media-69afd7c081a5569afd7c081a56177313171269afd7c081a5369afd7c081a54

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklər son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

Məsələ ilə bağlı Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında dəyişikliklərin mahiyyəti və hüquqi nəticələri barədə fikirlərini bölüşüb.

Sabiq deputat bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişiklikləri bir neçə istiqamət üzrə qruplaşdırmaq mümkündür. Onun sözlərinə görə, birinci istiqamət Konstitusiyanın Preambula hissəsi və 1-ci maddəsində edilən dəyişikliklərlə bağlıdır.

Q.Əlibəylinin sözlərinə görə, bu dəyişikliklərə əsasən Konstitusiyadan Moskva (1921) və Qars (1921) beynəlxalq müqavilələrinə istinadlar, həmçinin muxtar respublikanın müxtəlif dövrlərdə necə adlandırılması ilə bağlı müddəalar çıxarılır. O qeyd edib ki, məhz bu hissə cəmiyyətdə daha çox müzakirə olunur və bəziləri tərəfindən Naxçıvanın muxtariyyətinin ləğvi kimi qiymətləndirilir.

Qulamhüseyn Əlibəyli bildirib ki, həmin müqavilələr imzalanmazdan əvvəl bölgədə son dərəcə mürəkkəb hərbi-siyasi və beynəlxalq vəziyyət mövcud olub. Onun sözlərinə görə, 1918–1920-ci illərdə Naxçıvan vilayəti əvvəlcə İrəvan quberniyasının tərkibində qəza statusu ilə Azərbaycan Xalq Cümhuriyyəti daxilində olub, daha sonra müxtəlif dövrlərdə qısa müddət ərzində Türkiyə, Böyük Britaniya, ABŞ və daşnak Ermənistanının nəzarətində qalıb.
Sabiq deputat vurğulayıb ki, buna baxmayaraq Naxçıvan əhalisi Azərbaycanla bir yerdə olmaq istədiyini bəyan edib və bu barədə Xalq Cümhuriyyəti hökumətinə müraciət edib.

Onun sözlərinə görə, hökumətin qərarı ilə bölgədə general-qubernatorluq yaradılıb.

Q.Əlibəyli qeyd edib ki, həmin dövrdə Ermənistanın daşnak hökuməti Zəngəzur və Naxçıvan vilayətlərinə iddia irəli sürür, sovet Rusiyası isə bu iddiaları dəstəkləyirdi. Onun sözlərinə görə, RSFSR ilə əvvəlcə daşnak Ermənistanı, daha sonra isə sovet Ermənistanı arasında bağlanan bəzi müqavilələrdə bu ərazilər Ermənistanın tərkibi kimi göstərilirdi.

“Lakin Naxçıvan əhalisinin qəhrəmancasına mübarizəsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Türkiyənin israrı nəticəsində Naxçıvan Azərbaycanın tərkibində qaldı”, – deyə o bildirib.

Sabiq deputat əlavə edib ki, 1921-ci ilin əvvəllərində keçirilən rəy sorğusunda Naxçıvan bölgəsi əhalisinin 90 faizindən çoxu Azərbaycanın tərkibində qalmağa səs verib. Onun sözlərinə görə, Moskva və Qars müqavilələri imzalanarkən Naxçıvan artıq Azərbaycanın tərkibində ayrıca ərazi statusuna malik idi və həmin sənədlərdə də bu status bir daha təsdiqlənərək ərazi sərhədləri dəqiqləşdirilmişdi.

Q.Əlibəyli bildirib ki, sovet dövründə Naxçıvanın Ermənistana verilməsi məsələsi bir neçə dəfə gündəmə gətirilsə də Azərbaycanın qəti mövqeyi nəticəsində bu plan həyata keçməyib. Bununla belə, muxtar respublikanın bəzi ərazilərinin müxtəlif dövrlərdə Ermənistana verildiyini də qeyd edib.

Sabiq deputat xatırladıb ki, Azərbaycan Konstitusiyasına (1995) əsasən, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlət statusuna malikdir. Onun sözlərinə görə, bu, siyasi muxtariyyətin ən yüksək formalarından biri hesab olunur və Azərbaycan dövləti tərəfindən təmin olunur.

“Bu baxımdan Moskva və Qars müqavilələrinə istinadın Naxçıvan MR Konstitusiyasından çıxarılması məsələnin mahiyyətini dəyişdirmir və Naxçıvanın muxtariyyətinin ləğvi kimi qiymətləndirilə bilməz”, – deyə o vurğulayıb.

Q.Əlibəyli həmçinin bildirib ki, beynəlxalq müqavilələr milli qanunvericiliyin tərkib hissəsi olsa da, dövlət Konstitusiyasından üstün hüquqi qüvvəyə malik ola bilməz. Onun sözlərinə görə, Konstitusiya mətnində beynəlxalq müqavilələrə istinadların saxlanılması müasir qanunvericilik texnikasına da tam uyğun hesab edilmir.

Sabiq deputat qeyd edib ki, dəyişikliklərin ikinci istiqaməti hakimiyyətin təşkili ilə bağlıdır. Onun sözlərinə görə, yeni dəyişikliklərə əsasən Naxçıvan MR-nın ali vəzifəli şəxsi statusu ləğv edilir.

Q.Əlibəyli xatırladıb ki, indiyədək Naxçıvan MR Ali Məclisinin sədri həm qanunvericilik, həm də icra hakimiyyəti sahəsində geniş səlahiyyətlərə malik idi və muxtar respublikanın ali vəzifəli şəxsi hesab olunurdu. Onun fikrincə, bu model hakimiyyət bölgüsü prinsipinə tam uyğun gəlmirdi.

Sabiq deputatın sözlərinə görə, Konstitusiya dəyişiklikləri ilə Naxçıvanda icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin mövcudluğu da Konstitusiya səviyyəsində təsbit edilir. Bu isə artıq fəaliyyət göstərən nümayəndəliyin statusunun dəqiqləşdirilməsi deməkdir.
Bundan əlavə, Azərbaycan Konstitusiyasında mövcud olub, lakin Naxçıvan MR Konstitusiyasında əksini tapmayan bəzi müddəaların da yeni redaksiyaya daxil edildiyini qeyd edən Əlibəyli, bunlara müharibə şəraitində seçkilərin keçirilməsinin mümkün olmadığı hallarda Ali Məclisin səlahiyyət müddətinin uzadılması, Ali Məclisin buraxılması kimi məsələlərin aid olduğunu bildirib.

Qulamhüseyn Əlibəylinin fikrincə, ümumilikdə bu dəyişikliklər Naxçıvanın idarəetmə sistemində Azərbaycanın mərkəzi hakimiyyətinin rolunu, xüsusilə Prezident institutunun rolunu gücləndirir.

“Başqa sözlə, Naxçıvanın muxtariyyət statusu və onun təminatları saxlanılmaqla səlahiyyət dairəsi müəyyən qədər məhdudlaşdırılır və muxtar respublikanın idarəetmə mexanizmləri Azərbaycanın mərkəzi hakimiyyət sisteminə daha çox inteqrasiya olunur. Bu isə unitar dövlət və siyasi muxtariyyətin müasir modelinə uyğun hesab edilə bilər”, – deyə sabiq deputat bildirib.


media-adspc

Bənzər xəbərlər