Balıqçılıqda məhsul subsidiyası tətbiq olunacaq
Akvakultura təsərrüfatlarının istehsal gücünün artırılması və özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması məqsədilə balıq növləri üzrə məhsul subsidiyası tətbiq ediləcək.
ERAmedia xəbər verir ki, ölkədə istehsal olunan qızılbalıqkimilər və nərəkimilər üzrə məhsul subsidiyası 2000 manat/ton, çəkikimilər və naxakimilər üzrə isə 600 manat/ton təşkil edəcək. Subsidiya EKTİS-də qeydiyyatdan keçmiş təsərrüfatların məhsulu tədarükçülərə rəsmi satış sənədləri ilə təhvil verildiyi halda ödəniləcək.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib. Qərara görə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib. Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.










