... xoşrəftar insan, dürüst və əxlaqlı adam idi Mahmud müəllim
Yadigar Cəfərli yazır…
Bir neçə həftə əvvəl Bakı Qızlar Universitetinin bağlanması xəbərini oxuyanda nədənsə elə hey Mahmud müəllimi xatırlamağa başladım. Yəqin ona görə ki, nə vaxtsa burada Mahmud müəllim də dərs deyirdi. Onda məvaciblər az, dolanışıq çətin olduğundan, universitet müəllimlərinin çoxu bir neçə yerdə çalışmaq məcburiyyətində qalmışdılar.
O, Jurnalistika fakültəsində bizə Nəşriyyat işindən dərs deyərdi. Tələbələrə kitabçılıq işini öyrədərdi. Öyrədərdi deyəndə ki, 90-cı illərin amansız dəyişikliklər dövründə belə fənləri də, onları tədris edən müəllimləri də artıq köhnəlmiş saydığımızdan Mahmud müəllimin dərslərinə çox elə həvəs göstərməzdik.
İnsafən o özü də tələbələrdən naşirlik elminə vaqif olmağı gözləməzdi, onlara qarşı bir o qədər tələbkar deyildi. Eləcə proqram üzrə dərsini ahəstəcə deyib gedərdi başqa yerlərdəki dərslərinə.
Bizə dərs keçəndə Mahmud müəllimin sinni 70-ə yaxınlaşırdı. Məncə, yaşından irəli gələrək onda tədricən yaddaş problemi yaranmağa başlamışdı. Hərdən bir neçə dərs əvvəl dediklərindən bəzilərini bir neçə dərs sonra yenidən təkrar söyləyərdi və biz də çox üstünü vurmazdıq.
Çünki özünəməxsus dəyərləri olan xoşrəftar insan, dürüst və əxlaqlı adam idi Mahmud müəllim. Həm bakalavr, həm də magistratura pilləsində diplom rəhbərim olmuşdu. Tələbələrə jurnalist həmkar kimi yanaşardı. Üstəlik, çox güclü publisist qələmi vardı. Sovet jurnalistikasının aparıcı janrlarından olan, bizim vaxtımızdasa demək olar, sıradan çıxmış oçerkin Azərbaycandakı sonuncu ustalarından sayıla bilərdi. Amma o dövrün siyasiləşmiş jurnalistikasının belələrinə daha ehtiyacı qalmamışdı. Mahmud müəllimsə hətta 90-cı illərin tən ortasında da BDU-nun bir çox müəllimlərindən fərqli olaraq özünü siyasətdən qripdən qorunurmuş kimi bərk-bərk qoruyurdu.
Şairliyi də vardı. “İkiliklər” adlandırdığı iki misralıq ibrətamiz şeirlər, qısa satirik mətnlər, aforizmlər yazırdı. 1989-cu ildə “Sözün qısası: aforizm, atmaca və ikiliklər” adlı nazik kitabı da işıq üzü görmüşdü. Əfsus ki, kitabı tapa bilmədiyimdən indi oradan heç nə çıxarıb yaza bilmirəm. Səhv eləmirəmsə, Zamin Mahmudov imzası ilə tanınan və əsasən qədim qalalarımız haqqında poemalar yazan şair qardaşı da vardı. Deyirdi, Azərbaycanda elə bir qala yoxdur ki, ora Zaminin ayağı dəyməmiş olsun.
Uşaqlıq illərimizin populyar yazıçısı Əlibala Hacızadə ilə dostluq edirdilər. Onun əsərlərini çox sevirdi. Düşəndə hansısa obrazlarından şövqlə danışıb nümunə gətirirdi və o vaxt artıq Markes, Herman Hesse, Kafka havasına köklənmiş bizlərə bu, bir az da gülməli gəlirdi.
Keçdiyi dərsləri hərdən unutsa da, keçmiş olduğu kimi yadında idi. Arada ötən zamanlardan maraqlı şeylər danışardı.
Məsələn, xatırlayırdı ki, 70-ci illərdə binamızın önündə yeni bina tikirdilər. Qış vaxtı isti otağımda, qarşımda pürrəngi çay pəncərədən inşaatçılara baxırdım, görürdüm kəskin şaxtada-sazaqda işə davam edirlər. Bir gün qərara gəldim ki, onlardan yaxşı bir oçerk yazım. Yazıb qəzetdə çap etdirdim də. Oçerkdə belə bir epizod var idi ki, guya qəfil kranın trosu qırılır, beton plitələr tappatarap yerə tökülür, iş icraçısı cəld tərpənib həyatını təhlükəyə ataraq aşağıdakı gənc fəhləni xilas edir.
İki gündən sonra tikintinin yanından keçəndə qəzetin bir nüsxəsini portfelimdən çıxarıb baş mühəndisə təqdim elədim. Soruşdu, bu yazını yazan Mahmud Mahmudov sizsinizmi? Təşəxxüslə cavab verdim ki, bəli, mənəm. Dedi, Allah evini yıxmasın, o yazıya görə mənə baş idarədən yağlı bir töhmət gupadılar ki, niyə tikinti sahəsində təhlükəsizlik qaydalarına ciddi nəzarət eləməmisən, axırda kranın trosu qırılıb?!
Hiss olunurdu ki, keçmişin xiffətini çəkir Mahmud müəllim. Oçerk janrının sıradan çıxmasına üzülürdü. Qəzet yazılarında lüzumsuz yerə kənardan götürülmüş nəsə bir əndrabadi kəlmə, anlaşılmaz bir termin görən kimi söylənirdi. Dərhal “Əzizim gül üşüdü, Şeh düşdü gül üşüdü, Güldün ağlım apardın, Bu necə gülüş idi?” bayatısını yada salıb deyirdi ki, belə zəngin dili olan xalq da heç kənardan bu cür sözlər götürərmi?!
Yeniliklərə həddən artıq ehtiyatla yanaşırdı. Tələbələr öz aramızda zarafatla deyirdik ki, Mahmud müəllim kompüterində “Next” düyməsini hələ vurmayıb.
Əslində, o, kompüterdən də çox uzaq idi. Yazılarını makinada yazırdı. Hərdən də onun iş otağını təsəvvürümə gətirməyə çalışırdım. Nədənsə mənə belə gəlirdi ki, yazı masasındakı makinanın üzərində mütləq qırmızı məxmər örtük var. Bu cür məxmər örtükləri köhnə kənd evlərində televizorların, maqnitofonların üzərində görmüşdüm.
Filmlərdə, teatr tamaşalarında, komanda oyunlarında olduğu kimi həyatda da çox az adamlara əsas, çoxluğasa epizodik rol düşür. Başlıca simaları adbaad sadalayandan sonra qalanların üzərindən “…və başqaları” ifadəsi ilə keçirlər. Bu ifadə, adətən, həyatdan, sənətdən, məşğul olduğu işdən elə bir umacağı, ciddi bir iddiası olmayan insanları bir araya gətirir.
Mahmud müəllim də məşhur “altmışıncılar nəsli”nin ədəbiyyatdakı, elmdəki məşhur adlarından sonra gələn “…və başqaları” sırasında görünməz olmuş son dərəcə iddiasız bir adam idi. O qədər iddiasız ki, deyirdi akademik Məmməd Arif Dadaşzadənin elmi rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə edəndə utanırdım, indi Məmməd Arif də alim sayılacaq, mən də. Bəlkə elə bu hissə görə daha elmlər doktoru, professor adına can atmamışdı ki, buracığaz bəsimdir.
Di gəl ki, onun iddiasızlığında bir xoşbəxtlik, könül rahatlığı da vardı.
Müasir həyatın saxta parıltıları insanı iddialarının dalınca qaçmağa sövq edir. Bu marafon qaçışında çoxunun nəfəsi çatmır, təntiyib yarı yola qalır. Mahmud müəllimsə içində makina vərəqləri olan sarı qovluğu ilə 50 ilə yaxın BDU-nun Jurnalistika fakültəsində sakitcə dərsini dedi, makinasında ikiliklərini, aforizmlərini, atmacalarını, oçerklərini yazdı, 88 yaşa kimi yaşadı.
Adicə bir diplom işində tələbənin onun hansısa elmi məqaləsinə istinad etməsindən sevindi. Çox az adamın tanıdığı aztirajlı bir qəzetdə yazısının çıxmasından xoşbəxt olmağı bacardı.
Yeri gəlmişkən, Universiteti bitirəndən təxminən 10 il sonra Mahmud müəllimin belə qəzetlərin birində təsadüfən rastıma çıxmış geniş portret-oçerkini diqqətlə oxuyub hər abzasında müəllifin publisist qələminin gücünə heyran qaldıqca, unudulmaz müəllimimi ürəyimdə xeyli qınamışdım ki, bizə bu cür şeyləri öyrətməkdənsə, o nə dərslər idi keçirdin, Mahmud müəllim?!
Belə anım yazılarını, adətən, insanların ya doğum, ya vəfat günlərində yazırlar.
Mənsə bunu ona görə yazdım ki, biləsiniz nə vaxtsa bax bu nişanda gözəl bir müəllimimiz olmuşdu.
Allah ruhunu şad eləsin!










