Şulenburqun Bakı nefti uğrunda gizli diplomatik oyunu

1918-ci ildə imzalanan Brest-Litovsk müqaviləsindən sonra Bakı nefti uğrunda böyük dövlətlər arasında gizli diplomatik mübarizə daha da kəskinləşmişdi.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, həmin dövrdə Almaniya İngiltərənin Bakı neftinə nəzarət etməsinin qarşısını almaq üçün Cənubi Qafqazda müxtəlif siyasi və kəşfiyyat mexanizmlərini işə salmışdı.
Onun sözlərinə görə, məhz bu dövrdə Gəncədə alman diplomatı və qraf Fridrix-Verner fon Şulenburq fəaliyyətə başlayıb. Rusiya kəşfiyyatının məlumatlarında qeyd olunurdu ki, o, hələ Birinci Dünya müharibəsindən əvvəl Tiflisdə Almaniyanın baş konsulu olarkən bölgədə geniş casusluq şəbəkəsi yaratmışdı. Bu şəbəkə əsasən Cənubi Qafqazdakı alman koloniyalarında yaşayan əhali arasında formalaşdırılmışdı.
Tarixçi qeyd edib ki, alman zadəgan nəslinin nümayəndəsi olan Fridrix-Verner fon Şulenburq 1894-cü ildə Braunşveyqdə Vilhelm gimnaziyasını bitirib, Potsdamda hərbi xidmət keçib, Lozanna, Münxen və Berlin universitetlərində dövlət hüququ üzrə təhsil alaraq 1900-cü ildə hüquq elmləri doktoru dərəcəsi alıb. Birinci Dünya müharibəsində döyüşdükdən sonra yenidən diplomatik fəaliyyətə qayıdan Şulenburq Ərzurum, Beyrut və Dəməşqdə konsul işləyib, 1918-ci ildə isə alman nümayəndə heyətinin tərkibində Cənubi Qafqaza göndərilib. O, Gürcüstan-Almaniya müqaviləsinin hazırlanmasında da mühüm rol oynayıb.
Zaur Əliyevin sözlərinə görə, 1918-ci ilin yayında Gəncədə, keçmiş Yelizavetpol qubernatorunun iqamətgahında Şulenburq Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyski və daxili işlər naziri Behbud xan Cavanşirlə görüşüb. Almaniya ilə sıx əlaqələri olan Behbud xan Cavanşir yeni yaranmış Azərbaycan Cümhuriyyətində daxili təhlükəsizlik sisteminin formalaşdırılması, bolşevik və erməni casus şəbəkələrinə qarşı mübarizə məqsədilə bəzi alman zabitlərinin təcrübəsindən yararlanırdı. Şulenburq bu əməkdaşlığın təşkilində mühüm rol oynayırdı.
Tarixçi bildirib ki, Şulenburq xatirələrində Fətəli xan Xoyskini mürəkkəb şəraitdə soyuqqanlılığını qoruyan ciddi dövlət xadimi, Behbud xan Cavanşiri isə Avropa təfəkkürlü, praqmatik və yüksək təşkilatçılıq bacarığına malik mühəndis kimi xarakterizə edib. Onun qənaətincə, Almaniya anlayırdı ki, Qafqazda əsas hərbi və iqtisadi potensial, xüsusilə gələcəyin neft resursları Azərbaycanda cəmləşib.
Zaur Əliyev qeyd edib ki, Almaniya Baş Qərargahının kəşfiyyat məlumatlarında Behbud xan Cavanşirin Almaniyada gənc türklərlə, eləcə də Nuru paşa və Ənvər paşa ilə yaxın münasibətlərindən bəhs olunurdu. Şulenburq yalnız kəşfiyyat əməkdaşlarının hazırlanmasına deyil, həm də Azərbaycanın əks-kəşfiyyat sisteminin qurulmasına, bölgələrdə agentura şəbəkəsinin yaradılmasına və kadr seçiminə dəstək verirdi.
Tarixçinin sözlərinə görə, Berlin Qafqaz İslam Ordusunun bölgədə tam üstünlük qazanmasını istəmirdi. Buna görə də Şulenburq Azərbaycan hökuməti ilə birbaşa əlaqələr yaradaraq Almaniyanın da bölgədə siyasi təsirini qorumağa çalışırdı. O, Behbud xan Cavanşirin Bakı Kommunasının rəhbəri Stepan Şaumyanla əvvəlki tanışlığından istifadə etməklə Bakı ilə Gəncə arasında gizli diplomatik kanal formalaşdırmağa cəhd göstərmişdi. Məqsəd Bakı Kommunasını şəhəri almanlara təhvil verməyə və Bakı neftinin Almaniyaya çatdırılmasına razı salmaq idi.
Lakin Zaur Əliyev vurğulayıb ki, bu planlar baş tutmadı. Azərbaycan hökuməti və Nuru paşanın komandanlığı altında fəaliyyət göstərən Qafqaz İslam Ordusu qətiyyətli mövqe nümayiş etdirdi və 1918-ci il sentyabrın 15-də Bakını azad etdi. Bununla da Şulenburqun Bakı neftini bolşeviklərlə siyasi razılaşma yolu ilə əldə etmək planı iflasa uğradı.
Bununla belə, tarixçinin sözlərinə görə, Şulenburq sonrakı dövrdə də Azərbaycanın maraqlarını müəyyən dərəcədə müdafiə etməyə davam edib. O bildirib ki, 1919-cu ildə İstanbulda keçirilən Qafqaz Konfransında Almaniyanın nümayəndəsi kimi iştirak edən Şulenburq həm Gürcüstanın, həm də Azərbaycanın müstəqillik maraqlarını və Almaniyanın bu respublikalardakı iqtisadi mövqeyini müdafiə edib.
Zaur Əliyev əlavə edib ki, İkinci Dünya müharibəsi illərində də Şulenburqun adı Azərbaycanla bağlı məsələlərdə hallanır. Onun sözlərinə görə, Məhəmməd Əmin Rəsulzadənin Almaniya hökuməti ilə əlaqələri əsasən Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinin rəhbəri professor Gerhard fon Mende və Almaniyanın Moskvadakı səfiri, Xarici İşlər Nazirliyinin nümayəndəsi Fridrix-Verner fon Şulenburq vasitəsilə həyata keçirilirdi.
Tarixçi bildirib ki, Rəsulzadənin əsas məqsədi Almaniyadakı on minlərlə azərbaycanlı hərbi əsirin xilas edilməsi və Azərbaycanın gələcək müstəqilliyinin Almaniya tərəfindən tanınmasına nail olmaq idi. Bu məqsədlə o, Almaniyada “Milli Azərbaycan Komitəsi”ni yaratmış və rəsmi Berlinlə danışıqlar aparmışdı. Lakin Adolf Hitler “komitələr” deyil, yalnız məhdud səlahiyyətlərə malik “milli komissiyalar” modelinə üstünlük verirdi.
Zaur Əliyevin sözlərinə görə, Rəsulzadə alman rəsmiləri, o cümlədən Şulenburqun rəhbərlik etdiyi qrupun nümayəndələri ilə görüşlərdə prinsipial mövqe nümayiş etdirərək bildirib ki, azərbaycanlı əsirlərdən yaradılacaq legionlar yalnız Almaniya Azərbaycanın gələcək müstəqilliyini rəsmən tanıyacağı təqdirdə döyüşə cəlb oluna bilər. Şulenburq isə bu tələbi haqlı hesab edir və Hitlerə təqdim etdiyi hesabatlarda Şərq xalqlarının dəstəyinin real müstəqillik vədləri olmadan qazanılmasının mümkünsüzlüyünü vurğulayırdı.
Tarixçi qeyd edib ki, nə Rəsulzadənin, nə də Şulenburqun bu təklifləri Hitler tərəfindən qəbul edilmədi. Çünki nasist rəhbərliyinin əsas məqsədi Qafqaz xalqlarına müstəqillik vermək deyil, Bakı neftini Almaniyanın birbaşa nəzarətinə keçirmək idi. Nəticədə Rəsulzadə Almaniyanı tərk etdi, Şulenburq isə sonradan Almaniya Xarici İşlər Nazirliyində Hitlerə qarşı fəaliyyət göstərən gizli qruplaşmanın üzvlərindən birinə çevrildi.









