media-94970070_0_0_1600_901_1920x0_80_0_0_2b3005dcac5b1ce54ab6518386dadffc-jpg

Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev İsrailin Türkiyə ilə bağlı “erməni soyqırımı” iddiaları fonunda Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın Azərbaycana qarşı törədilmiş ağır cinayətlərdəki rolunun beynəlxalq ictimaiyyət tərəfindən diqqətdən kənarda saxlanıldığını bildirib.

ERAmedia xəbər verir ki, Zaur Əliyev qeyd edib ki, İsrail Türkiyəni “erməni soyqırımı” məsələsində ittiham etdiyi halda, Xocalı və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlara münasibətdə susqun mövqe nümayiş etdirir. Tarixçinin sözlərinə görə, İsrail hökuməti və Knesset Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın fəaliyyəti ilə bağlı heç bir hüquqi və ya siyasi qiymətləndirmə vermir.

Zaur Əliyev xatırladıb ki, 2000-ci ilin dekabrında britaniyalı jurnalist Tomas de Vaalın Serj Sərkisyanla müsahibəsində səslənən fikirlər uzun illərdir geniş müzakirə olunur. Onun sözlərinə görə, həmin müsahibədə Sərkisyan Xocalı hadisələri ilə bağlı azərbaycanlıların “ermənilərin mülki əhaliyə əl qaldırmayacağı” barədə düşüncələrinin dəyişdirildiyini bildirib, minlərlə insanın ölümü ilə bağlı peşmanlıq hiss etmədiyini ifadə edib.

Tarixçi vurğulayıb ki, Serj Sərkisyan 1954-cü ildə Xankəndidə anadan olub, Qarabağ münaqişəsinin ilk illərindən separatçı silahlı dəstələrin rəhbərlərindən biri kimi fəaliyyət göstərib və sonradan Ermənistanın müdafiə naziri, daha sonra isə prezidenti olub. Onun fikrincə, Sərkisyan Xocalı faciəsi də daxil olmaqla azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır cinayətlərə görə siyasi və komandanlıq məsuliyyəti daşıyan əsas fiqurlardan biridir.

Zaur Əliyevin sözlərinə görə, 1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü ilə Livan, İraq və Suriyadan gətirilmiş silahlı şəxslər Qarabağda Ermənistan tərəfdən döyüşlərə cəlb olunublar.

Tarixçi qeyd edib ki, Livanda anadan olmuş erməni yazıçı Kardaş Onniqin “Vəhşi Qəşəng: Qafqazın Axmaq Salnaməsi” kitabında Qarabağ müharibəsi dövründə erməni silahlılarının azərbaycanlı mülki əhaliyə qarşı törətdikləri zorakılıqlar, talanlar və digər cinayətlər barədə çoxsaylı faktlar yer alıb. O bildirib ki, müəllif Şuşanın işğalından sonra şəhərin sistemli şəkildə qarət edildiyini, azərbaycanlılara qarşı qeyri-insani münasibətin nümayiş etdirildiyini yazır.

Zaur Əliyev Xocalı faciəsi zamanı əsir götürülmüş şəxslərin ifadələrinə də diqqət çəkərək bildirib ki, hadisələrin canlı şahidlərinin xatirələri həmin dövrdə mülki əhaliyə qarşı zorakılıqların miqyasını göstərən mühüm mənbələrdəndir.

Tarixçi əlavə edib ki, Qaradağlı, Ballıqaya və Ağdaban faciələri də Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hücumlar nəticəsində baş verib. Onun sözlərinə görə, Sərkisyanın hərbi rəhbərlik etdiyi dövrdə Azərbaycanın bir sıra yaşayış məntəqələrinin işğalı zamanı dinc əhali qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, əsir və girovlara qarşı işgəncə halları qeydə alınıb.

Zaur Əliyev vurğulayıb ki, beynəlxalq humanitar hüquqa əsasən, hərbi əməliyyatlara rəhbərlik edən şəxslər tabeliklərində olan silahlı qüvvələrin törətdiyi müharibə cinayətlərinə görə komandanlıq məsuliyyəti daşıyırlar. Onun fikrincə, Xocalı faciəsi və Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş digər ağır cinayətlərlə bağlı məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməsi vacibdir.


media-adspc

Bənzər xəbərlər