Rusiya–Ukrayna müharibəsi daha təhlükəli mərhələyə keçib
Qış kampaniyasından sonra Rusiya–Ukrayna müharibəsi “sürünən” mərhələdən çıxaraq daha intensiv və dağıdıcı xarakter alıb.
ERAmedia xəbər verir ki, siyasi şərhçi Səxavət Məmməd bildirib ki, hazırda tərəflər yalnız cəbhə xəttində üstünlük qazanmağa çalışmır, eyni zamanda bir-birinin iqtisadi və kritik infrastrukturunu iflic etməyə yönəlmiş zərbələri də intensivləşdirirlər.
Onun sözlərinə görə, Ukrayna cəbhədə Rusiyanın canlı qüvvə və zirehli texnika üstünlüyünü tam kompensasiya edə bilmədiyi üçün əsas diqqətini Rusiyanın neft emalı zavodlarına yönəldib. Şərhçi qeyd edib ki, bu hücumlar müəyyən dövrlərdə Rusiyada benzin və dizel istehsalını azaldır, daxili bazarda qiymət artımına, ixrac məhdudiyyətlərinə və cəbhənin yanacaq təminatında problemlərə səbəb olur.
Səxavət Məmməd hesab edir ki, Kiyevin əsas məqsədi Rusiyada yanacaq çatışmazlığı və qiymət artımı fonunda sosial narazılığı artırmaq, eyni zamanda logistikanı zəiflədərək Moskvanın hücum imkanlarını məhdudlaşdırmaqdır. O vurğulayıb ki, bu zərbələr Rusiyaya ciddi çətinliklər yaratsa da, hələlik onu strateji baxımdan çökdürəcək səviyyədə deyil.
Siyasi şərhçinin fikrincə, Rusiya isə Ukraynanın enerji sistemini hədəfə almaqla ölkənin arxa cəbhəsini zəiflətməyə çalışır. O bildirib ki, elektrik stansiyalarına endirilən raket, idarəolunan aviabomba və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar nəticəsində Ukraynanın enerji infrastrukturu ciddi zərər görüb. Bu isə təkcə əhalinin elektrik təminatına deyil, həm də hərbi sənaye, dəmir yolu logistikası və digər strateji sahələrin fəaliyyətinə təsir göstərir.
Şərhçi qeyd edib ki, Ukrayna Avropa İttifaqından elektrik enerjisi idxalı və enerji sistemində çevik idarəetmə hesabına tam enerji böhranının qarşısını qismən ala bilir. Bununla yanaşı, o hesab edir ki, Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr Ukrayna üçün uzunmüddətli perspektivdə daha ciddi təhlükə yaradır.
Səxavət Məmməd cəbhədəki vəziyyətə də toxunaraq bildirib ki, Rusiya ordusu eyni vaxtda bir neçə istiqamətdə hücumları davam etdirir və Donetsk vilayətində Slavyansk–Kramatorsk müdafiə xəttinə yaxınlaşmağa çalışır. Onun sözlərinə görə, Moskvanın məqsədi Ukrayna ordusunu geniş cəbhə boyunca döyüşə cəlb etməklə canlı qüvvə və sursat ehtiyatlarını tükəndirməkdir.
Şərhçi vurğulayıb ki, Rusiyanın son aylardakı irəliləyişlərində idarəolunan aviabombalardan geniş istifadə mühüm rol oynayır. O əlavə edib ki, Ukraynada hava hücumundan müdafiə sistemləri və sursat çatışmazlığı bu taktikanın effektivliyini artırır.
Səxavət Məmmədin sözlərinə görə, Rusiya cəbhə xəttində canlı qüvvə cəmləşdirməyə davam edir və yeni hücum istiqamətlərinin açılması ehtimalı da istisna deyil. O qeyd edib ki, bu səbəbdən Ukraynanın Rusiyanın yalnız neft infrastrukturunu deyil, digər strateji obyektlərini də hədəfə alması başadüşüləndir. Bununla belə, o vurğulayıb ki, Rusiyanın cəbhədə qazandığı irəliləyişlər böyük canlı qüvvə və texnika itkiləri hesabına baş verir.
Siyasi şərhçi Avropadakı hərbi-siyasi vəziyyəti də dəyərləndirib. Onun fikrincə, Baltikyanı ölkələrə yönələn mümkün təhdidlər NATO daxilində müdafiə hazırlıqlarını əhəmiyyətli dərəcədə artırıb. O hesab edir ki, Rusiyanın Ukraynada böyük resurs sərf etdiyi bir vaxtda qısamüddətli perspektivdə NATO üzvünə birbaşa hücum etməsi hərbi baxımdan asan görünmür. Bununla yanaşı, Belarus amilinin Ukrayna üçün əlavə risk olaraq qalmaqda davam etdiyini bildirib.
Səxavət Məmməd əlavə edib ki, Belarus Rusiya üçün təkcə Ukrayna istiqamətində deyil, həm də Baltikyanı region və Suvalkı dəhlizi üzərində təzyiq vasitəsi kimi mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, rəsmi Minsk müharibədən kənarda qalmağa çalışsa da, Kremlin təzyiqlərinin gələcəkdə hansı nəticələr verəcəyini indidən proqnozlaşdırmaq çətindir.
Şərhçi bildirib ki, Rusiya ilə Avropa arasında mümkün qarşıdurma regional proseslərin inkişafı nəticəsində də baş verə bilər. O, Moldova ətrafında gedən proseslərin və Dnestryanı regionun gələcəkdə təhlükəsizlik baxımından həssas nöqtələrdən biri ola biləcəyini qeyd edib.
Səxavət Məmməd İsveç hərbi kəşfiyyatının rəhbəri Tomas Nilssonun fikirlərinə də diqqət çəkərək bildirib ki, Rusiyanın xarici siyasət kursu təkcə Vladimir Putinin şəxsiyyəti ilə bağlı deyil. Onun sözlərinə görə, Rusiyada hakimiyyət dəyişikliyi baş versə belə, ölkənin geosiyasi yanaşmasının qısa müddətdə ciddi şəkildə dəyişəcəyi gözlənilmir.
Sonda siyasi şərhçi vurğulayıb ki, Rusiyanın Ukraynada məqsədlərinə çatacağı təqdirdə Avropaya qarşı daha aqressiv siyasət yürütməsi ehtimalı artır. Əgər Moskva Ukrayna cəbhəsində istədiyi nəticəni əldə edə bilməsə, növbəti təzyiq istiqamətləri kimi Mərkəzi Asiya və Cənubi Qafqaz regionları ön plana çıxa bilər.
Vüsalə










