Təkbaşına düşmənə müqavimət göstərən qəhrəmanın döyüş yolu
Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşı olan Nofəl Quliyev bir müddət Rusiyanın Tümen şəhərində çalışsa da, Azərbaycanda ermənilərin törətdiyi qətliamlar barədə xəbərləri eşitdikdən sonra Vətənə qayıtmaq qərarı verib.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Nofəl Quliyev Vətən uğrunda göstərdiyi misilsiz şücaəti ilə Qarabağ müharibəsinin rəmz şəxsiyyətlərindən biri kimi tarixə düşüb.
Onun sözlərinə görə, yaxınları və dostları ona müharibəyə getməməyi, həyatını riskə atmamağı tövsiyə etsələr də, Nofəl Quliyev “Orada qan tökülür, bacı-qardaşlarımız şəhid olur.
“Mənim yerim bura yox, Qarabağdır. Mən getməliyəm, vəssalam!” deyərək Azərbaycana dönmüşdü”, – deyə tarixçi qeyd edib.
Zaur Əliyevin sözlərinə görə, Nofəl Quliyev cəbhəyə gəldiyi ilk günlərdən ən ağır döyüşlərdə iştirak edib və döyüş yoldaşlarının xatirələrində cəsarəti, çevik qərarları və taktiki bacarığı ilə seçilən qəhrəman kimi qalıb.
Tarixçi bildirib ki, döyüş yoldaşlarının hamısı onun haqqında eyni fikri səsləndirirdi: “O, qorxu nə olduğunu bilməzdi. İrəli getmək üçün yollar arayır, düşmənin həssas nöqtələrini seçə bilirdi.”
Onun sözlərinə görə, erməni tərəfinin illər sonra belə ehtiyat və qorxu ilə xatırladığı Nofəl Quliyev çoxsaylı döyüş yoldaşının və mülki şəxsin həyatını xilas edib.
Zaur Əliyev xatırladıb ki, 1991-ci il iyunun 15-də erməni silahlı birləşmələri güclü canlı qüvvə və hərbi texnika ilə Goranboy rayonunun Todan kəndinə hücum edərək yaşayış məntəqəsini ələ keçirməyə çalışıblar. Həmin vaxt kənddə yüzlərlə dinc sakinin təhlükəsiz əraziyə çıxarılması həyati əhəmiyyət daşıyırdı.
Tarixçinin sözlərinə görə, Nofəl Quliyev əməliyyatın sonunadək mövqeyini tərk etməyərək kənd sakinlərinin təxliyəsini təmin edib, yüzlərlə ailənin, xəstənin və yaşlının ölüm təhlükəsindən xilas olunmasına kömək göstərib.
“Nofəl Quliyev pulemyotun arxasına keçərək döyüş yoldaşlarına ‘Siz dinc əhalini götürüb kənddən çıxarın, mən bura cavabdehəm. Erməni bura yalnız mənim meyitimin üzərindən keçə bilər’ deyə müraciət etmişdi”, – deyə Zaur Əliyev bildirib.
O qeyd edib ki, Milli Qəhrəman döyüş zamanı mövqeyini davamlı dəyişərək müxtəlif istiqamətlərdən atəş açıb və bununla da düşməndə qarşılarında tək bir döyüşçü deyil, bütöv bir hərbi bölmə olduğu təəssüratı yaradıb. Bu taktika erməni qüvvələrinin irəliləməsini ləngidib və mülki əhalinin təhlükəsiz şəkildə kənddən çıxarılmasına imkan verib.
Tarixçi əlavə edib ki, Nofəl Quliyev döyüş zamanı yaralanan silahdaşlarının xilas olması üçün də atəşi öz üzərinə çəkərək onların geri çəkilməsinə şərait yaradıb.
Zaur Əliyevin sözlərinə görə, müxtəlif mənbələrdə Nofəl Quliyevin son döyüşü ilə bağlı fərqli məlumatlar yer alır. Bəzi qeydlərdə onun əsir düşməmək üçün son gülləsini özünə atdığı iddia edilsə də, bu məlumat təsdiqini tapmayıb. Digər mənbələrdə isə onun gizləndiyi mövqedən çıxaraq özünü qumbara ilə düşmənin arasına atdığı, başqa versiyalarda isə son gülləsinə qədər döyüşərək minaatan mərmisinin qəlpələrindən şəhid olduğu bildirilir.
Tarixçi vurğulayıb ki, hadisələrin hansı formada baş verməsindən asılı olmayaraq dəyişməyən əsas həqiqət Nofəl Quliyevin son ana qədər döyüşməsi və düşmənə sağ təslim olmamasıdır.
Onun sözlərinə görə, döyüş başa çatdıqdan sonra erməni silahlıları uzun müddət Nofəl Quliyevin nəşinə yaxınlaşmağa cəsarət etməyiblər. Onlar onun hələ də sağ olduğunu və yaxınlaşan kimi qumbaranı işə sala biləcəyini ehtimal ediblər.
Zaur Əliyev qeyd edib ki, bəzi mənbələrdə erməni ratsiya danışıqlarında “Bizi eyni anda həm sağdan, həm soldan, həm də təpədən vururlar, mühasirəyə düşürük” ifadələrinin yer aldığı göstərilir ki, bu da Nofəl Quliyevin tətbiq etdiyi taktiki manevrin düşməndə yaratdığı çaşqınlığın göstəricisi kimi qiymətləndirilir.
Tarixçi bildirib ki, döyüşdən sonra silahdaşları onun nəşini taparkən silahını son nəfəsində belə sinəsinə sıx vəziyyətdə görüblər. Bu da qəhrəmanın silahını düşmənə təslim etməmək əzmini nümayiş etdirən simvolik məqamlardan biri hesab olunur.
Zaur Əliyev xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Quliyev Nofəl Zahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. O, Şirvan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Əlihüseyn Salam










