Sirli təşrif - Afaq Məsud yazır...
May ayının əvvəlləri idi… Ramiz Rövşənlə mən Mərkəzdə oturub çay içə-içə bədii sözün təsir gücündən, klassik ədəbiyyatın əbədiliyindən danışır, adda-budda nümunələri yada sala-sala “əbədilik şkalası” na düşə biləcək müəllifləri götür-qoy edirdik ki, söhbət necəsə qəfildən, gizli narazılıqlar və qarşıdurmalar dolu ciddi ədəbiyyat müstəvisinə keçdi…
Mən az qisim əsərləri çıxmaq şərti ilə ədəbiyyatın, artıq əvvəlki təsir gücünə malik olmadığını, bir vaxtlar ağrılarının həqiqiliyi ilə ürəklər dağlayan “Hərb və sülh”, “Anna Karenina”, “Qırmızı və qara”, “Ovod”, “Madam Bovari” və sair bu kimi dünya ədəbiyyatı şedevrlərinin belə, istifadə müddəti başa çatmış köhnə qida məhsullarıtək keyfiyyətini və əhəmiyyətini itirdiyini deyib, tutarlı misallar gətirir, Ramiz məni bu “yanlış” mövqedən daşındırmağa, klassik ədəbiyyatın əbədi və dəyişməz dəyərinə inandırmağa çalışırdısa da, yadına saldığım bəzi nümunələrə rəğmən axır ki, razılaşmalı olurdu. Beləcə, biz bir ucdan sevib-sevmədiyimiz yazıçıları götür-qoy edə-edə, “istifadə müddəti başa çatmış ədəbiyyatlar” siyahısını genişləndirməyə başlamışdıq ki, necəsə birdən-birə hər ikimiz ali və müqəddəs olan nəyisə əlimizdən salıb sındırmış kimi, mövzu ətrafında ehtiyatla dolaşmağa, sanki kimə, ya kimlərəsə çıxardığımız ölüm hökmünə bəraət qazandırmağa çalışırmış kimi, məsələni yumşaq improvizələr və pauzalarla o üz-bu üzə çevirməyə başladıq… Bu əsnada mən “amma bax, Çexovu mən bu siyahıya salmazdım”, dedim və Ramizin bu sözümdən tutulduğunu, xırda, qonur gözlərinin gərilib yığıldığını sezib, söhbəti dəyişmək istədimsə, o, “məncə, elə o da həmin qəbildəndi,” – deyib mənalı-mənalı üzümə gülümsündü.
Ortaya pərt sükut çökdü. Mən yaddaşımı gərib, təcili şəkildə Çexovun əsərlərini – bir vaxtlar oxuyub kövrəldiyim “Albalı bağı”nı, “Üç bacı”nı, “Qağayı”nı… xoşbəxtliyi, bədbəxtliyi, yalanı və həqiqəti darıxdırıcı həyatlarının alt qatında axtaran sinirsiz qəhrəmanlarını, onların romantik dərdlər və mətləblər dolu cansıxıcı söhbətlərini, hətta bir vaxtlar oxuyub sarsıldığım “6 nömrəli palata”nın ağıllı dəlilərini belə yadıma salıb, ürəyimdə sevimli yazıçımla vidalaşa-vidalaşa:
– Hə, – dedim, – məncə də.
***
Söhbətin sabahı günü, adətim üzrə gəzintiyə çıxdığım səhər saatlarında qulaqcıqlarımı taxıb, audiomətnini dünəndən bəri yarıda saxladığım “Karamazov qardaşları”nın 6-cı fəslini dinləməkdən ötrü telefonumu açarkən, ekrana dərin suların dibindən qalxantək, çıxan Çexovun ağ-qara portretindən, şəkilin altındakı mətnin qara, yağlı şriftlə yazılmış “Çornıy monax” (Qara rahib) başlığından donub qaldım… Çexovun yaradıcılığına yaxından bələd olduğumu sansam da, heç bir vaxt heç yerdə adına belə rast gəlmədiyim bu əsərin, hansı səbəbdan qarşıma çıxarıldığından duyuq düşüb, heyrətdən nəfəsim tutul-tutula-tutula Ramizlə dünənki söhbəti , “istifadə müddəti başa çatmış ədəbiyyatlar” siyahısının Çexovla bitən kədərli sonluğunu xatırladıqca, başımın, hansısa əlçatmaz yüksəkliklərə qalxmıştək, hərlənməyə, gözlərimin qaralmağa başladığını hiss edib ayaq saxladım.
Bir müddət beləcə, yolun ortasında dayanıb dura-dura, bu sirli mesajın haradan, kimdən, necə göndərilə biləcəyi barədə düşünüb özüm üçün nələrisə müəyyən edib aydınlaşdırmağa çalışdımsa da, beynimin həyəcandan, ya qorxudan tutulub donduğunu hiss edib bu lüzumsuz “tədqiqatımdan” vaz keçdim… çox keçmədən, toparlanıb axır ki, mətni açdım və unudulmaz İnnokentiy Smoktunovskinin ifasında səsləndirilən bu Çexov şedevrini dinləyə-dinləyə yola düzəldim…









