media-avropa-niye-daha-boyuk-savasa-hazrlanr

Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində olduğuna dair ciddi siqnallar yoxdur. ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Moskva ilə apardığı təmasların da indiyədək konkret nəticə vermədiyi bildirilir.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Trampın nümayəndələri ilə görüşlərdə də Moskvanın əsas tələblərini dəyişməz saxlayır: “Donbası almayana qədər müharibə dayandırılmayacaq”. Onun sözlərinə görə, Rusiyanın Donbasın tamamını işğal etməsi hazırkı şərtlər daxilində asan görünmür və Moskva cəbhədə verdiyi itkilərin yerini doldurmaqda da çətinliklərlə üzləşir.

Şahinoğlu hesab edir ki, bununla yanaşı, müharibənin coğrafiyasının genişlənməsi ehtimalı ilə bağlı müzakirələrin artması da diqqət çəkir. Rusiyanın Ukrayna ilə yanaşı NATO ölkələrindən birinə raket və ya dron hücumu həyata keçirməsi müharibənin daha geniş məkana yayılması riskini yarada bilər.

“Avropa ölkələrində əsas müzakirə mövzularından biri də Rusiyanın nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlıdır. Finlandiya Prezidenti Aleksandr Stubb bir müddət əvvəl bildirmişdi ki, Çin Rusiyanın nüvə silahından istifadəsinin qarşısını almağa dair mövqe ortaya qoyub. Stubbun sözlərinə görə, Çin xarici işlər naziri Van Yi ilə görüşdə bu məsələni qaldırıb və Çin tərəfi Rusiyanın nüvə silahından istifadəsinə heç vaxt icazə verməyəcəyini bildirib”, – deyə siyasi şərhçi qeyd edib.

Elxan Şahinoğlu vurğulayıb ki, Finlandiya Prezidentinin bu açıqlamasına baxmayaraq, Pekinin mövqeyinə arxayınlaşmaq düzgün olmaz: “Çinin Rusiyanın nüvə silahından istifadə etməyəcəyinə dair açıqlamasını müəyyən mənada siyasi mesaj kimi qəbul etmək olar. Ancaq bu, real zəmanət demək deyil. Çin Kremlin qərarlarına təsir göstərmək imkanına malik olsa da, Rusiyanın bütün addımlarına nəzarət edə biləcək vəziyyətdə deyil”.

Şahinoğlunun sözlərinə görə, Moskva Avropa ölkələrində daim gərginlik və qeyri-müəyyənlik yaratmaqla öz məqsədlərinə nail olmağa çalışır.

“Rusiya istəyir ki, avropalılar daim düşünmək məcburiyyətində qalsınlar: müharibə genişlənəcəkmi, Moskva nüvə silahından istifadə edəcəkmi, NATO ölkələrindən hər hansı birinə və ya Avropaya birbaşa hücum olacaqmı? Beləliklə, Kremlin yaratdığı qeyri-müəyyənlik özü də Rusiyanın istifadə etdiyi təzyiq alətinə çevrilir”, – deyə siyasi şərhçi bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi dövründə dronların Avropa ölkələrinin hava məkanına daxil olması ilə bağlı müxtəlif hallar baş verib. Onun fikrincə, bu kimi insidentlər Avropa ölkələrinin təhlükəsizlik narahatlıqlarını artırır.

“Rusiya tərəfindən həyata keçirilən və ya Rusiyanın məsuliyyəti ilə bağlı müzakirə olunan belə insidentlər NATO ölkələrinin reaksiyasını, alyansın hazırlıq səviyyəsini və siyasi iradəsini də test edir. Moskvanın məqsədlərindən biri də Qərbdə qorxu və qeyri-müəyyənlik yaratmaq ola bilər”, – Şahinoğlu deyib.

Siyasi şərhçi Belarus və Çinin də Kremlin mümkün eskalasiya qərarlarından müəyyən narahatlıq keçirdiyini, lakin bu ölkələrin Moskvanın qərarlarına həlledici təsir göstərmək imkanlarının məhdud olduğunu bildirib.

“Bu baxımdan Çin xarici işlər nazirinin Finlandiya Prezidentinə Rusiyanın nüvə silahından istifadə etməyəcəyi barədə verdiyi mesajla rahatlaşmaq olmaz. Avropa ölkələri təhlükəsizlik məsələlərində öz hazırlıqlarını və çəkindirmə imkanlarını gücləndirməli, eyni zamanda Rusiyanın mümkün addımlarına emosional deyil, təmkinli və koordinasiyalı şəkildə cavab verməlidirlər”, – deyə Elxan Şahinoğlu vurğulayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər