media-whatsapp-image-2026-07-16-at-12-41-56

Tarix boyu Osmanlı imperiyasının ən qüdrətli dəniz sərkərdələrindən biri hesab edilən Barbaros Xeyrəddin Paşanın şəxsiyyəti və onun məşhur sancağında yer alan rəmzlər ətrafında müxtəlif iddialar səsləndirilib.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, bu iddiaların əksəriyyəti tarixi mənbələrə deyil, sonradan formalaşmış yanlış təsəvvürlərə əsaslanır.

Zaur Əliyevin sözlərinə görə, Trafalqar döyüşünün qəhrəmanı, İngiltərə donanmasının əfsanəvi admiralı Horatio Nelsonun “Əgər Barbaros sağ olsaydı, dənizçiliyin sirlərini ondan öyrənmək üçün onun gəmisində köməkçisi olmağa belə razı olardım” fikri Osmanlı admiralının dünya dənizçilik tarixində qazandığı nüfuzun ən parlaq göstəricilərindən biridir.

Tarixçi qeyd edib ki, Avropada “Barbarossa” adı ilə tanınan Xeyrəddin Paşa İslam tarixində Əlcəzairdə məscidləri top atəşinə tutan ispan artilleriya başçısını əsir götürərək cəzalandırması ilə də tanınır.

Onun sözlərinə görə, əsl adı Xızır olan məşhur dənizçiyə Osmanlı dövlətinə göstərdiyi böyük xidmətlərə görə Sultan Süleyman Qanuni tərəfindən “dinin xeyirlisi” mənasını verən “Xeyrəddin” adı verilib.

Zaur Əliyev bildirib ki, “Barbaros” ləqəbi italyanca “Barba Rossa” – “Qırmızı saqqal” ifadəsindən yaranıb. Bu ad əvvəlcə qırmızı saqqalına görə böyük qardaşı Oruc Rəisə verilib, onun şəhid olmasından sonra isə Xızır Rəis bu adla tanınıb və Qərb mənbələrində Barbarossa kimi məşhurlaşıb.

Tarixçinin sözlərinə görə, Xeyrəddin Paşa yalnız böyük hərbi sərkərdə deyil, həm də yüksək savad sahibi idi. O, ərəb, latın, ispan, italyan və fransız dillərini mükəmməl bilirdi. Ömrünün son illərində Sultan Süleymanın xahişi ilə öz xatirələrini diktə etdirərək “Qəzavat-ı Xeyrəddin Paşa” adlı tarixi əsəri gələcək nəsillərə miras qoyub.

Zaur Əliyev vurğulayıb ki, İstanbulun Beşiktaş Dənizçilik Muzeyində qorunan Barbaros Xeyrəddin Paşanın sancağı ətrafında uzun illər müxtəlif miflər formalaşdırılıb. Onun fikrincə, bayraqdakı altıguşəli ulduzun masonluq və ya yəhudiliklə əlaqələndirilməsi tarixi faktlarla uzlaşmır.

Tarixçi bildirib ki, Magen Davidin yəhudiliyin rəsmi simvoluna çevrilməsi yalnız XIV əsrdə baş verib. Halbuki altıguşəli ulduz qədim türk mədəniyyətində Allahı, dörd ünsürü və insanı ifadə edən rəmzlərdən biri kimi qəbul olunurdu. Bu işarəyə Səlcuqluların, Artukoğullarının və Elxanilərin memarlıq nümunələrində də geniş rast gəlinir. Dənizçilər isə onun küləyə hökm etmə gücünü simvolizə etdiyinə inanırdılar. Buna görə də Barbaros bu rəmzdən öz sancağında istifadə edib.

Zaur Əliyevin sözlərinə görə, bayrağın yuxarı hissəsində Qurani-Kərimin 48-ci surəsi olan “Fəth” surəsinin ilk dörd ayəsi yazılıb və burada ilahi yardım, qələbə və möminlərə verilən müjdə ifadə olunur.

Tarixçi əlavə edib ki, sancağın mərkəzində yerləşən Həzrət Əlinin ikihaçalı qılıncı – Zülfüqar ədalət uğrunda mübarizənin rəmzi kimi təsvir olunub.

Onun sözlərinə görə, qılıncın dörd tərəfində yerləşən hilalların daxilində Həzrət Əbubəkr, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əlinin adları yazılıb ki, bu da dörd istiqamətdən gələn təhlükələrə qarşı mənəvi himayəni simvolizə edir.

Zaur Əliyev bildirib ki, sancaqdakı ağ əl təsviri isə “Pənceyi-Ali-Əba” rəmzidir və Həzrət Məhəmməd (s), Həzrət Fatimə, Həzrət Əli, Həzrət Həsən və Həzrət Hüseyni ifadə edir. Bu rəmz Yeniçəri qoşunlarının döyüş bayraqlarında da istifadə olunub.

Tarixçi sonda vurğulayıb ki, Barbaros Xeyrəddin Paşanın sancağında yer alan bütün rəmzlər Türk-İslam mədəniyyəti və dini ənənələri ilə bağlıdır, onların yəhudilik, xristianlıq və ya masonluqla əlaqələndirilməsi tarixi baxımdan əsaslı deyil.


media-adspc

Bənzər xəbərlər