Sovet senzurasının qəzəbinə tuş gələn film necə dünya şöhrəti qazandı?
İkinci Dünya Müharibəsinin ağır izlərini daşıyan filmlər arasında Stanislav Rostotskinin “Sakit üfüqlər” ekran əsəri xüsusi yer tutur.
ERAmedia xəbər verir ki, filmin təsir gücünü artıran əsas məqamlardan biri rejissorun özünün müharibə iştirakçısı olması idi.
Rostotski müharibənin insan taleyinə vurduğu zərbələri yaxından görmüşdü. Bu səbəbdən onun ekran əsərində döyüş səhnələri ilə yanaşı, müharibənin əlindən aldığı həyatların və gələcək arzularının qarşılaşdırılması mühüm yer tuturdu.
Filmin hazırlanması isə heç də asan başa gəlməyib. Sovet senzurası ekran əsərinin bəzi səhnələrinə ciddi etiraz edib və xüsusilə qadın obrazlarının təqdim olunduğu hamam epizodunun tamamilə çıxarılmasını tələb edib.
Rejissor isə bu tələbə qarşı çıxaraq səhnənin məntiqini müharibəyə etiraz üzərində qurduğunu bildirib. Onun fikrincə, ekranda gənc və gözəl qadınların göstərilməsi onların həyat, sevgi və ailə qurmaq haqqını vurğulamaq məqsədi daşıyırdı. Bu baxış müharibənin gənc insanların həyatını yarımçıq qoymasına qarşı bir etiraz kimi təqdim olunurdu.
Nəticədə senzuranın tələbləri tam şəkildə həyata keçirilməyib. Hamam səhnəsindən yalnız bir neçə qısa fraqment filmdə saxlanılıb.
Ekran əsərinin nümayişinə də dərhal imkan verilməyib və film müəyyən müddət sovet senzurasının maneələri ilə üzləşib. Lakin ekranlara çıxdıqdan sonra “Sakit üfüqlər” böyük tamaşaçı marağı qazanıb.
Filmin uğuru yalnız SSRİ ilə məhdudlaşmayıb. Ekran əsəri beynəlxalq səviyyədə də diqqət çəkib və iki dəfə “Oskar” mükafatına namizəd göstərilib.
Beləliklə, müharibənin içindən çıxmış rejissorun şəxsi təcrübəsi ilə ərsəyə gətirdiyi film senzuranın müdaxiləsinə baxmayaraq, zamanla müharibə mövzusunda çəkilmiş yaddaqalan ekran əsərlərindən birinə çevrilib.
Vüsalə










