media-17672109512322647781_1200x630

Hər il olduğu kimi bu dəfə – “Konstitusiya və Suverenlik İli”nin son dəqiqələrində də Azərbaycan Prezidenti xalqa müraciət etdi, hər iki bayramlarla bağlı təbriklərini çatdırdı. İl qədim gündoğar təqviminə görə at üstə, çağdaş, rəsmi adlandırma ilə “Şəhərsalma və Memarlıq İli” olaraq qürurla, muradla və urbanik məzmunla gəlir. Əgər at ulu çöl irsimizi, axınlarımızı, fəth və cahangirliyimizi andırırsa, ilin rəsmi adı şəhərsalma mədəniyyətimizi və özəlliklə işğaldan qurtulmuş ərazilərimizdə tikinti-quruculuq, bərpa əzmimizi ifadə edir, nişan verir.

Budur, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi ritorikasında formalaşmış üslubun növbəti dəfə şahidi olduq. Bu üslub qələbəni emosiyadan daha dərin və üstün – sistemli dövlət ağlına çevirən liderlik məktəbinin növbəti örnəyidir. Bu müraciət, necə deyərlər, yalnız hesabat sayıla bilməz – Prezidentin bayram nitqi geosiyasi ismarıcların kodlandığı, ünvanların dəqiq seçildiyi strateji mətn-mahiyyətə malikdir.

Müraciətdə Türk dünyasına yönəlik xətt ayrıca və qabarıqdır. Bəli, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı Zirvəsi diplomatik hadisədən üstün, mədəni-siyasi ailənin özünüdərki kimi tanıdıldı. Yenə Türk dünyası, yenə ailə vurğusu – möhtəşəmdir! Belə vurğular dostların könlünü şad edərkən, dost ola bilməyənləri kədərə boğur.
Gəlin buradakı əsas vurğuları sıralamağa çalışaq:
-Azərbaycan Türk dünyasının strateji mərkəzlərindən biridir;
-Zəfərimiz həm də ümumtürk siyasi düşüncəsinin çağdaş modeli olmağa layiqdir;
-Həm Orta Asiya Məşvərət Şurasına (Güney Qafqaz ölkəsi olaraq!) üzvlük, həm də Türk Dövlətləri platformlarında fəallıq tarixi-mədəni yaxınlığın siyasi institusionallaşmasıdır.
Bu, bir açıq ismarıcdır: Türk dünyası emosional romantizm mərhələsindən çıxıb, koordinasiyalı güc mərhələsinə keçir – və Azərbaycan prosesin önündədir.

Müraciətin ən önəmli alt qatlarından biri Rusiya və postsovet məkanı üçün səslənən sakit, amma sərt dərinliyi olan ismarıcdır. Bəli:
-ATƏT Minsk Qrupunun “tarixin arxivinə göndərilməsi” faktı, əslində, köhnə vasitəçilik mexanizmlərinin legitimliyinin itirilməsi deməkdir;
-“Biz yeni müharibəyə hazırlaşmırıq” cümləsi, klassik pasifist çağırışdan üstün – caydırıcı gücün açıqlamasıdır;
-Ermənistanla sülhün paraflanması isə Rusiyaya və bölgədəki digər güclərə açıq ismarıcdır: onun qəbul forması artıq qarşı tərəfin məsuliyyətidir… Yəni burada Bakının mövqeyi qətidir: Güney Qafqazın gələcəyi qıraqdan dizayn edilmir və o kiminsə “arxa bağça”sı olmayacaq.

Təqvim ilinin son müraciətində daha hansı ismarıclar var? Bizcə:
-Azərbaycan qalibiyyətini savaş meydanında olduğu kimi, diplomatiyada, beynəlxalq hüquq platformlarında da təsdiqləyib;
-BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə istinad, güc üstəgəl hüquq sintezinin nümayişidir;
-D-8 üzvlüyü Azərbaycanın İslam dünyasında da güvənli, çağdaş aktor kimi qəbul edildiyini göstərir.

Bu, bir prinsipial çağırışdır: Azərbaycanla diktə ilə danışmaq keçməz, gərək münasibət qarşılıqlı anlaşma və tərəfdaşlıq üzərində qurulsun.

Təsadüfi deyil ki, işğaldan azad edilmiş Xankəndidə ECO Zirvəsinin keçirilməsi müraciətin ən güclü simvolik qatlarından birini təşkil edir. – Bu addım Qarabağı keçmiş “münaqişə bölgəsi” kimi tanınmaqdan çıxarır, beynəlxalq diplomatiya məkanı kimi təqdim edir – Xankəndinə yaraşan da budur; “Böyük Qayıdış” proqramını emosional şüardan gerçək dövlət siyasətinə çevirir – Zəfərimizə yaraşan da budur;
Dünyaya göstərir ki, Azərbaycan dağıntı, mina yerləri üzərində intiqam toxumları səpilmir, quruculuq, mədəniyyət inşa edir. – Əcdadımızın ruhuna, gələcək nəsillərə yaraşan da budur!

Bax, 70 min insanın geri dönüşü – buna, artıq statistika deyib keçmək olmaz, bu, tarixi dönüş nöqtəsi, daha doğrusu, nidasıdır.

Bəli, Azərbaycan qalibiyyətlə yetinmir, onu sistemləşdirir; ədalətli sülh çağırışı yenilməzliyin, gücün təzahürüdür; dövlət–xalq birliyi isə geosiyasi resurs olaraq qəbulu haqq edir.

Ötən ilin son müraciətində Azərbaycan öz taleyinin müəllifi kimi danışır. Heç kimə hesabat vermirik, amma hamıya aydın ismarıc göndəririk. Deməli, bu, savaşsonrası dönəmin siyasi manifesti, Zəfərdən sonra formalaşan yeni siyasi mərhələnin ideoloji xəritəsidir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI


media-adspc

Bənzər xəbərlər