad edilir, matəm saxlanılır və şənliklərdən imtina olunur. Kərbəla matəmi də eyni məntiqə əsaslanır. Məqsəd şəhidlərin aqibətinə görə kədərlənməkdən daha çox, baş vermiş zülmü unutdurmamaq və ondan nəticə çıxarmaqdır.
Qurani-Kərimdə Peyğəmbərin (s) yaxınlarına məhəbbət göstərilməsi xüsusi əhəmiyyət daşıyır. “Şura” surəsinin 23-cü ayəsində Hz.Peyğəmbərin (s) risalət müqabilində müsəlmanlardan yaxınlarına sevgi göstərməsinin istəndiyi bildirilir. İslam alimlərinin böyük hissəsi bu ayənin Əhli-Beytə (ə) sevgi və ehtiramın vacibliyinə işarə etdiyini qeyd edib. Əhli-Beytə (ə) sevgi təkcə emosional münasibət deyil, onların təmsil etdiyi ədalət, mənəviyyat və haqq yoluna bağlılıq deməkdir.
Peyğəmbərimiz Hz.Məhəmmədin (s) hədislərində də Kərbəla hadisəsinə işarələr var. Müxtəlif hədis mənbələrində Peyğəmbərimizin (s) Həzrət Hüseynin (ə) gələcəkdə şəhid ediləcəyini xəbər verdiyi nəql olunur. Rəvayətlərdə mələklərin ona Hüseynin (ə) şəhadət torpağını göstərməsi, onun faciəli aqibətindən danışması və Hz.Hüseynə (ə) olan dərin sevgisini ifadə etməsi qeyd edilir. “Hüseyn məndəndir, mən də Hüseyndənəm” hədisi müsəlman dünyasında ən məşhur rəvayətlərdən biri hesab olunur və imamın İslam tarixindəki müstəsna yerini göstərir.
Kərbəla müsəlmanlara çox mühüm ibrət dərsləri verir. Bu hadisə göstərir ki, haqqın yanında olmaq bəzən ağır bədəllər tələb edir. Zülm qarşısında susmaq onu gücləndirir. Verilən vədlərə sadiq qalmaq böyük mənəvi məsuliyyətdir. Hakimiyyət və dünya mənafeyi insanları haqq yoldan uzaqlaşdıra bilər. Ən əsası isə Kərbəla öyrədir ki, həqiqi qələbə hər zaman üstünlük deyil, bəzən şəhadət özü tarixin ən böyük zəfərinə çevrilir.
Aradan on dörd əsrdən artıq vaxt keçməsinə baxmayaraq, Kərbəla hələ də milyonlarla insanın vicdanında yaşayır. Çünki bu hadisə yalnız keçmişin tarixi deyil. O, hər dövrdə insanları ədalət və zülm, haqq və batil, sədaqət və xəyanət arasında seçim etməyə çağıran əbədi bir məktəbdir. Həzrət Hüseynin (ə) Kərbəladakı mövqeyi insanlığa göstərdi ki, şərait nə qədər ağır olsa da, haqq uğrunda mübarizədən geri çəkilmək olmaz. Məhz buna görə Kərbəla tarixdə bir faciə olmaqla yanaşı, həm də azadlığın, ləyaqətin və mənəvi müqavimətin əbədi simvolu kimi yaşayır.
Rəsul Mirhəşimli










