media-2021-08-18_171706

Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova İslam dinində qadının yeri, çoxarvadlılıq məsələsi və bu mövzuda tarixi reallıqların nəzərə alınmasının vacibliyi barədə fikirlərini bölüşüb.

ERAmedia xəbər verir ki, Adilə Nəzərovanın sözlərinə görə, müasir dövrdə insanlar rahat həyat şəraitindən baxaraq keçmişi mühakimə edir, lakin VII əsrin Ərəbistanının sosial və tarixi reallıqları nəzərə alınmadan həmin dövrün hadisələrini düzgün qiymətləndirmək mümkün deyil.

Onun sözlərinə görə, İslamdan əvvəl Ərəbistanda qadınların hüquqları demək olar ki, yox idi. Qadın miras ala bilmir, əksinə, özü miras predmeti hesab olunur, qız uşaqlarının diri-diri torpağa basdırılması kimi ağır adətlər hökm sürürdü. Adilə Nəzərova bildirib ki, İslam bu mühitdə qadına mülkiyyət və miras hüququ verməklə yanaşı, onu cəmiyyətin fəal üzvünə çevirdi.

Filologiya üzrə fəlsəfə doktoru qeyd edib ki, İslamdan sonrakı dövrdə qadınlar ticarətlə məşğul olur, ictimai həyatda iştirak edir, məscidlərdə öz hüquqlarını müdafiə edirdilər. O, “Əhzab” surəsinin 32-ci ayəsinə istinad edərək vurğulayıb ki, həmin ayə qadınların cəmiyyətdən təcrid olunmasını deyil, onların ictimai münasibətlərdə əxlaqi çərçivəyə riayət etməsini tövsiyə edir.

Adilə Nəzərovanın fikrincə, çoxarvadlılıq məsələsini də dövrün sosial reallıqları fonunda qiymətləndirmək lazımdır. O bildirib ki, həmin dövrdə ardıcıl müharibələr nəticəsində çoxlu sayda qadın dul, uşaqlar isə atasız qalırdı. Dövlətin sosial təminat mexanizmlərinin olmadığı şəraitdə evlilik həmin qadınların və yetimlərin qorunmasının əsas vasitələrindən biri idi.

O qeyd edib ki, Peyğəmbərin (s) və imamların evləndiyi qadınların böyük hissəsi müharibələrdə həyat yoldaşlarını itirmiş, himayəyə ehtiyacı olan dul qadınlar idi. Bu evliliklər şəxsi maraqdan deyil, sosial məsuliyyət və mərhəmət prinsipindən irəli gəlirdi.

Filologiya üzrə fəlsəfə doktoru “Qadınlarınız sizin tarlanızdır…” ifadəsinin yer aldığı “Bəqərə” surəsinin 223-cü ayəsinə də toxunaraq bildirib ki, bu ayə məcazi məna daşıyır. Onun sözlərinə görə, səhra şəraitində yaşayan insanlar üçün “tarla” həyatın, bərəkətin və gələcəyin simvolu idi. Bu baxımdan ayədə qadının alçaldılması deyil, onun ailənin, nəslin və gələcəyin qorunmasındakı müqəddəs missiyasının vurğulandığı ifadə olunur.

Adilə Nəzərova tarixdən nümunə kimi Həzrət Əlinin (ə) Həzrət Fatimənin (s.ə) vəfatından sonra Ümmül-Bəninlə evliliyini xatırladıb. O bildirib ki, Həzrət Əli (ə) qardaşı Əqildən igid nəsildən olan bir xanım tapmasını istəmiş və bu evlilikdən dünyaya gələn Həzrət Abbas sonradan Kərbəla hadisəsində göstərdiyi şücaətlə tarixə adını yazdırmışdır.

Onun fikrincə, bu fakt göstərir ki, həmin dövrün evliliklərini yalnız müasir dövrün meyarları ilə qiymətləndirmək düzgün deyil. Belə ailələr təkcə şəxsi münasibətlər deyil, həm də cəmiyyətin, nəslin və gələcəyin qorunmasına xidmət edən sosial institut funksiyası daşıyırdı.

Sonda Adilə Nəzərova vurğulayıb ki, Qurani-Kərimdəki hökmlər endiyi dövrün sosial problemlərinə və insanların ehtiyaclarına cavab verən ilahi prinsiplər əsasında formalaşıb. Onun sözlərinə görə, bu gün İslamın qadına verdiyi dəyəri görmək üçün həmin dövrün tarixi və ictimai reallıqlarını nəzərə almaq vacibdir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər