media-725860212_1014035597878274_6416113428887708509_n

Gürcüstanda keçirilən Məhərrəm məclisləri ətrafında yaranan müzakirələrə dini mövzular üzrə mütəxəssis münasibət bildirib.

ERAmedia xəbər verir ki, dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu son illər Gürcüstan azərbaycanlılarının dini mərasimlərinin mütəmadi olaraq müzakirə mövzusuna çevrildiyini qeyd edib. Onun sözlərinə görə, Borçalı ilə yanaşı Dərbənd, Qars və İğdır bölgələrində də oxşar vəziyyət müşahidə olunur və bu ərazilərdə keçirilən dini mərasimlər tez-tez İranın təsiri ilə əlaqələndirilir.

Ekspert bildirib ki, xaricdə yaşayan azərbaycanlı icmalar arasında dini sahədə İranın təsir imkanlarının artması ilk növbədə Azərbaycanın müvafiq qurumlarının uzun illər bu sahəyə kifayət qədər diqqət ayırmaması ilə bağlıdır.

“Azərbaycan xaricdəki soydaşlarla işləyərkən dini məsələlərə ya ümumiyyətlə yaxın durmayıb, ya da bu istiqamətə lazımi diqqət göstərməyib. Nəticədə yaranan boşluğu təbii olaraq İran doldurub”, – deyə o vurğulayıb.

Kənan Rövşənoğlu qeyd edib ki, Borçalı, Dərbənd, Qars-İğdır və İraq türkmənlərinin yaşadığı bölgələrdə şiəlik, Məhərrəm və Aşura mərasimləri yalnız dini ayin deyil, eyni zamanda milli kimliyin mühüm elementlərindən biridir.

Onun sözlərinə görə, bu adət və ənənələr həmin icmaların çoxsaylı müsəlman cəmiyyətləri içərisində öz milli xüsusiyyətlərini qoruyub saxlamasına kömək edir.

“Məhərrəm-Aşura mərasimləri, Novruz və digər ənənələr olmasaydı, bu bölgələrdə yaşayan soydaşlarımızın böyük hissəsi zamanla assimilyasiyaya məruz qala bilərdi. Bəzilərinin İran təsiri kimi qiymətləndirdiyi bu ənənələr əslində milli kimliyin qorunmasına xidmət edən amillərdir”, – deyə ekspert bildirib.

Mütəxəssis həssas məsələlərə münasibətdə daha ehtiyatlı yanaşmanın vacibliyini də vurğulayıb. O hesab edir ki, Dərbənddə, Borçalıda və ya İğdırda Aşura mərasimlərində iştirak edən insanları İranın təsiri altında olmaqda ittiham etmək həmin icmaların nümayəndələrini incidir və cəmiyyətdə parçalanma yaradır.

“Azərbaycan həmin bölgələrdə yaşayan insanların ana vətəni hesab olunur. Ana Vətən öz soydaşlarını hansısa xarici dövlətin təsiri altına düşmüş qrup kimi deyil, milli-mədəni kimliyini qoruyub saxlayan toplumlar kimi görməli və onlara dəstək verməlidir”, – deyə Kənan Rövşənoğlu əlavə edib.

Ekspertin fikrincə, əsrlər boyu müxtəlif imperiyaların təzyiqlərinə baxmayaraq öz kimliyini qoruyan bu icmaların milli-mədəni dəyərlərinə həssas yanaşmaq və onları süni şəkildə qarşıdurma mövzusuna çevirməmək vacibdir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər