media-6960ae106384e675b3d77fdebbfe2169

Mingəçevirdə 1987-ci ildə azərbaycanlı uşaqlara qarşı törədildiyi iddia olunan hadisənin araşdırılması həmin dövrün səhiyyə sistemi və sonrakı illərdə baş verən proseslərlə bağlı bir sıra suallar doğurur.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Tovuz rayonunda uzun illər Adamova soyadı ilə gizləndiyi və yüzlərlə insana zülm etdiyi iddia olunan Tamara Adamyanla bağlı məlumatlar fonunda Azərbaycanda fəaliyyət göstərmiş digər erməni tibb işçiləri barədə də araşdırmalar aparılmalıdır.

Zaur Əliyevin sözlərinə görə, belə şəxslər arasında Mingəçevirdə uzun müddət sahə tibb bacısı kimi çalışdığı bildirilən “Anahid” adlı qadının adı da çəkilir. Onun kimliyi və soyadı ilə bağlı məlumatların dəqiqləşdirilməsinə ehtiyac var.

“1987-ci ildə Mingəçevirdə baş verən hadisənin sovet dövründə xəstəxana daxilində ‘bədbəxt hadisə’ kimi rəsmiləşdirildiyi bildirilir. Bu səbəbdən ‘Anahid’ adlı tibb bacısı barəsində ayrıca mütəşəkkil cinayət işi açılmadığı və açıq hüquq-mühafizə arxivlərində onunla bağlı məlumatın olmadığı iddia edilir”, – deyə Zaur Əliyev qeyd edib.

Tarixçi bildirib ki, sözügedən tibb işçisinin hadisədən qısa müddət sonra şəhəri tərk edərək Ermənistana getdiyi barədə məlumatlar mövcuddur. Lakin bu məlumatların arxiv sənədləri və digər etibarlı mənbələrlə təsdiqlənməsinə ehtiyac olduğu vurğulanır.

Zaur Əliyev qeyd edib ki, “Anahid” adı sonrakı illərdə Azərbaycan ərazilərində əsir və girov götürülmüş azərbaycanlı uşaqlar və mülki şəxslər üzərində qeyri-insani tibbi təcrübələr aparıldığına dair müxtəlif iddialarda da hallanır.

“Bizim üçün ən mühüm məsələlərdən biri 1987-ci ildə Mingəçevirdə sahə tibb bacısı kimi fəaliyyət göstərdiyi bildirilən bu qadının şəxsiyyətinin müəyyənləşdirilməsidir. Onun soyadı, işlədiyi poliklinika, xidmət etdiyi ərazi və həmin dövrdə tərtib etdiyi tibbi sənədlər müəyyən edilməlidir”, – deyə Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, sahə tibb bacısının vəzifələrindən biri xidmət göstərdiyi ərazidə ailələrə baş çəkmək, uşaqların tibbi müayinəsi və peyvəndlərlə bağlı valideynləri məlumatlandırmaq idi. Bu isə belə bir şəxsin ailələrə və uşaqların tibbi məlumatlarına çıxış imkanlarının araşdırılmasını vacib edir.

“Bəzi ailələrin sonrakı xatirələrində azyaşlı uşaqlara naməlum iynələr vurulduğu, bundan sonra uşaqlarda ağır sağlamlıq problemlərinin yarandığı barədə iddialar səslənir. Hüseynovlar ailəsinin övladı Zakirin də belə hadisələrdən birinin qurbanı olduğu bildirilir. Əlisa və Zənifə Hüseynovaların övladı ilə bağlı bu məlumatların ayrıca tibbi və arxiv sənədləri əsasında araşdırılması lazımdır”, – Zaur Əliyev deyib.

Tarixçi əlavə edib ki, sosial şəbəkələrdə “80-dən çox uşağı öldürdüm, qisasımı aldım” məzmununda etirafın Ermənistanda səsləndirildiyi barədə məlumatlar yayılır. Onun sözlərinə görə, rəqəmlərin şişirdilməsi və ya məlumatların sonradan dəyişdirilməsi ehtimalı nəzərə alınmalı, konkret faktlar isə yalnız sənədlərlə müəyyənləşdirilməlidir.

Zaur Əliyev hesab edir ki, uşaqlara qəsdən zərərli və ya yanlış dozada preparat vurulması, tibbi alətlərin lazımi qaydada sterilizasiya edilməməsi və bunun nəticəsində ağır xəstəliklərin yaranması barədə iddialar varsa, həmin məlumatlar müasir ekspertiza və arxiv araşdırmaları ilə yoxlanılmalıdır.

“Burada söhbət son dərəcə ciddi ittihamlardan gedir. Ona görə də hər bir faktın – uşağın adı, doğum tarixi, tibbi kartı, peyvənd qeydiyyatı, müalicə sənədləri, həkim və tibb bacısının həmin tarixdə iş yeri – ayrıca yoxlanılması vacibdir”, – deyə Zaur Əliyev vurğulayıb.

Onun sözlərinə görə, 1988–1989-cu illərdə Mingəçevir və ətraf rayonlarda çalışan bəzi erməni tibb işçilərinin şəhəri tərk etməsindən əvvəl tibbi sənədlərin itməsi və ya məhv edilməsi barədə də iddialar mövcuddur. Bu iddiaların təsdiqlənməsi üçün poliklinikaların, xəstəxanaların, yerli sovet və səhiyyə idarələrinin arxivləri araşdırılmalıdır.

“Əgər ambulator kartlar, peyvənd qeydiyyatı və digər tibbi sənədlərin qəsdən məhv edilməsi müəyyən olunarsa, bu, həmin hadisələrin araşdırılması baxımından çox mühüm sübut ola bilər. Hazırda isə bunu təsdiqlənmiş fakt kimi deyil, araşdırılmalı iddia kimi qiymətləndirmək lazımdır”, – Zaur Əliyev bildirib.

Tarixçi həmçinin vurğulayıb ki, “Anahid” adlı tibb bacısının Ermənistana getdikdən sonra azərbaycanlı uşaqlara zərər verdiyini etiraf etməsi və qəhrəman kimi qarşılanması barədə sosial mediada yayılan məlumatların da ilkin mənbələri müəyyənləşdirilməlidir.

Zaur Əliyevin fikrincə, Tamara Adamyanla bağlı iddialar və Mingəçevirdə adı çəkilən “Anahid” məsələsi də daxil olmaqla, həmin dövrdə azərbaycanlı mülki şəxslərə və uşaqlara qarşı törədildiyi iddia olunan cinayətlərin vahid araşdırma çərçivəsində sənədləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

“Əsas məqsəd emosional ittihamlar irəli sürmək deyil, arxiv sənədləri, şahid ifadələri və tibbi məlumatlar əsasında həqiqəti ortaya çıxarmaqdır. Xüsusilə uşaqlarla bağlı iddialar varsa, onların hər biri ayrıca araşdırılmalı və yalnız təsdiqlənmiş faktlar ictimaiyyətə təqdim edilməlidir”, – deyə Zaur Əliyev əlavə edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər